Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Döyülən jurnalistin işində şok yeniliklər

Fərahim İlqaroğlunun işində şok yeniliklər
Jurnalisti döyən Feyruz Termişinin ailəsi və Siyəzən məscidinin axundu əməkdaşımızın evinə gələrək övladlarının bağışlanmasını istəyib, “Anası dedi ki, oğlum bu adamların təsiri altında olub, belə iş görüb”; Məmmədovlar üzr istəsə, jurnalist onları bağışlayacaqmı?
“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunun işində əhəmiyyətli yeniliklər var. Jurnalisti aprelin 25-də yaşadığı evin qabağında döyən Feyruz Termişinin ailəsi onların evinə üzrxahlığa gəlib. F.İlqaroğlunun verdiyi məlumata görə, Termişinin anası ilə söhbət olub.


“Əvvəlcə Feyruzun anası və xalaları gəlmişdi. Məndən onu bağışlamağı xahiş etdilər. Onlara döyülmə kadrlarını göstərdim və dedim ki, buna baxıb, vicdanlı qərar verin. Onlar bizimlə birlikdə videoya baxdılar. Anası dedi ki, bu kadrları ilk dəfədir görür.

Söylədi ki, Feyruzun məni belə döydüyünü bilmirdi. Rayonda onlara məsələni belə təqdim ediblər ki, guya mən Feyruzu davaya çağırmışam və gəlib, birinci onu vurmuşam. Anasına deyiblər ki, sonra Feyruz qisas almaq məqsədilə dostlarını yığıb gəlib məni evin qabağında döyüb," - deyə jurnalist qeyd etdi.

Onun sözlərinə görə, F.Termişinin ailəsi videoya baxandan sonra övladlarının günahkar olduğunu etiraf ediblər, ondan üzr istəyiblər:

“Anası mənə dedi ki, kasıb ailəyik, evdə işləyən tək Feyruzdur. Bakıda olduğu üçün onunla yetərincə maraqlana bilməyiblər. Anasına deyirmiş ki, təhlükəsizlik xidmətində işləyir. Mən də ona Tural Bayramovun şəklini göstərdim. Ancaq onu tanımadı. Dedi ki, oğlu ona məşhur boksçunun yanında işlədiyini söyləyib. Anası dedi ki, ayda 300-350 manat maaş alırdı, arabir də pul mükafatı verirdilər”.

F.İlqaroğlu bildirdi ki, Termişinin ailəsinin ondan bir xahişi olub:

“Anası mənə dedi ki, rayonda Feyruzu sakit, tərbiyəli adam kimi tanıyıblar, uzun müddət idmanla məşğul olub. Onun bu hərəkəti rayonda hamını şoka salıb, ondan belə iş gözləmirdilər. Söylədi ki, oğlum bu adamların təsiri altında olub, belə iş görüb. Məndən dəfələrlə xahiş etdi ki, əgər sifarişçilər həbs olunsa, oğlumuzu bağışla, ailənin yeganə gəlir gətirən adamıdır, ümidimizi ona bağlamışıq.

Mən onların diqqətinə çatdırdım ki, iş gedir, zamanında istintaqa müdaxilələr olub, Feyruzun ifadəsi bir neçə dəfə dəyişdirilib. Əgər dəyişdirilən ifadəsinə etiraz edib, bunu dilə gətirsə və digər şəxslər həbs edilsə, məhkəmədə onun bağışlanması barədə fikirləşəcəyəm. Ancaq hələlik belə bir fikrim yoxdur. Onlar da çıxıb getdilər".
Jurnalist qeyd etdi ki, Termişinin anası ikinci dəfə Siyəzən rayon məscidinin axundu ilə evlərinə təşrif buyurub: “Feyruz Siyəzən sakinidir. Anası və axund valideynlərimlə görüşdülər. Axund hadisədən təəssüfləndiyini bildirib. Ailəmə deyiblər ki, Feyruzu bağışlamaqla bağlı məsələni Fərahimin öhdəsinə buraxırıq”.

F.İlqaroğlu Məmmədovlar ondan üzr istəyəcəyi halda hansı addım atacağına da münasibətini bildirdi: “Bu hadisədən sonra hər hansı təmasımız olmayıb. Onların adı bu hadisədə hallanandan sonra gözləyirdim ki, görüş olacaq. Çünki Elton Məmmədov oğlunun günahkar olmadığını deyirdi. Ancaq sübuta yetirildi ki, sifariş onun oğlu Aynardan gəlib. Amma indiki halda üzr istəsələr nə qərar verəcəyim barədə heç nə fikirləşməmişəm. Nə Məmmədovlar tərəfindən, nə də onlara yaxın ətrafdan mənim səhhətimlə maraqlanıblar”.

Qeyd edək ki, F.İlqaroğlu aprelin 25-də yaşadığı binanın qarşısında döyülüb. Onu döyən Feyruz Termişi həbs edilsə də, bu əmri verən kikboksinq üzrə idmançı Tural Bayramov cəmi 20 sutkalıq inzibati həbslə canını qurtarıb.

T.Bayramov istintaqa çağırılmayıb, ifadəsi alınmayıb. T.Bayramovun ifadəsi işin bütün tərəflərinin açılmasına kifayətdir. Çünki bu hadisənin sifarişini deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdur.

Müxbirimizin həyatına sui-qəsdi təşkil edən Aynar Məmmədov nəqliyyat naziri olan əmisi Ziya Məmmədov tərəfindən istintaqdan qorunur. Ona görə də “Yeni Müsavat” və musavat.com kollektivi Z.Məmmədovun rəhbəri olduğu Nəqliyyat Nazirliyi yaxınlığında piket keçirməyə qərar verib. Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Meriya piketə icazə verməyib. Qəzet əssasız cavaba görə mer Hacıbala Abutalıbovu məhkəməyə verməyi planlaşdırır. Eyni zamanda yenidən BŞİH-ə aksiya ilə bağlı müraciət etməyi və gələn həftə etirazlara başlamağı qərarlaşdırıb./musavat/
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber