Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Qarabağ qazisi imkansızlıqdan müalicə oluna bilmir

Uzun illər çalışdığı zavoddan da yardım vədi verilsə də, direktor vədinə əməl etmir

Redaksiyamıza müraciət edən Sumqayıt şəhərində yaşayan, I qrup Qarabağ qazisi Malik Məcidov müalicəsinə yardım məqsədilə “Azərboru” ASC-nin direktoru Həsən Muradova dörd ay öncə ərizə ilə müraciət etdiyini bildirir. H.Muradov maddi yardıma söz versə də vədinə əməl etməyib.

Onu da qeyd edək ki, M.Məcidov uzun müddət Sumqayıt Boru Prokat Zavodunda çalışıb. Elə torpaqlarımız uğrunda döyüşə də həmin zavoddan gedib.

Redaksiyamızla əlaqə saxlayan M.Məcidov bildirdi ki, “Azərboru” ASC-nin direktoru zavodda olsa da onu qəbul etməyib. Daha doğrusu, Qarabağ qazisi Malik Məcidovu aldadıb. Onun müalicəsinə yardım edəcəyini bildirsə də son anda yardımdan imtina edib. Direktorin müavini Oktay Rəfiyev onu qəbul etsə də, bütün məsələlərin direktor H.Muradovdan asılı olduğunu bildirib.

Xatırladaq ki, M.Məcidov Daşaltı qırğınında 28 güllə və qəlpə yaraları alaraq sağ qalan 3 nəfərdən biridir. Onu silahdaşları və sumqayıtlılar həm də “Ölüb-Dirilən” adam kimi tanıyırlar. “Ölüb-Dirilən” M.Məcidovu gətirərək morqa yerləşdiriblər. 3 gündən sonra morqda yaxınlarını axtaranlar onda həyat əlamətləri aşkarlayıb. Onu morqdan çıxararaq ağır vəziyyətdə hospitala yerləşdiriblər.

M.Məcidov Iran Islam Respublikasında onun müalicəsinin mümkün olduğunu bildirir. Müalicə üçün 3000 manat tələb olunub. 20 ildən çoxdur ki, o, bədəninin müxtəlif yerlərində qəlpələr gəzdirir. Imkansızlıq ucbatından nə müalicə olunmaq, nə də ki, bədənindəki qəlpələrdən azad ola bilmir.

M.Məcidov bildirir ki, “4 aydır ”Azərboru" zavoduna get-gəldəyəm. Zavodun direktoru H.Muradov Iranda müalicəmə kömək edəcəyini bildirsə də, mən zavoda gedəndə gizlənərək sözündən qaçır. Hər dəfə Sabir adlı mühafizə rəisi bildirir ki, Həsən müəllim zavodda yoxdur. Burada olsa belə, onda pul haradandır?"

Zavod rəhbərliyində çalışan mənbəmizin dediyinə görə, hazırda zavodun öz işçilərinə külli miqdarda borcu var. Məlumatda bildirilir ki, istehsaldan əldə olunan qazanc mənimsənilir. Nəticədə zavodda çalışan fəhlələrin əmək haqqları ödənilmir.

Xatırladaq ki, Sumqayıt IH başçısı E.Əzizov M.Məcidovun haqlı tələblərini yerinə yetirməkdən imtina etdiyi zaman M.Məcidov intihara əl atmışdı. Xoş təsadüf nəticəsində sağ qalan M.Məcidovu E.Əzizov Sumqayıt Ruhi Əsəb Dispanserinə (Dəlixana) saldırmışdı. Zavallı Qarabağ Qazisinin Ruhi Əsəb Dispanserində müalicəyə ehtiyacı olmasa da o, zorən “müalicə”yə məcbur edilərək 15 gün dəlixanada saxlanmışdı./azadlıq/
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber