Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

DEVAMM-dan orduda oruc qadağasına reaksiya

Müdafiə Nazirliyi orduda oruc tutulması ilə bağlı məhdudiyyət qoyulması xəbərlərinə aydınlıq gətirib. Nazirlikdən bildiriblər ki, hərbi xidmətin spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki, psixioloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi qulluqçular arasında maarifləndirici işin həyata keçirilməsi üçün ictimaiyyət nümayəndələri, valideynlər cəlb edilirlər.

DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) bununla bağlı bəyanat qəbul etmişdir. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Müdafiə Nazirliyinin açıqlaması dərin təəssüf və narahatlıq yaradır. Faktiki olaraq, Nazirliyin orucla bağlı açıqlaması, qadağanı legitimləşdirməyin bir formasıdır. Yəni, biz qadağan etmirik, amma orucun məqsədəuyğun olmaması barədə geniş maarifləndirici iş təşkil edirik. Bu yanaşma heç cür qəbul edilə bilinməz. Nəzərə çatdırırıq ki, dini etiqad azadlığı Azərbaycan qanunvericiliyi ilə təsbit edilir və dini ayinlərin icrasının məhdudlaşdırılması qanunla qadağan edilir. Konstitysiyanın 71-ci maddəsinin II hissəsində bildirilir:
“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”.
Əsas Qanunun 71-ci maddəsinin V hissəsində isə deyilir: “Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz”.
Eyni zamanda, Konstitusiyanın 48-ci maddəsinin II hissəsində deyilir: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.
Acınacaqlıdır ki, bir çox sahələrdə hüquq və azadlıqların təmini ilə bağlı vəziyyət ağır olaraq qalır. Bu baxımdan, Müdafiə Nazirliyinin açıqlaması insan haqlarının pozulma faktının faktiki təsdiqi olaraq, vəziyyəti daha da ağırlaşdırır.
Məsələnin digər tərəfi də var. Orucun səhhəti möhkəmlədən, orqanizmə müsbət təsir edən amil olmasını İslamdan tam uzaq olan alimlər də dəfələrlə isbat etmişlər. Belə olan halda, Müdafiə Nazirliyi orucun hansı zərərləri barədə maarifləndirmə aparacaqdır?
Ən başlıcası – orucun iradənin möhkəmləndirilməsində, insanın mənəvi durumuna müsbət təsirində fövqəladə rolu vardır. Bu faktorlar, hamıdan çox məhz gənc hərbçilərə lazımdır. Düşmənlə üz-üzə duran əsgərdən daha çox kimin ehtiyacı var daha dözümlü, daha qətiyyətli, daha əzmkar olmağa?
Və sonda namaz qılan, oruc tutan Milli Qəhrəmanımız Mübariz İbrahimovun irsindən faydalanmağın, əsgərlərimizə milli-mənəvi dəyərləri aşılamağın mühümlüyünü məsullarının diqqətinə çatdırırıq”.
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber