Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

İŞİD terrorçularına qoşulan Ucar sakininin hekayəti

İraq Şam İslam Dövləti (İŞİD) terrorçu qruplaşması yaranandan Azərbaycandan onlara qoşulanlar olub. Onlar arasında vaxtilə Suriyaya gedərək Bəşər Əsədə qarşı döyüşənlər üstünlük təşkil edir. Ancaq İŞİD İraqı işğal edərək dağıntılar törətməyə başladıqdan sonra ölkəmizdən bu terror təşkilatının sıralarına qoşulanların sayı artıb.

Düzdür, zaman-zaman ölkəni tərk edərək İŞİD-ə qoşulmaq istəyən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Amma Azərbaycanda hazırda İŞİD-ə qoşulmaq istəyənlərin axınının qarşısını almaq tam mümkün olmayıb. Azərbaycanda ailəsini atıb, İŞİD-ə görə İraqa döyüşməyə gedənlərdən biri də Ucar sakini Hüseynov Natiq İnqilab oğludur. “Yeni Müsavat” İraqa gedərək İŞİD tərəfindən vuruşan Ucar sakini haqqında bəzi məlumatları toplaya bilib. 1978-ci ildə Ucarda anadan olan Natiq Hüseynov ailəlidir və iki uşaq atasıdır. Uzun müddət idmanın boks növü ilə məşğul olub. Rayondakı işsizlik ucbatından bir müddət Rusiyada yaşayıb. Orada bir müddət işləyib. Ailəsinə də vaxtı-vaxtında pul göndərirmiş. Bir müddət sonra isə deportasiya olunub. Ailəsi ilə Bakıya köçməli olan N.Hüseynov burda öz qohumlarına qoşulub. O tez-tez bağlanan “Əbu-Bəkr” məscidinə gedirmiş.

Bütün nəsli şiə olan N.Hüseynov bu yoldan imtina edərək Bakıda vəhhabilərə qoşulub. Atası İnqilab bunu öyrənəndə onun rayona qayıtmasını tələb edib. Lakin Natiq atasını dinləməyib. Natiqdən polisə şikayət olunub və Ucarda polis şöbəsinə çağırılarkən deyib ki, heç kim və heç nə onu bu yoldan döndərə bilməz.

Natiqin növbəti addımı isə vəhhabi olduğuna görə onu qəbul etməyən ailəsindən uzaq durmaq və həyat yoldaşından ayrılmaq olub. Evdən qaçan Natiq Hüseynovun sorağı Suriyadan gəlib. O burda müxaliflərə qoşularaq Bəşər Əsədə qarşı döyüşüb. Suriyada olarkən Natiq tez-tez ailəsinə zəng vurub. Hətta ailəsini Suriyaya aparmaq istəyib. O ailəsi ilə hər dəfə danışanda İŞİD-in yaranacağının və hər şeyin yaxşı olacağının anonsunu da verirmiş. Natiq Suriyadakı döyüşlərdən sonra İraqa keçib. İŞİD-dən təklif alan N.Hüseynov bu təklifə müsbət cavab verib və İŞİD-in keçirdiyi böyük hərbi təlimlərə qatılıb.

İndi isə onun İraqda gedən döyüşlərdə vuruşduğu bildirilir. Ancaq nə öldüsündən, nə də ki qaldısından xəbər var. Atası İnqilab oğlunun dərdindən ağır xəstəliyə tutulub, anası isə onu bu yola çəkənlərə lənət oxuyur.

N. Hüseynov barəsində isə Ucar Rayon Polis Şöbəsində cinayət işi açılıb, axtarışa verilib.
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber