Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Miyatoviçdən Əliyevə çağırış

"Media nümayəndələrini susdurmaq praktikasına son qoyun!"

ATƏT media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda son vaxtlar daha iki blogger barəsində uzunmüddətli həbs hökmü çıxarılması ilə əlaqədar bəyanat yayaraq, baş verənlərdən ciddi şəkildə narahatlığını ifadə edib.

"Azərbaycanda söz və ifadə azadlığından istifadə etdiyinə görə həbs olunanların sayı çox sürətlə artır. Azad səsləri boğmaq media azadlığı, ifadə azadlığına dair ATƏT qarşısında götürülmüş öhdəliklərin kobudcasına pozulmasıdır", - deyə Miyatoviç bildirib.

Sosial şəbəkələrdə hökuməti tənqid edən fəal bloggerlərdən Əbdül Əbilov mayın 27-də 5 il 6 ay, Ömər Məmmədov isə iyunun 4-də 5 il azadlıqdan məhrum edilib. Onların hər ikisinə qarşı narkotiklə bağlı ittiham verilib.

Bəyanatda yada salınır ki, Əbdül Əbilov və Ömər Məmmədovla yanaşı, jurnalist Pərviz Həşimli də bir müddət əvvəl qaçaqmalçılıq, qanunsuz silah-sursat saxlama ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Həmçinin "azadxeber.org" saytının baş redaktoru Hicat Əliyev, "P.S. Hota" qəxetinin rəhbəri Sərdar Əlibəyli, blogger Rəşad Ramazanov da həbsdədir.

"Bütün bunlar təşviş doğuran hadisələrdir. Baş verənlər Azərbaycanda medianın durumuna mənfi təsir göstərməklə yanaşı, həm də özünüsenzuranın güclənməsinə gətirib çıxarır. Fikri sərbəst ifadə etmə, media azadlığı bütün dövrlərdə təmin olunmalıdır. Mən növbəti dəfə Azərbaycan hökumətini media nümayəndələrini susdurmaq praktikasına son qoymağa çağırıram", - deyə Miyatoviç vurğulayıb.

ATƏT nümayəndəsi onu da qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda azad media ilə bağlı vəziyyətin yaxşılaşması üçün hökumətə yardım etməyə hazırdır. Xanım Miyatoviç əlavə edib ki, yaxın vaxtlarda Azərbaycana səfər etmək üçün səbrsizliklə hökumət tərəfindən dəvət gözləyir./azadlıq/
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber