Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Leyla Yunusdan Baş Prokurorluq rəsmisinin açıqlamasına sərt cavab verdi

Hüquq müdafiəçisi qanunlara hörmət olunmayacağı təqdirdə, istintaqa bir daha getməyəcəyini bəyan etdi

Leyla Yunus: “Əgər görsəm ki, Prokurorluq qanuna hörmət edir, əlbəttə o zaman istintaqa gedəcəm”

Xəbər verildiyi kimi, iyulun 7-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus istintaqa çağırılmışdı. Bu dəfə də hüquq müdafiəçisi sənədlərinin Baş Prokurorluq tərəfindən qaytarılmadığını əsas gətirərək, istintaqa getməkdən imtina edib.

Mayın 29-da da buna bənzər hadisə yaşanmışdı. İstintaqa çağırılan Leyla Yunus sənədlərinin qaytarılmamasını səbəb göstərərək istintaqa getməkdən imtina etmişdi.

Leyla Yunusun iyulun 7-də istintaqa getməməsi ilə bağlı apa-nın suallarını cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov hüquq müdafiəçisinin qanunları növbəti dəfə pozduğunu bildirib: “Leyla Yunus və əri Arif Yunusov növbəti dəfə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün cari il iyulun 7-də istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Leyla Yunus Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır. Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

Bu məsələ ilə bağlı musavat.com-un suallarını cavablandıran Leyla Yunus Baş Prokurorluqdan apa-ya verilən açıqlamada səsləndirilən fikirlərlə bağlı bunları dedi: “Açıqlamada göstərilir ki, hər bir vətəndaş qanuna tabe olmalıdır. Bunlar tamamilə doğrudur. Burdan bir sual ortaya çıxır. Bəs Baş Prokurorluq və onların işçiləri hansı ölkənin vətəndaşıdırlar? İbrahim Ləmbəranski, Sənan Paşayev, Eldar Əhmədov əgər prokurorluqda işləyirlərsə, ya onlar Azərbaycan vətəndaşı deyillər, ya da qanunlarımıza tabe olmurlar. Onlar Azərbaycan qanunlarını kobud şəkildə 28 və 29 apreldə pozublar. Sənədlərimizi indiyə qədər qaytarmamaqla qanunlarımızı hazırda pozmaqda davam edirlər. Bunun üçün polisdə, məhkəmədə işləyən Azərbaycan vətəndaşları qanuna tabe olmalıdırlar. Qanunlarımıza hörmət etməlidirlər. Mən insan hüquqları sahəsində hüquq müdafiəçisi olaraq, onlardan qanuna tabe olmalarını tələb etməməliyəm. Onların özləri gərək qanuna tabe olmağı dərk etsinlər”.

Hüquq müdafiəçisi növbəti dəfə istintaqa çağırılacağı təqdirdə, gedib-getməyəcəyi ilə bağlı da sualımızı da cavablandırdı: “Mən fikirləşirəm ki, Baş Prokurorluq özü ilk növbədə qanuna riayət etməlidir. Əgər görsəm ki, Prokurorluq qanuna hörmət edir, əlbəttə o zaman istintaqa gedəcəm. Yox əgər görəcəm ki, qanuna yenə hörmət etmirlər, bilərəkdən qanunlarımızı pozurlar, o zaman mən necə onlarla danışa bilərəm?”/musavat/
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05