Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

20 min vermədi, oğlunu cani elan etdilər

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 10/3 ünvanda yaşayan məcburi köçkün Böyükağa Məhərrəmov Əliyevdən kömək istəyir. Əliyevə ünvanladığı, surətlərini Ali Məhkəmənin sədri Ramiz Rzayevə, baş prokuror Zakir Qaralova və redaksiyamıza
göndərdiyi məktubunda məcburi köçkün yazır: “30 avqust 2013-cü ildə Xətai rayonu ərazisində, “Xətai” metrostansiyası yaxınlığında cinayət hadisəsi baş verib. Mənim yetkinlik yaşına çatmayan oğlum, Knyaz Knyazlı da hadisə yerində olub. Hadisə zamanı S.Orucov küçəsi ev 15, mənzil 13-də yaşayan Ceyhun Maqsudova kürək nahiyəsindən 1 bıçaq zərbəsi vurulub. Baş verən cinayət hadisəsinə görə Xətai RPİ-nin 37-ci polis bölməsində CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanıb. Hadisədən 3 gün keçəndən sonra C.Maqsudov xəstəxanada dünyasını dəyişib. Sonradan Xətai rayon prokurorluğunda iş üzrə CM-nin 126.1 maddəsi ilə başlanmış cinayət işi CM-nin 120.1 maddəsinə tövsif edilib. Və cinayət işini araşdırmaq Xətai rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajyoru Teymur Qarayevə tapşırılıb. Elə həmin gün 1992-cvi il təvəllüdlü Yusif Məhərrəmov könüllü olaraq, heç bir təzyiq olmadan prokurorluğa gedib və cinayəti törətdiyini etiraf edib”.
Məktub müəllifi yazır ki, bu haqda müstəntiq belə bir məzmunda protokol tərtib edib: “3 sentyabr 2013-cü il tarixdə Yusif Məhərrəmov rayon prokurorluğuna könüllü gələrək cinayət əməlini etiraf edib”. 5 sentyabr 2013-cü il tarixdə 16:20-dən, 17:40-dək Yusif Məhhərrəmovun Ceyhun Maqsudovu vurduğu bıçağı atdığı yerə baxış keçirilib. Və Yusif Məhərrəmovun yaşadığı Yeni Ramana qəsəbəsində, III sahədəki kanalizasiya sahəsindən bıçaq tapılıb. Baxış keçirilməsi haqda 5 sentyabr 2013-cü il tarixli, 2085 saylı protokolda qeyd olunur ki: “Məhərrəmov Yusifin iştirakı ilə Yeni Ramana qəsəbəsinə getdikdə yolla təxminən 300 metr getdikdən sonra maşın yolundan sağa torpaq yol ayrılır. Həmin yola dönərək yenidən sağa burulan yola dönüb təxminən 50 metr getdikdən sonra ....kanalizasiya kanalı aşkar olundu. Kanalizasiya kanalının ətrafında çoxsaylı kanallar var. Həmin kanallarının birindən 5 metr kənarda ölçüləri 230 x 40 sm olan, hündürlüyü 35 sm olan daş parçası müəyyən olundu. Yusif Məhərrəmov həmin daşın üzərinə çıxaraq bıçağı atdığı istiqaməti göstərdi. Və kanal istiqamətində hərəkət etdikdə bıçaq tapıldı”.
Bütün istintaq materiallarında Yusif Məhərrəmov Ceyhun Maqsudovu öldürdüyünü tam etiraf edir, hətta 10 aydan sonra iyun ayındakı sonuncu izahatda da bunu etiraf edir”.
B.Məhərrəmov yazır ki, 10 aylıq istintaq prosesində hər dəfə mütəntiq Teymur Qarayev ona Y.Məhərrəmovun cinayəti törətməsini etiraf etdiyini söyləyib: “Mayın axırından iyunun əvvəlinədək Teymur Qarayev bir neçə dəfə mənə zəng edərək ( bunu Azercell-lə yoxlamaq olar) görüşmək istədiyini bildirirdi. Hər dəfə görüşəndə deyirdi ki, sənin oğlunun günahı yoxdur, pulu ver, buraxaq. Mən deyirdim ki, köhnə avtomobilim var, ancaq 5 minə gedər. Müstəntiq isə deyirdi ki, bu rəqəmi vur 4-ə, yəni 20 min manat. Mən soruşdum ki, bunu sizinki istəyir? O mənə cavab verdi ki, yox, bizim ağsaqqal istəmir, Bakı şəhər prokurorluğundan filankəs ( adını çəkmək istəmirəm) istəyir. Mən dedim, o qədər pulum yoxdur və razılaşmadım. (Mən bir çox biabırçılıqları hələ açmaq istəmirəm). Və nəticədə 10 aylıq istintaqdan sonra birdən- birə Xətai rayon prokurorluğunun stajyoru Teymur Qarayev qətl hadisəsini Yusif Məhərrəmovun üzərindən götürərək mənim oğlum Knyaz Knyazlının üzərinə qoydu! Mən məcbur olub baş prokurorun ünvanına şikayət yazdım, şikayətim icraata götürüldü. Sonra məni Bakı şəhər prokuroru cənab Əziz Seyidov qəbul elədi. O isə mənə bildirdi ki, gec şikayət eləmisiniz, artıq bizlik deyil.... Mən ona bildirdim ki, oğluma bu ittiham 3-4 gün müddətində verilib və tələm-tələsik işi Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Mən də təcili olaraq Baş prokuror Zakir Qaralova müraciət eləmişəm və cavab da gəlib ki, işi nəzarətə götürmüşük. Bundan artıq mən nə etməliyidim? Mən oğlumun müdafiə olunmasını sizlərdən xahiş etmirəm və əminəm ki, oğlum Ceyhun Maqsudovu bıçaqla vurmayıb. Xahiş edirəm ki, işə obyektiv və ədalətli baxılsın”./jam/
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber