Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Üzeyir Cəfərovdan xəbərdarlıq

«Az oğurluq edin, az rüşvətxorluqla məşğul olun, onlar da sizin bəd əməllərinizdən xəbər verməsinlər»

Hərbi Jurnalistlər Ictimai Birliyinin rəhbəri, ekspert Üzeyir Cəfərov facebook səhifəsində ilginc açıqlama yayıb. Hərbi ekspert yazıb:

“Müdafiə Nazirliyinin rəhbərliyi və Prezident Adminstrasiyasının hərbi sahə ilə guya məşğul olan başbilənləri bilməlidirlər ki, hər gün mən Silahlı Qüvvələrin ən müxtəlif hərbi hissə və birləşmələrindən onlarla, bəzən də yüzlərlə irili-xırdalı məlumatlar alıram. Özü də, zabit və gizir dostlarımız baş verən bütün neqativ hallar haqqında mənə detallarına qədər hər şeyi çatdırırlar. Məlumatın çatdırılması kanalları isə müxtəlifdir. Ona görə də, mənim FB səhifəmin yenidən sındırılmasına, mənimlə telefon əlaqəsi saxlayan, həmçinin görüşən şəxsləri izləmək, hansısa idarəyə çağırıb izahatlar almaq, hədə qorxular gəlmək lazım deyil. Ayıbdır. Az oğurluq edin, az rüşvətxorluqla məşğul olun, onlar da sizin bəd əməllərinizdən xəbər verməsinlər. Vallah, yazacağım bu söz tam həqiqətdir və bunu artıq hamının bilməsi lazımdır.

Bəli, sabiq müdafiə naziri Səfər Əbiyevin vaxtında belə özbaşınalıq və hərc-mərclik yox idi. Məni Səfər Əbiyevin ”adamı" hesab edənlərə bir daha xatırlatmaq istəyirəm ki, mənim zabit kimi karyeramın uğurla başa çatmasına mane olan şəxs məhz Səfər Əbiyev olub. O da vaxtıykən mənim qaldırdığım çoxlu problemlərə biganə qalırdı və məni Hərbi Prokurorluğun o vaxtkı rəhbərliyinin əli ilə susdurmağa çalışırdı. Amma, mən həm hərbi xidmətim dövrü, həm də sonralar ordu sıralarında baş verən neqativ hallar haqqında mətbuatda çoxsaylı açıqlamalar verdiyimə görə başım çox bəlalar çəkib. Hətta 2007-ci ilin 20 aprel tarixində həyatıma sui-qəsd də təşkil edilimişdi. O qəsdi sifariş edənlər də, icra edənlər də bu gün yenə işlərinin başındadır. Biri Müdafiə Nazirliyinin Hərbi Polis Idarəsində yüksək postdadır. Bu yaramaz adam elə bilir ki, mən onun məni öldürmək cəhdi haqqında tam məlumatlı deyiləm. Amma, o çox yanılır. Mənə hər şey bəlli və təfsilatı ilə məlumdur. Indi də, məni eyni qayda ilə susdurmaq istəyirlər. Burdan deyirəm, ay siz öləsiniz. Nə qədər ki, Zakir Həsənovun, Nəcməddin Sadıkovun və Vahid Əliyevin ordunu parçalamaqla,onu dağıtmaqla məşğul olan dəstələri mövcuddur, mən daha kəskin şəkildə bu məsələlərin üzərinə gedəcəyəm.

Rüşvətin miqyası o qədər böyüyüb ki, artıq orduda bədbinlik hissləri yaranmağa başlayıb. Bu isə çox təhlükəlidir. Səfər Əbiyevin zəhmindən, kölgəsindən qorxanlar, bu gün Zakir Həsənovun və digərlərinin ətrafı vasitəsiylə rütbələr alır, vəzifələrə təyinatlar həyata keçirir, mal-mülkə sahib olurlar. Iş o yerə çatıb ki, dünən ordu sıralarına qədəm qoyanlar artıq mənzil alır, 20 il Vətən yolunda can qoyanlar isə halal mənzillərini almaq üçün müxtəlif yollara baş vurmalı olurlar. Çox təəssüflər olsun ki, Zakir Həsənovun yarıtmaz fəaliyyətinin cəmiyyətə çatdırılmasına əngəl olmağa ciddi cəhdlər edilir. Aparıcı mətbuatın bəzi rəhbər şəxslərinə yol tapılıb, onları müxtəlif şirikləndirici yollarla ələ alımağı bacarıblar. Olsun. Haram xoşları olsun. Bir gün, ordudakı özbaşınalıqlar sizin də qapınızı döyəndə, mənim sözlərimi yadınıza salarsınız. Hələliksə, görünən odur ki, SQ-də guya hansısa işlərin görüntüsünü yaratmağa, daha çox reklam olunmağa üstünlük verən müdafiə naziri və ətrafı sürətlə uçurumun kənarına gedirlər. Allah özü əsgər və zabitlərimizə kömək olsun. Tanrı xalqımızı baş verə biləcək bəlalardan hifz eləsin"./azadlıq/
1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00