Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

NİDA-YAP= 6-2

Britaniya energetika naziri Maykl Fellon müəllimin Bakı səfəri günlərində NİDA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlunun əfv ərizəsi yazması yerinə düşdü. Energetik ehtiyatlarımız hələlik cənab prezidentin tərəfindədir, istənilən matçı udacaq kimi görünür.
Ancaq mübarizə də davam edir. NİDA üzvləri həbs ediləndə 8 nəfər idilər, yapistlər 1 il yarıma yaxın müddətdə bunlardan cəmi ikisinə ərizə yazdırıblar və hazırda hesab 6:2 NİDA-nın xeyrinədir. Şahin Novruzlunu həm də hesabı korladığı üçün qınayırıq, ona qədər hesab Almaniya-Braziliya oyunundakı kimi idi.

Hələ başqa hesablar da var. Məsələn, mən dünən “Prezident Rəsulzadənin nəvəsini müalicə üçün Almaniyaya göndərdi” xəbərini oxudum. Bir az gözüm böyümüşdü, elə bildim prezident Məhəmməd Əmin Rəsulzadənin özünü Almaniyaya göndərib. Göndərə bilməzmi? Bizim buna da imkanlarımız var. Dahi rəhbər demişkən, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Binəqədi rayonunun icra başçısı Xaləddin müəllimin “2015-ci il Avropa oyunları münasibətiylə Təmiz Binəqədi ili elan edirik” kampaniyası da bu sıradandır. Xaləddin müəllim demək istəyir ki, bir il Binəqədini yaxşıca silək-süpürək, sonrasına baxarıq. Yaxşı olardı Penisentiar Xidmət (korrektor, özün söhbəti bilirsən) də “2020-ci il bədii gimnastika çempionatı münasibətiylə əfv ərizələri kampaniyası” elan etsin. Biləcərini şampunla yuyandan sonra “Əsgər ölümlərinə son” aksiyası kimin yadına düşər? Əsas şampundur. Bir də bədii gimnastika. Siz gərək detallara fikir verəsiniz. AMİP lideri, Azərbaycanın indiki kökə düşməsində əvəzsiz xidmətlər göstərən Etibar Məmmədovun gəncliyində bədii gimnastika ilə məşğul olduğunu bilirdinizmi?

Vəziyyət ümidsiz deyil, hökumətimiz arada hakimləri pulla satın alıb hətta NİDA üzvü olmayanların da ərizəsini düzəldir. Misal üçün, Elsevər Mürsəliyev adlı gənc məhbusu qazamatda NİDA-ya üzv yazıb elə orda da əfv ərizəsini təşkil etdilər. Ən ağlamalı-gülməlisi isə Mürsəliyevin əfv ərizəsindəki “İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bildirir və siyasi aləmdən çəkilirəm” cümləsi idi. Sanki bu Nelson Mandela, Martin Lüter, nə bilim, Vatslav Havel-filan imiş. Təsəvvür edin, birbaşa siyasi aləmdən çəkilirdi. Eyni zamanda siyasi aləmdən çəkilib prezidentin siyasətini dəstəklədiyini yazmaqla əslində hakimiyyətə sataşmışdı, yəni, “sizinki siyasət deyil, nəsə ayrı şeydir”.

Şahin Novruzlu zindana salınanda 17 yaşı var idi, indi deyəsən 19 olmalıdır. O, ən gənc siyasi məhbuslardan biri kimi tarixə düşmüşdü, deyəsən Azərbaycanın yeni tarixində ondan gənci olmamışdı. (Yeni tarixi ona görə qeyd eləyirəm ki, 37-38-ci illər repressiyasında indiki yapistlərin babaları körpə uşaqları da sürgün edir, öldürürdülər). Elə bu məsum gənc simasına görə “Beynəlxalq Amnistiya”nın NİDA üzvlərinə azadlıq tələb edən kampaniyasının qapaq fotosu məhz Novruzlunun şəkli idi. İndi necə olacaq? Novruzlu da Mürsəliyevin “Azadlıq” qəzetinə yazdığı “Şəklimi siyasi məhbusların şəkilləri siyahısından çıxardın” məktub tipində bir şeyi “Beynəlxalq Amnistiya”ya yazacaqmı? Görəsən bu prokurorlar, hakimlər, penisentiarlar və o cümlədən əfv ərizəsi yazan siyasi məhbuslar Azərbaycana beynəlxalq miqyasda qeyri-ciddi bir dövlət imici qazandırdıqlarının fərqində deyillərmi?

Hakimiyyəti sonda bir daha təbrik edirəm. Nəhəng repressiya aparatı il yarıma bir gəncə qalib gəldi. Bir gəncin də taleyini sındırdınız, böyük uğurdur. Sınıq adamlar bütöv adamların yanında yaşayanda sıxılırlar. Yaltaq ətrafda hamının yaltaq, qorxaq isə qorxaq olmasını istəyər.

Zamin Hacı/musavat
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06