Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Naxçıvan Azərbaycan reportyorları üçün niyə qorxulu bölgədir?

Elşən Balaxanılı: “Ötən il baş verənlər jurnalistlərin Naxçıvandan deportasiyası idi”; Ramin Deko: “Hamı bilir ki, getsə də hava limanından geri qaytarılacaq”; Pərvanə Bayramova: “Gərək ancaq tərifləyəsən...”

Elnur Məmmədli: “Jurnalistlərimiz Suriyaya, İraqa, müharibə bölgələrinə gedəcək qədər cəsarətlidirlərsə, o zaman Naxçıvanda kimdən qorxmalıdırlar ki?”


Azərbaycan jurnalistləri üçün Naxçıvan hər nə qədər xəbər sarıdan maraqlı bölgə olsa da, bir o qədər qorxuludur. Bölgələrdən reportaj hazırlayan, tez-tez rayonlara ezam edilən qələm əhlinin dosyesində son illər Naxçıvan adına rast gəlmək mümkün deyil. Jurnalistlər üçün bu bölgə az qala tabu sayılır. Burada baş verən özbaşınalıqlar, qanunsuzluqlar, təzyiqlər jurnalistləri Naxçıvana getməkdən çəkindirir, yoxsa ortada başqa səbəblər var? Reportyorlar və redaktorlar arasında keçirdiyimiz kiçik rəy sorğusunda maraqlı cavablar üzə çıxdı. 

“Yeni Müsavat” qəzetinin reportyoru Elşən Balaxanılı xatırlatdı ki, ötən il bir qrup jurnalist Naxçıvana səfər etmişdi. Onun sözlərinə görə, həmin jurnalistlərin məqsədi Turac Zeynalovun muxtar respublikanın MTN-də ölməsi faktı ilə bağlı araşdırma aparmaq olub. Ancaq buna imkan verməyiblər və faktiki olaraq jurnalistlər muxtar respublikadan deportasiya ediliblər.

E.Balaxanılı bildirdi ki, vaxtilə hüquq müdafiəçilərinin Naxçıvanda Vasif Talıbovun tapşırığı əsasında döyülmələri, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elbəyi Həsənlinin oğurlanaraq muxtar respublikaya aparılması kimi faktlar hələ də yaddan çıxmayıb: “Bu, bizi həmin bölgəyə səfər edib reportaj hazırlamaqdan çəkindirir”. 


“Azadlıq” qəzetinin reportyoru Ramin Deko isə dedi ki, Naxçıvana getməkdən əsla qorxmur: “Sadəcə, muxtar respublika blokadadı. Bu səbəbdən də ora getmək çox çətindir. Hava limanında ciddi yoxlamadan keçirsən. Əksər hallarda şəhərə buraxmırlar, geri qaytarırlar. Sözügedən yerdə beynəlxalq təşkilatların ofisləri yoxdu. Bu üzdən də ora getmək istəyənlərə maneə yaradılır”. 

Reportyor hesab edir ki, jurnalistlərin Naxçıvana getmək istəməməsinin bir səbəbi var: “Çünki hər şey öncədən bəllidir. Yəni hamı bilir ki, getsələr də, hava limanından geri qaytarılacaqlar. Bu üzdən də kimsə ora getməyə cəhd etmir”. 

“Amerikanın səsi” radiosunun və “Turan” İnformasiya Agentliyinin əməkdaşı Pərvanə Bayramova da bildirdi ki, əslində Naxçıvanın ayrı qanunları var və bu qanunlar, ümumən ordakı durum jurnalistləri çəkindirir: “Məsələn, tənqidi yazan jurnalist ora gedə bilməz. Gərək ancaq tərifləyəsən. Bu da obyektiv jurnalistikanın qanunlarına uyğun deyil. Getmək istəmişəm, amma məsləhət görməyiblər. Yəqin ki, nə zamansa gedəcəm”.


Qafqazinfo.az saytının redaktoru Elnur Məmmədli isə hesab edir ki, Naxçıvan o qədər də qorxulu bölgə deyil. Onun fikrincə, Naxçıvanda media üçün maraqlı xəbər olsa getmək olar: “Mən Naxçıvanda heç vaxt olmamışam, ona görə də çox məlumatım yoxdur. Amma əgər jurnalistlərimiz Suriyaya, İraqa, müharibə bölgələrinə gedəcək qədər cəsarətlidirlərsə, o zaman Naxçıvanda kimdən qorxmalıdırlar ki? Ola bilər ki, orada mediaya təzyiqlər olsun. Amma bizim peşənin özəlliyi elə bu təzyiqlərdədir. Bu gün Naxçıvanda ora getməyimizi vacib edən bir hadisə, ala biləcəyimiz çox önəmli bir xəbər olsa, o zaman qafqazinfo ora əməkdaş göndərər. Düşünmürəm ki, redaksiyamızda hansısa bir əməkdaş qorxub bundan imtina etsin”./musavat/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45