Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Binəqədidə 100 ailənin “nəfəsini kəsiblər”

“Arxin-M LTD” MMC tikinti şirkəti bina ərazisini zəbt edərək ağacları kəsib, nazirlik araşdırmalara başlayır
Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki 10 nömrəli binanın sakinlərinin yuxusu ərşə çəkilib. Səbəb isə yaşadıqları binanın qarşısındakı ağacların kəsilərək yerində tikinti işlərinin aparılmasıdır. Sakinlər deyir ki, 10-15 gün öncə ərazi hasara alınıb. Gecələr ərazidə tikinti işləri gedir. Artıq tikiləcək yaşayış binasının özülü qazılıb. 100 ailənin yaşadığı binanın sakinləri havasızlıqdan boğulur.

“Biznesmen qadın bina tikdirir”

Sakinlərin sözlərinə görə, məsələ ilə əlaqədar bir neçə dəfə Binəqədi Rayon İcra Hakimiyyətində olublar. Rayon icra hakimiyyətindən sakinlərə deyilib ki, məsələ ilə Bakı meriyası məşğul olur. Sakinlərdən Almaz Süleymanovanın sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətində onlara deyiblər ki, ərazi onların balansında deyil: “Açıq-aşkar bizə dedilər ki, bu işlə maraqlana bilmərik. Bunlar kimdirlərsə arxaları çox güclüdür. Gündüz vaxtı ”Qırmızı Kitab"a salınan Eldar şamlarını kəsib, maşınlara yükləyib apardılar. Biz onlara heç cürə mane ola bilmədik. Həmin vaxt əraziyə çoxlu sayda polis gəlmişdi. Tikintinin sahibi bizi həbs etdirəcəyi ilə hədələyirdi".

Bina sakinləri bildirdilər ki, bütün sənədlərdə ərazidə bina tikdirən şəxsin adı Qasımova Aidə Akif qızı gedir: “Deyilənə görə, bu xanım biznesmendir. Ərazidə bina tikmək üçün əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyəti tikinti ilə bağlı icazə verməyib. Daha sonra Bakı meriyasına müraciət edən tikinti şirkəti ”hə"cavabı alıb. Bakı meriyası Qasımova Aidə Akif qızının adına olan “Arxin-M LTD” MMC-yə tapşırıb ki, tikinti işləri ilə bərabər ərazidə abadlaşdırma işləri aparılsın. Eyni zamanda tikiləcək binanın ətrafında sakinlərin istirahəti üçün bağ salınsın. Meriyanın həmin sənədində yazılmışdı ki, əgər tikinti işləri aparılsa, ərazidəki ağaclar köçürülməlidir. Amma bizdə video və fotoçəkilişlər də var. Onlara baxanda açıq-aşkar görünür ki, onlar ağacları kəsib, maşınlara yükləyib aparırlar".

“Uşaqlar həyətdə oynaya bilmirlər”

Bina sakinləri bildirdilər ki, ərazi zəbt olunduğundan evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər. Bina sakini Əli İbrahimovun sözlərinə görə, ağır tonnajlı yük maşınları və traktorlar gecə-gündüz demədən işləyir: “Yaydır, istidən evdə oturmaq olmur. Pəncərəni açırsan toz-torpaq evə dolur. Uşaqlar həyətdə oynamaq istəyirlər. Bunların əlindən uşaqları həyətə də buraxa bilmirik. Binanın qarşısında sakinlər üçün oturacaqlar var idi. Hamısını söküb ərazini hasarlayıblar. Konkret olaraq deyirlər ki, şələ-şülənizi yığışdırıb gedin bu ölkədən. Bakıda satmadıqları, özləri üçün obyekt tikmədikləri bir qarış belə boş torpaq qalmayıb”.

“Şikayət eləyirsən, qapında polis peyda olur”

Ağacların kəsilməsinə etiraz edən sakinlər bildirdilər ki, məsələ ilə bağlı Prezident Administrasiyasına (PA) və hüquq-mühafizə orqanlarına yazılı şikayət məktubu göndəriblər. PA-dan sakinlərin məktubunun qəbulu ilə bağlı bildiriş gəlib. Hüquq-mühafizə orqanlarına göndərilən məktublar isə baxılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə yönləndirilib. Arzu Məmmədova adlı sakinin sözlərinə görə, tikinti şirkətinin rəhbərliyi onlardan şikayət edən sakinlərin qapısına polis göndərir: “Keçən dəfə polis gəlib deyir ki, bəs sizin oğlunuzu tanıyıram. Yəni demək istəyir ki, səsinizi çıxarmayın, oğlunuzu tutarıq. Görün bunlar Azərbaycanı hansı vəziyyətə gətiriblər”./musavat/
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45