Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

“Biz Avropa Məhkəməsinədək gedəcəyik”

İyulun 16-da hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının apelyasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı özü bildirib.

O qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə təşkilatının bank hesablarına həbs qoyulması ilə bağlı iddia qanunsuz olaraq rədd edilib. Məhkəmə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb: “İddia təmin olunmadı. Mən və nümayəndəmin iştirakı olmadan proses keçirildi. Həm mənim bank hesabıma, həm də təşkilatın hesabına həbs qoyulub. Biz bundan iyulun 9-da xəbər tutmuşuq, bankdan deyiblər. Halbuki ayın 8-də Baş Prokurorluq məhkəməyə bununla bağlı təqdimat verib. Təqsirləndirilən şəxsin əmlakına həbs qoyula bilər. Ancaq biz hələ də bilmirik bu situasiyada kimik, hesablara niyə həbs qoyulub. Bizdən heç bir sənəd istənilməyib. Mənim depozit hesabıma da həbs qoyulub. Bu hesab 2005-ci ildə açılıb və həbs qoyulması qeyri-qanunidir. Çünki əmək haqqım deyil, rəhmətlik həyat yoldaşımla birgə nəvələrimizin gələcəyi üçün qoyduğumuz puldur”.

Hüquq müdafiəçisi qeyd edib ki, artıq prosesdən və hakimlərdən Avropa Məhkəməsinə şikayət hazırlanır: “Bütün QHT-lər bir yerdə gedəcək. Artıq apelyasiya şikayətləri toplanır və Avropa Məhkəməsinə şikayət ünvanlanacaq. Biz Avropa Məhkəməsinədək gedəcəyik”.
Qeyd edək ki, M.Qəhrəmanlının rəhbərlik etdiyi qurumun hesabına və şəxsi hesabına iyulun 8-də həbs qoyulub. Həmin qərarla M.Qəhrəmanlının sədri olduğu NHMT-nin hesabına, öz şəxsi hesabına, habelə ailənin cari xərcləri üçün onun həyat yoldaşının banka qoyduğu depozitlərə həbs tətbiq edilib. Həbs tətbiq edilən hesab mədən sənayesində şəffaflıq məsələsi ilə bağlı layihənin icrasına aid olub. Hüquq müdafiəçisi bu addımı hüquq-mühafizə orqanlarının bir ailənin üzərinə aşırı təzyiqi kimi dəyərləndirir./musavat/
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19