Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Lazımın oğlu da öldü...

Üç ton heroini Gürcüstana ötürüb üç qram tiryəkə görə meyxanaçı Bayram Kürdəxanılını tutan hökuməti qınayırıq. Belə olur ki, xiyar əyri bitir. Ancaq BMT yanında Milli Narkotika Şuramızın (nəsə buna oxşar adı var idi, gülmək məni tutduğundan dəqiq yaza bimirəm) şefi Məzahir müəllimin həmin 3 ton heroinə izahatı dünya satira tarixinə düşəcəkdir. Hələ heç kim öz hökuməti ilə bu cür məzələnə bilməyibdir ki, onu Məzahir müəllim eləmişdir.
Deyir biz narkotikin maşında olduğunu bilirdik, özümüz buraxdıq gürcülər tutsunlar. Səbəb isə... Gürcüstanın yeni hakimiyyəti imiş! Yapistlər istəyiblər onlar da narkotik tutsun, BMT-də-zadda biabır olmasınlar. Sən demə, orda hərdən konfrans olanda gürcülər və ermənilər utana-utana deyirmiş ki, azərbaycanlılar ildə 10 ton çətənə kolu yandırır, biz isə bir-iki “baş” nəşə tapanda sevinirik. Bax, vəziyyət bu qədər dramatikdir. Azərbaycan xalqını bu dərəcədə səfeh yerinə qoyub barmaqlarına dolayırlar. Zakir Həsənovun “Torpağı özümüz ermənilərdə saxlayırıq, qoy sevinsinlər, bizim torpağımız çoxdur” deyəcəyi gün uzaqda deyil.

Bəlkə də deyib, mənim xəbərim yoxdur. Nədən xəbərimiz var ki? Aftafanı götürüb tualetə gedirsən, elə oturduğun yerdə AzadlıqRadiosunda təzə araşdırma dərc olunur, məlum olur aftafa hansısa offşor zonasında ayrı adamın adına qeydiyyatda imiş. “Dəli yığıncağı”nın yeni, postmodern variantı yazılmalıdır. Əslində əhvalat bir az da Əbdürrəhim bəyin məşhur “Bomba” hekayəsinə oxşayır. Yapistlər istəyiblər gürcü “Kərbəlayı Zal” da ömründə bir paslı baltadan-zaddan tapsın, hökumət qulluğunu başa vuranda, pensiyaya çıxanda xımır-xımır yeməyə bir şey olsun. Bu arada Zakir müəllimdən söz düşmüşkən, MN hərbi hissələrində növbəti əsgər ölüb. 15 iyulda. Deyə bilərsiniz burda nə yenilik var, heç xəbərini yazmağa dəyməz, hansısa yetimin uşağıdır, adına ofşor şirkəti olmayan, yesir birisi ölüb, onsuz hamımız öləcəyik, onu öldürənləri Zakir müəllimə tapşıraq, özümüz də təzədən yıxılaq yataq və sairə. Əlbəttə, haqlı olarsınız. Hər ay neçə əsgərimiz boş yerə ölür. Ancaq bu halda ölən əsgərin adında bir detal diqqətimizi çəkdi: Xəlilov Orxan Lazım oğlu. Lazım kişinin oğlu imiş. Yəqin yapistlərin “lazım gəlsə torpaqlarımızı geri alarıq” cümləsinin xalq arasında necə ironiya obyekti olduğunu bilirsiniz. Sinik görünmək istəmirəm, yoxsa bu ölüm də bənzər şərhlərə yol açır. Vəziyyət tragikomedik olanda istənilən sinizm əxlaq mücəssəməsi kimi görünür. Elgiz və İbrahim Məmmədov veriliş aparır e, siz nədən danışırsınız?!

Yazını daimi oxucumuz Yusif Qrızlının məktubu ilə bitirirəm, çünki bu dəqiqə nə yazsam Yusif bəyin məktubundan təsirli olmayacaqdır: “Təxminən son iki əsrdə rus işğalına məruz qalan bütün xalqların tarixi kimi Azərbaycan tarixini də o dövrdə özlərinə sərf edən formada yazdırıblar. Müstəqilliyə, istiqlala qovuşsaq da təəssüf olsun ki, o dövrün tarixini yenidən tədqiq edib araşdıran yoxdur. Məsələn, Quba xanı Şıxəli xanın taleyi qaranlıq qalır. Uşaqlığımın keçdiyi Qubanın Qrız kəndinin keçmişi ilə həmişə fəxr etmişəm, qürur duymuşam. Son iki yüz illik tarixdə Qrız kəndində qızıl hərflərlə yazılası tarixi proseslər, hadisələr yaşanıb: 1. Quba xanı Fətəli xan namərdcəsinə rus canişinləri tərəfindən öldürüldükdən sonra onu əvəz edən Şıxəli xan yadelli rus işğalçılarına qarşı vuruşa-vuruşa alınmaz təbii qala olan, dəniz səviyyəsindən təxminən 2270 metr hündürlükdə yerləşən Qrız kəndinə pənah gətirir.

Qrızlılar Şıxəli xan və onun döyüşcüləri ilə bir yerdə təxminən 5-8 ilə yaxın müddət ərzində rus işğalçılarına qarşı müqavimət göstərərək vətənpərvərlik nümayiş etdiriblər. Həmən dövrdə Quba xanlığı Qrız kəndində fəaliyyət göstərib (Qrız qalası). 2. 1918-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə demokratik yolla formalaşan çoxpartiyalı parlamentin 7 dekabr ilk açılış iclasında qrızlıların Cümhuriyyətə ünvanlanmış təbrik məktubu oxunub. Məktubun mahiyyəti yeni qurulmuş Xalq Cümhuriyyətini dəstəkləmək, Azərbaycanın xoşbəxt gələcəyinin həmin ideologiyada olduğunu uzaq görənliklə ifadə etmələri olub”.

Zamin Hacı/musavat
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı