Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

“Sovetski” sakinlərinə bina tikmək istəyənlərə elə torba tikdilər ki!

“Des Consulting” barədə cinayət işinin şok səbəbləri; Şirkət rəhbərləri “Sovetski” sakinlərinin problemini həll etmək üçün təkliflərini açıqladıqdan cəmi 24 saat sonra barələrində cinayət işi açılıb; tikinti sektorundakı mənbələr cinayət işinin sifarişli olduğunu deyir və bunu şirkətin təkliflərinin tikinti mafiyasının maraqlarına zidd olması ilə izah edirlər

Baş Prokurorluq “Des Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə məlumat yayıb. Bu şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil problemini həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi hazırladığı barədə cəmiyyətə məlumat vermişdi.


Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılıb. Prokurorluq və polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də müəyyən edilib. Maraqlıdır ki, şirkət tikinti işlərini öz vəsaiti ilə həyata keçirəcəyini iddia etməyib: bunun üçün tender yolu ilə çoxmərtəbəli binalar tikməyə lisenziyası olan “Həyat İnşaat” şirkətini cəlb edib. “Des Consulting”in vəzifəli şəxsləri ilk izahatlarını veriblər. İzahatlara əsasən, binanın tikilməsinin layihə qiyməti 17 milyon manat olub.
Yada salaq ki, “Des Consulting” şirkətinin rəhbərliyi iyulun 15-də mətbuat konfransı keçirərək “Sovetski” sakinlərinin problemini sadə yolla - mənzil-tikinti kooperativi yaratmaqla həll etmək niyyətini bildirmişdi. “Sosial layihə” kimi təqdim edilən ideyadan şirkət yaxşı gəlir gözləyirdi.
“Des Consulting” şirkətinin prezidenti Asif Hacıismayılov bildirmişdi ki, Bakının Gəncə prospektində 16 mərtəbəli bina tikintisi layihəsi hazırlanıb. On bloklu binada 810 ailə yerləşdirmək planlaşdırılır: “Hesablamalara görə, təmirsiz mənzilin 1 kv metri 380 manata təklif edilir. Sakinlər yaşadıqlarından iki dəfə çox mənzil sahəsi ala bilər.
İdeyaya əsasən, kooperativ üzvləri 100 faiz pay iştirakı ödəyəcək. Pay fondunun 80 faizi formalaşandan sonra seçilən tikinti şirkəti (“Həyat İnşaat”) tikintiyə başlayacaq. Bina 18 aya istismara veriləcək.
Mətbuat konfransında aydın olub ki, şirkət bina tikintisi üçün torpaq almaq niyyətində deyil. Şirkət rəhbərliyi hesab edirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə uzunmüddətli istifadə üçün torpaq sahəsi ayıracaq. Bunun üçün dövlət başçısına müraciət edilməlidir. Tədbirdə oxunan müraciət mətnində prezidentdən xahiş edilirdi ki, layihəyə dəstək versin.
Layihənin şərtlərinə görə, binanın birinci mərtəbəsi “Des Consulting” şirkətinə çatmalı idi. Ancaq mətbuat konfransından cəmi 24 saat sonra gözlənilmədən şirkət rəhbərliyinə qarşı cinayət işi açılıb. Bu da istər-istəməz şübhəli məqamlara yol açır. Əgər şirkət həqiqətən də dələduzluqla məşğul idisə, onda niyə mətbuat konfransı keçirir və ideyalarını ictimailəşdirir, üstəlik, prezidentdən dəstək gözləyirdi? Axı adətən dələduzlar üzdə olmağı sevmir, maksimum dərəcədə kölgədə qalmağa üstünlük verirlər. Həm də əgər dələduzluq faktları olsaydı belə, niyə cinayət işi mətbuat konfransından dərhal sonra açılıb və dərhal da məsələ ictimailəşdirilib? Təbii ki, bu tip suallar açıq qalıb və yayılan məlumatlar bu məqamlara aydınlıq gətirməyib.
Tikinti sektorundakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, “Des Consulting” şirkəti təmiz reputasiyalı şirkət kimi tanınıb: “Bu şirkətin dələduzluqla məşğul olması inandırıcı görünmür. Adətən bu tip cinayət işləri vətəndaşların şikayətləri əsasında açılır. Ancaq bizim bildiyimiz qədər belə şikayətçilər yoxdur. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarının şirkət rəhbərliyi ilə bağlı bəyanatı çox gözlənilməz oldu. Böyük ehtimalla şirkət barəsində cinayət işinin açılması sifarişdir”.
Sifarişçinin konkret kimliyini müəyyənləşdirməkdə çətinlik çəkən mənbə bunu paytaxtda söküntü və tikinti işlərindən böyük qazanc götürən tikinti mafiyasının əməli kimi xarakterizə etdi: “Sifarişçinin konkret adını demək çətindir. Ancaq görünür, şirkətin sosial layihəsi tikinti mafiyasının maraqlarına zidd olub və tez-tələsik cinayət işinin açılmasını sifariş ediblər. Çünki indiki bazar qiymətləri ilə müqayisədə şirkət çox sərfəli qiymətlər təklif edirdi. Görünür, bu ideyanın populyarlaşmasından və dəstək qazanmasından ehtiyatlanan tikinti bosları şirkət haqda cinayət işinin açılmasını sifariş ediblər. Təbii ki, sifarişçini tikinti boslarının arasında axtarmaq lazımdır”.
Mənbə onu da bildirir ki, şirkət rəhbərliyi haqda cinayət işinin açılması tikinti bazarında monopoliyalaşma meyllərinin pik həddə çatdığını göstərir: “Əvvəlcə, belə tendensiya yox idi. Şirkətləri bazardan inzibati rıçaqların (gömrük, vergi və s.) köməyi ilə çıxardırdılar. Sıxışdırılan şirkətin rəhbərliyi haqda cinayət işinin açılması yeni tendensiyadır. Onsuz da bazarda oyunçuların sayı barmaqla sayılacaq qədər azalıb. Tikinti bosları radikal addımlarla sonuncu rəqiblərini da sıradan çıxartmaq istəyirlər”./musavat/
1099 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:50