Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2014

Bakının mərkəzində cəhənnəm nöqtəsi - Fotoreportaj

Burda bomjlar, dilənçilər, evsiz-eşiksizlər birgə yaşayır

Bakının mərkəzində, Tibb Universitetinin yaxınlığında “bomj”ların, küçələrdə dilənçilik edən qaraçıların, evsiz-eşiksizlərin və məcburi köçkünlərin yaşadığı bir yer var. Asif Məhərrəmov küçəsindəki bu yarımçıq tikili bir vaxtlar 1 saylı Şəhər Klinik Xəstəxanasının, ovaxtkı “Semaşko”nun Ratioterapiya şöbəsi olub. İndi xarabalıqları xatırladan bu binanın yaxınlığından keçərkən kəskin üfunət iyini hiss etməmək mümkün deyil. Bu azmış kimi ətrafda yaşayanlar deyirlər ki, həmin xəstəxanada radioaktiv dərman praparatlarının qalıqları olduğundan bu ərazi yaşayış üçün çox təhlükəlidir. Amma onlar yenə də burada yaşayırlar. Təhlükəni bilsələr də, bilməsələr də. Bilsələr nə dəyişəcək ki?

Xarabalığın ətrafında və içində o qədər zir-zibil toplanıb ki, qapı adlandırılan və içəri keçmək üçün istifadə olunan o dəliyi tapmaq da çətinləşib. “Bomj”ların və dilənçilərin yığıb gətirdikləri tullantılar o qədərdir ki...Amma nədənsə onlar gözə dəymirlər. Deyəsən gündüzlər çoxları kimi onlar da “iş”ə gedib.

Binanın digər tərəfində isə nisbətən yaxşı dolananlar məskunlaşıb. Bunlar məcburi köçkünlərdir. Taxta-karton parçalarından düzəldilmiş evlər, “evciklər”. Elə bu zaman qarşımızı yaşlı bir qadın çıxır. Lalə xala.

Deyir 9 ildir ki, Günel adlı qızı ilə burada yaşayır. Onunla söhbətləşdik. Ərinin tərk etməsindən sonra 4 yaşlı qızı ilə gəlib burda özünə ev “tikib”. Artıq illər keçib. Qız da yaşa dolur.

Lalə xala deyir ki, bir neçə il əvvəl göydələn tikintisi zamanı onun evini söküblər. Heç bir təzminat ödənməyib: “Bu evi tikməmişdən öncə bu ərazidə evlər idarəsi olub, ordan icazə kağızı alaraq bura da ev tikmişdim”.

Evə daxil olub baxırıq. Bir istilik piltəsi, balaca televizor var. Bu ailə daxmaya görə kommunal xidmətləri də ödəyir: “Gəlib işıq idarəsindən dedilər ki, evdə işlətdiyiniz elektrik enerjisinə görə pul ödəməlisiniz. Sayğac gətirib qoydular. Hər ayda gəlib pulunu ödəyirəm. Nə edək , işıqsız yaşamaq olmur. Elə qızım qazandığı ilə ancaq dolanırıq. Uzun müddət öncə bəzi xeyirxah insanlar gəlib bizə yardım edirlər. İndi artıq xeyli müddətdir ki, gəlməyirlər. Onlara minnətdaram heç olmaya kasıba əl tuturdular.
Ürək xəstəsiyəm, ağrılarım olur. Həyətdən gələn suyun hesabına yaşayıram. İstidən bağrım çatlayanda əl-üzümü yuyuram. Kaş ventilyatorum olardı sərinləyərdim. On manatım yoxdur ki, “ventilyator” alıb sərinləyəm. Gözləyirəm ki, qızım maaşına alsın”.

Yarım saatlıq söhbətimizdən sonra Lalə xalayla sağollaşırıq. Onu bu evdə öz həyat dramı ilə baş-başa qoyuruq.

Burda yaşayan məcburi köçkün ailələrinə bildiriblər ki, yolun qarşısı plana düşüb, metro tikintisi nəzərdə tutulub. Sizləri də şəhər kənarı bir yerə köçürüləcəklər. Amma bu onlara o qədər inandırıcı gəlmir.

Bura bir sözlə Bakının cəhənnəm nöqtəsidir. İnsanlar da bir nöqtə kimidir. Milyonların, milyardların içində nöqtə. Problemlər isə həmişə insanların sayından qat-qat çox olur./lentaz/


1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı