Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2014

Ziya Məmmədovun qürubunun şok səbəbi

Məmmədovlar Kremlin iqtidar əleyhinə projesində?!; Nəqliyyat nazirinin prezident seçkisi ərəfəsi “üsyançı” Abbas Abbasovla telefon danışıqlarını hakimiyyət deşifrə edibmiş; onun qardaşının isə Putinin ən yaxın adamı ilə biznes qurduğu ortaya çıxıb; Məmmədovlar iqtidarın inamını itirdiklərini ört-basdır etmək istəyirlər.

Nəqliyyat naziri Ziya Məmmədovun başı üzərindəki qara buludlar getdikcə daha da sıxlaşır. Nazirin deputat qardaşının oğlunun adının avtoşluqda və “Yeni Müsavat” əməkdaşının döyülməsində sifarişçi kimi hallanması, biznesinin böyük bir hissəsini təşkil edən neft-qaz yataqlarının hasilatında böhran yaranması, o cümlədən Bakının girişimdə tikdirdikləri göydələnlərin (“Şamaxinka” deyilən ərazidə) satılmasında ciddi əngəllərin yaranması, oğlunun rəhbərlik etdiyi şirkətin isə qadın əməkdaşının müəmmalı şəkildə öldürülməsi Məmmədovların “qara zolaq”da olduğunu göstərən faktların yalnız bir qismidir.

İndi isə Z.Məmmədovu bitirə biləcək daha ciddi informasiyalar dövriyyəyə buraxılıb. Söhbət ötənilki prezident seçkiləri ərəfəsində nəqliyyat naziri ilə Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov arasında olan sıx təmasdan gedir.
Nəqliyyat nazirinin Kremlin xeyir-duası ilə Moskvada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) rəhbəri A.Abbasovla əlaqələrinin olduğu yeni fakt deyil və “Yeni Müsavat” da seçki ərəfəsi bu barədə bir neçə dəfə yazıb. Amma indi əsas xəbərlər ondan ibarətdir ki, hakimiyyətə qarşı sərt üslub seçən, iqtidar təmsilçilərini “tezliklə gedəcəklər” kimi ifadələrlə hədələməkdən belə çəkinməyən Abbas Abbasovun nəqliyyat naziri ilə o zamankı telefon əlaqələri deşifrə olunub. Yəni Məmmədovların qürubunun əsas səbəbi olaraq onların hakimiyyətə qarşı dönüklüyü göstərilir.

Bu barədə “Unikal” qəzeti yazı dərc edib. Sitat: “Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi. Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarışlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır. Bildirildiyinə görə, nəqliyyat nazirinin sabiq baş nazir müavini ilə həmin təmasları deşifrə edilib və elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır. Burada daha bir maraqlı məqam isə Məmmədovla Abbasovun ayrı-ayrı vaxtlarda verdikləri açıqlamalarda üst-üstə düşən bir məqamdır. Belə ki, ötən ilin yayında Abbas Abbasov müsahibələrində onunla hakimiyyət arasında münasibətləri pozmağa çalışan qüvvələrin varlığından bəhs edirdi. Ziya Məmmədov isə bu yaxınlarda qəzetimizə açıqlamasında özü və yaxınları barədə mətbuata sızan kompromatlarda bəzi adamların maraqlı olduğunu demiş və heç bir konkret ünvan göstərməmişdi.

Bu iki açıqlamadan belə başa düşmək olar ki, sabiq baş nazir müavini ilə nəqliyyat naziri özlərinin hədəfə gəlməsində iqtidardakı müəyyən çevrələrdən şübhələnirlər və o ehtimal da istisna deyil ki, əslində hər iki şəxsin gileyləndiyi çevrələr eyni dairələrdir.
Hələ aylar əvvəl KİV-də belə iddialar dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var. Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib".

“Unikal” nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov barədə də ilginc məlumat dərc edib. Məlumatda deyilir ki, deputat Məmmədov da Çeçenistanda biznes qurub: “Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlövhlük olardı. Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir.

Ramzan Kadırovun isə Rusiya prezidenti Vladimir Putinlə hədsiz dərəcədə yaxınlığını bilməyən yoxdur. Kadırov Kremlin sahibinə hədsiz sədaqəti ilə bilinir və qeyd olunur ki, bu səbəbdən Putin ona yüksək etimad göstərir. Məmmədovların Çeçenistana sərmayə yatırmaları isə onların Kadırov vasitəsilə Putinlə yaxınlaşmaq cəhdlərinin təzahürü kimi dəyərləndirilir".

Qəzet yazır ki, məhz RATİ ilə bağlı proseslərin gücləndiyi vaxtda - ötən ilin mayında Çeçenistan Respublikasının Nəqliyyat Və Rabitə Nazirliyi Bakı şəhəri ilə Qroznı arasına beynəlxalq avtobus reyslərinin açılması üzrə işlər apardığı barədə məlumat yaydı: "Həmin vaxt ölkənin nəqliyyat və rabitə naziri Ramzan Çerxiqova bildirmişdi ki, əsas diqqət Çeçenistan Respublikasının nəqliyyat vasitələrinin keyfiyyətinin artırılmasına, xidmətin keyfiyyətinə və sərnişinlərin təhlükəsizliyinə yönəldilib. Bununla əlaqədar yeni “Fort Tranzit”, “MAN” və “PAZ” markalı avtobuslar alınıb. Prosesin digər tərəfində bizim Nəqliyyat Nazirliyinin dayandığını söyləmək yəqin artıq olardı. Sonradan bu istiqamətdə hər hansı yenilik baş vermədi, belə güman etmək olar ki, bu, Məmmədovların “Çeçenistan açılımı”nın iflası ilə bağlıdır.

Beləliklə, bütün bu iddialardan görünən budur ki, nəqliyyat nazirinin Kremllə və ona yaxın olan Abbas Abbasovla sıcaq ilişgilər qurmaq üçün kifayət qədər cəhdləri və səyləri olub. İstisna deyil ki, Məmmədovların özləri və biznesləri ətrafında son aylarda cərəyan edənlər də məhz belə səylərin və cəhdlərin deşifrə edilməsi ilə birbaşa bağlıdır".

Bu informasiyaların məhz indi ortaya çıxması da təsadüf deyil. Çünki Məmmədovlar indi barələrində yazılan yazılara “bizi gözləri götürmür” deyə don geyindirirlər. Bununla da əslində hakimiyyətin gözündən və inamından düşdüklərini ört-basdır etmək istəyirlər. Amma çifayda. Bu xəbərin indi yayılması da Məmmədovların sonunu gətirən qərarın yaxın günlərdə verilə biləcəyinə işarədir. Gözləməyə dəyər... /musavat.com/
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48
Artıq x