Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Problemlər məngənəsində boğulan Sabunçu

Qəsəbə çirkab sularının və zibilliyin içində üzür

Paytaxtın ən qədim və böyük qəsəbələrindən olan Sabunçu problemlər içərisində boğulur. Burada əksər ərazilər zibil içərisindədir. Dəmiryol relslərinin kənarı məişət tullantıları ilə dolub daşır. Qəsəbənin Qanboy Vəzirov adlanan yaşayış sahəsi isə daha acınacaqlı durumdadır. Həmin ərazidə ətrafa axıdılan kanalizasiya, çirkab suları dərin gölməçələr əmələ gətirib. Bu ərazi  xəstəlik mənbəyidir.

Bütün bunlardan xəbərsiz uşaqlar isə səhərdən axşamacan bu xəstəlik mənbəyinin ətrafında oynayırlar. Həmin ərazidə yaşayan Afət xanım deyir ki, bu ərazi uşaqları üçün təhlükəlidir: “Uşağı nə qədər evdə saxlamaq olar? Birdə baxıram ki, çıxıb çölə. Zibillərlə oynayır. Uşaqdı başa düşmür, əlini yerə vurur, ağzına qoyur. Buranın havası da üfunət qoxuyur. Bu cür şəraitdə uşaqlarımızı sağlam böyütmək çətindir”.

Zibilliyin qarşısında fəaliyyət göstərən ərzaq mağazasında çalışan Sahib adlı şəxs isə dedi ki, ərazidə kanalizasiya sistemi demək olar ki, yox dərəcəsindədir: “Bizim bu küçəyə bir dənə də olsun zibil qutusu gətirib qoymayıblar. Camaat bilmir ki, zibilini hara atsın. Ona görə də gətirib gölün qırağına atırlar. Kanalizasiya sistemi də yox dərəcəsindədir”.

Söhbətə qoşulan Həlimə xanım yağış yağan zaman onların vəziyyətinin daha da ağırlaşdığını bildirdi. O, yağış sularının evlərinin, mağazalarının içərisinə qədər girdiyini dedi:

“Tək çarəmiz ona qalıb ki, Allaha yalvaraq ki, yağış güclü yağmasın. Çünki yağış yağanda həyatımız iflic olur. Təsəvvür edin ki, nəsə almaq üçün belə çölə çıxa bilmirik. Özümüzü dənizin ortasında hiss edirik.  Evlərimiz yarıya qədər su olur. Əşyalarımızı yenicə qurudub evi sudan təmizləyib özümüzü gəlirik ki, yenidən eyni vəziyyət yaşanır”.

Həlimə xanım deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Ancaq heç kim gəlib maraqlanmayıb. Dəmiryol vağzalının arxasındakı qəsəbədə isə çirkab sularından böyük göl əmələ gəlib. Vaxtilə “tatar məhəlləsi”, “yəhudi məhəlləsi” kimi tanınan bu ərazidə vəziyyət olduqca ağırdı.  Həmin gölün ətrafı və içi məişət tullantıları, zibillə dolub. Üfunətdə əraziyə yaxınlaşmaq olmur. Qəsəbə sakini Elvin Hətəmov deyir ki, burada əlacsızlıqdan yaşayırlar:

“Bu ərazilərdə üfunətdən nəfəs almaq olmur. Çirkab suları ətraf evlərin həyətinə kimi gedib çıxıb. Hər gün zibil, toz basmış yollarla üfunətin içindən keçib getmək məcburiyyətində qalırıq. Qış, qar olanda bizim işimiz daha da çətinləşir. Yağış yağanda zibil palçığa qarışır. Sovet dövründə qəsəbə çox təmiz idi. Kimin nə ixtiyarı var idi ki, zibili əraziyə atsın. İndi isə nəinki zibili, hətta çörəyi gətirib bu zibilxanaya, yolun içinə, ayaqaltına atırlar. Uşaqlarımız bu antisanitariya şəraitində xəstəlik tapıb”.

Onu da qeyd edək ki, burada yaşayanların əksəriyyətinin qeydiyyatı yoxdur. Evlər sənədsiz tikilib. Qəsəbə sakini Rüfət deyir ki,  onun da evi sənədsizdir: “Buradakı evlərin 80 faizinin sənədi yoxdur. Bir ara söhbət çıxdı ki, bu ərazilər xarici neft şirkətlərindən birinə satılıb və bizim evləri sökəcəklər. Əgər bu ərazilər neft şirkətinə məxsus idisə niyə aradan neçə illər keçəndən sonra səslərini çıxarırdılar?! Sonra həmin söhbət bağlandı.  Bu məsələyə yenidən qayıdılsa belə, bizi heç kim evlərimizdən köçürdə bilməz. Bizə də xoş deyil bu unudulmuş, bərbad vəziyyətdə olan ərazidə yaşamaq. Ancaq məcburuq. Hara gedək, yollarda qalaq?! Bu qəsəbədəki evləri heç kim öz başına tikməyib. Burada inşa edilən hər bir kiçik tikintidən icra nümayəndəsindən tutmuş bələdiyyə sədrinə kimi hər kəsin xəbəri olub”.

Qeyd edək ki, buradan avtobusa minib şəhərə gəlmək istəyənlər dəmiryol vağzalının xəttinin üstü ilə yolu keçməli olurlar. Yaşlı insanlar isə bundan əziyyət çəkir. Qəsəbə sakinlərinin maddi vəziyyəti də ağırdır. Rastlaşdığımız digər ərzaq mağazasının sahibi Mələk xanım deyir ki, qəsəbə sakinlərinin əksəriyyəti ərzağı nisyə alır: “Burada dolanışıq da çox çətindir. Elə adamlar var ki, balaca çayxanalar açıb orada işləyirlər. Amma qazanc heç çörək puluna yetmir. Mağazam kiçik də olsa, iki nisyə dəftərim var. Qəsəbədə adam var ki, gündəlik çörəyi nisyə almaq məcburiyyətində qalır. Bəzən aylarla borclarını ödəyə bilməyənlər var. Üzüm gəlmir ki, deyəm, borcunuzu ödəyin. Bilirəm ki, yoxlarıdı”. Qəsəbə sakinləri məktəblərdən də şikayətlənirdilər. Onlar 113 saylı orta məktəbin “neft iyi gəlir” bəhanəsi ilə bağlandığını, bundan sonra günlərinin qara olduğunu bildirdilər: “113 nömrəli orta məktəb bağlandıqdan sonra uşaqların yarısı peşə məktəbinə, yarısı isə Balaxanıdakı məktəbə getdi. Balaxanıya məktəbə uşaqları avtobus aylıq 15 manata aparıb-gətirir”.

Qəsəbə sakini Sadiq Hətəmov deyir ki, elə vaxt olur ki, uşağı məktəbə yola salmaq üçün avtobusa verməyə pulu olmur: “Bəzən olur ki, qızım günlərlə məktəbə getmir. Çünki onu qoyduğum Balaxanı məktəbinə yola salmağa avtobus pulum olmur. Çox çətin bir vəziyyətdir.

Qəsəbənin içində bir məktəb olsa, biz də uşaqlarımızı Balaxanıya aparmağa məcbur qalmarıq”.

Gördüklərimizdən sonra Sabunçunu Bakının unudulmuş qəsəbəsi də adlandırmaq olar. Çünki bu qəsəbə problemlər içərisində boğulur, sakinlərin isə səbri tükənmək üzrədir.

Günel MANAFLI
Fotolar müəllifindir
/Musavat/

• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
• Problemlər məngənəsində boğulan Sabunçu  Yüklə
2196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP