Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2014

İsmayıllıda etiraz aksiyalarına çağırışlar

Səbəb məmur özbaşınalığıdır

İsmayıllıdan aldığımız məlumata görə, yaxın günlərdə əhali etiraz aksiyalarına, piketlərə başlamaq niyyətindədir. Hətta bu məsələ ilə bağlı müəyyən dairələrdə çağırışlar və hazırlıqlar gedir. Səbəb isə məmur özbaşınalığı, bürokratik əngəllər və meşələrin açıq talan edilməsidir. Əhali yeni icra başçısı Mirdamət Sadıqovun yarıtmaz fəaliyyətindən və verdiyi vədlərə əməl etməməsindən çox narazıdır. Ən aktual olan problem meşələrin talan edilməsidir. Şikayətçilərin fikirlərini təqdim edirik.
- Mən dünyanın heç yerində belə qanunsuzluq görməmişəm - Qarabağ və polis veteranı, Ismayıllı rayonu Kürdüvan kənd sakini Mülküşah Həşimov deyir. - Uzun müddət Rusiyada polis orqanlarında işləmişəm, dünyanın çox yerini gəzmişəm, Azərbaycanda olan haqsızlığı, ədalətsizliyi dünyanın heç harasında görməmişəm. Mənim heç harda torpağım yox idi, keçmiş icra başçısının dövründə prezidentə dəfələrlə şikayət etdikdən sonra mənə xahiş-minnətlə bir az torpaq verdilər. Təxminən 2 ilə yaxındır bizdən xeyli aralıda "Teliba” adlanan istirahət mərkəzi fəaliyyət göstərir. Onlar bütün meşələri qıra-qıra Ağsu çayına kimi əraziləri zəbt ediblər. Indi gəlib bizim ərazilərə də soxulublar. Bizə açıqca hədə-qorxu gəlirlər ki, yerinizi satmalısınız, əks halda onsuz da əlinizdən alacağıq. Dəqiq bilirəm ki, onların heç bir hüquqi sənədi yoxdur, ancaq nə olsun, əlaqədar qurumlara - meşə idarəsinə, ekologiya idarəsinə, torpaq şöbəsinə külli miqdarda rüşvət verib meşələri dağıdırlar və indi də bizim ərazilərimizə soxulublar.
Mən hərdən fikirləşirəm ki, niyə biz beləyik, niyə bizim dövlət aparatı işləmir, niyə qanunlar ayaqlar altına atılıb, niyə məmurların iradəsi qanunlardan üstün tutulur. Mən ermənilərlə bunlar arasında heç bir fərq görmürəm. Ermənilər də beynəlxalq qanunlara tüpürüb ərazilərimizi işğal etdi, bunlar da qanunsuz olaraq eyni işi həyata keçirirlər. Dəfələrlə rayon rəhbərliyinə məlumat vermişik, etiraz etmişik, tədbir görən yoxdur. Bütün gördükləri işləri də prezidentin ailə üzvlərinin, nazirlərin, adı ilə həyata keçirirlər. Mən prezidentə müraciət edirəm. Cənab Ilham Əliyev, yaxın vaxtlarda Ismayıllıya səfəriniz çərçivəsində bu məsələlərə münasibət bildirin. Ismayıllıda meşə qalmayıb, bulaqlar dağıdılıb, dovşan meşədə gəzəndə görünür, daha bunun harası meşə oldu? Coğrafi varlığımız əldən gedir. Bu haqsızlığı allah da götürməz.

Ismayıllı yağışdan çıxıb yağmura düşdü
Məlum yanvar hadisələrindən sonra dövlət başçısı rayonumuza öz yerlimizi icra başçısı təyin etdi. Həmin vaxt hamıdan çox mən sevinmişdim. Ancaq indi görürəm ki, nahaq yerə sevinmişəm. Sən demə, Ismayıllı yağışdan çıxıb yağmura düşdü. Təzə başçı rayonda nə qədər dəyərsiz adam varsa, hamısını yığıb ətrafına. Atalar deyir: dostunu mənə göstər, sənin kim olduğunu deyim. Bu adam açıqca etiraf edir ki, idarə müdirləri məni saymır, sözümü eşitmir. Yaxşı, belədirsə, onda nə oturmusan o postda, istefa ver get də. Yaxın vaxtlarda "Teliba” haqqında tədbir görülməsə, etiraz aksiyalarına başlayacağıq.

Bu qədər pulu haradan oğurlayıblar
Digər şikayətçi, Basqal kənd sakini Aprel Əliyev də məmur özbanalığı ilə üzləşdiyini deyir: "Sovet dövründən bu gördüyünüz ”Vələsli" restoranını işlədirəm. Burada bulağı da bərpa etmişəm, digər şərait də yaratmışam rayon torpaq şöbəsinin müdiri Rövşən Behbutov məni hədələyir ki, sənin yerin əkinə düşür, cərimə yazacam. Başım çıxmır, meşə içi necə əkin sahəsi sayıla bilər? Xəritənin başına elə oyun açıblar ki, bizə də göstərmirlər. 40 ildir işləyirəm, daşı daş üstünə qoya bilmirəm. Ancaq torpağın müdiri Rövşən Behbutov, meşənin müdiri Ilqar Qəribov, ekologiyanın müdiri Əlirza Əliyev o qədər pullanıblar ki, indi bizə kəllə atırlar, haradan oğurladılar bu qədər pulu? "Teliba”nı üstümüzə salan elə bunlardı. "Teliba”nı işlədənlər açıqca deyirlər ki, biz 500 minə yaxın rüşvət vermişik, inanıram...
Niyə Ismayıllı torpaqları çöldən gələn imkanlı şəxslərə satılır, niyə meşələrimiz, bulaqlarımız dağıdılır, meşələrimizdə fahişəxanalar tikirlər? Icra başçısı danışanda heç kimə imkan vermir, neçə dəfə demək olar, yəni qan düşəndən sonra hərəkətə keçəcəklər. Artıq canımız boğazımıza yığılıb təcili tədbir görülməsə aksiyalara başlayacayıq.

"Rövşən Behbutov kimdən nə alır, nə verir...”
Rayon torpaq şöbəsinin müdiri Rövşən Behbutov məzuniyyətdə olduğu üçün məsələyə münasibəti müdir müavini Ildırım Babayev bildirdi: "Aprel Əliyevə idarəmiz qanuna müvafiq formada 600 AZN miqdarında cərimə yazıb. Çünki o, özünə aid olmayan ərazidə qazıntı işı aparıb və torpağın üst qatını zədələyib. Aprel Əliyev idarəmizin cərimə yazılmış məktubunu da qəbul etməyib, buna görə də onun haqqında məhkəmə qaydasında iddia qaldıracağıq. Rövşən Behbutov haqqında deyilənlərə mən heç bir münasibət bildirə bilmərəm, onun nəyi var, nəyi yoxdu, kimdən nə alır, nə verir... özü gələndə soruşarsınız”.

Meşə mühafizəsi və bərpası müəssisəsinin mövqeyi
Idarə müdiri Ilqar Qəribovun mövqeyi sərt oldu: "Bütün bu suallar nəyə görədir? Onlar qanuni şəkildə fəaliyyət göstərirlər, müqavilə əsasında. Mən ərazidə olub baxmışam, heç bir meşə qırıntısı yoxdur. Oralar heç bir dəmir torla da tutulmayıb. Vətəndaşlar qələt eləyir, şər atırlar, heç kimdən rüşvət almamışam. Vəssalam”.
Suallar qarşısında çaşıb qalan müdir Ilqar Qəribovun yalan danışmaqdan başqa çarəsi qalmadı. Hətta bir az da irəli gedərək "vətəndaşlar qələt edir” deməkdən belə çəkinmədi. Fakt isə göz qabağındadı, meşə dağıntıları, məhv edilmiş bulaqlar və dəmir torla çəpərlənmiş meşəliklər.(azadlıq.info)
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı