Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2013

Hacı Tale Bağırovun tarixə düşən məhkəməsindən reportaj

"Mənə fərqi yoxdur zindan ya azadlıq. Qorxumuz yalnız Allahdandır."

Hacı Tale Bağırovun məhkəməsinin təfərruatı   Mübariz ruhani Hacı Tale Bağırovun növbəti məhkəməsi Sabunçu rayon məhkəməsində bu gün 14:00-da keçirilib.

İslamazeri.az-ın xüsusi müxbirinin hazırladığı reportajı diqqətinizə çatdırırıq:

Vəkillər vəsatət qaldırdılar...
İlk olaraq Hacı Tale Bağırovun vəkilləri, onun barəsində seçilən qəti-həbs imkan tədbirinin müddətinin bitdiyini bildirərək qanunsuz olaraq istintaq təcridxanasında saxlanıldığını və azadlığa buraxılması barədə vəsatət qaldırdılar. Dövlət ittihamçısı bu vəsatətə etiraz etdi. Hakim Samir Əliyev vəsatəti təmin etmədi.  

Vəkillər yenidən vəsatət qaldıraraq girovlu zaminə buraxılmasını istəyiblər. Dövlət ittihamçısı bu vəsatətə də etiraz edib. Hakim yenidən müşavirə zalına yollanıb.

Tale Bağırovun tarixi çıxışı...
Hacı Tale Bağırov dünyada insanların, imtahan verdiyini önə çkərək deyib “Allah bizi imtahan edir. Xalqımıza görə, gənclərimizə görə, biz mübarizəmizi davam etdiririk. Bu bizim şərəf tariximizdir. Biz həbsimizdən narahat deyilik. Onlar dünyanı itirmək üçün narahatdırlar. Villalarına görə, dünya malına görə narahatdılar.  Bizim arxamızda Allah durub. Hədis var Allah zalımların ağlını əlindən alar. Bu gün məhkəmələrdə görürsünüz ki, necə çaşbaş qalıblar. Bu hakimiyyət getməlidir. Dəyərlərimiz aradan gedir. Rəşadətin babası müəllim idi, onu nə həddə çatdırdılar özünü doğradı. Dindar Kamran Seyidovu götürək, o təyziqlərə dözməyərək özünü asıb. Hacı idi, görün dəyərlərimiz nə qədər aradan gedir.Biabırçılıqdır. Bu gün xalq birləşməlidir. İslamçısı, demokratı birləşməlidir. Allah son həddə möminlərin əliylə bunların maskalarını cırdı. Artıq dinə sataşılır, dindarı narkotiklə şərləyirlər. Dindən istifadə etmək istəyirlər, Allahın izniylə buna heç zaman yol verməyəcəyik, əsl üzlərini göstərəcəyik.  Gənclik artıq oyanıb, buna görə də, gənclərdən qorxurlar. Dindarla qeyri-dindar arasında yaratdıqları pərdə artıq aradan gedir. Bu gün dinindən, irqindən asılı olmayaraq hamı haqq mübarizəsi aparmaqdadır. Mən zindanda "nida"çılar və başqa müxalif gənclərlə görüşənə qədər onlar haqda fikirlərim fərqli idi. Lakin gördüm ki, onlar da bu xalqın gülləridir, mübarizləridir". 

Tale Bağırov Cəmil Həsənlidən danışdı...
Cəmil Həsənli  ekranlardan 9 milyonun qarşısında  o sözləri ki, dedi, tarix yazdı. O, kişi adamdır.  Əvvəl tarixi kitablar yazırdı, indi isə tarix yazdı. Peyğəmbərimiz döyüşdə kafirlərlə, hamısın öldürdü lakin birini saxladı. O soruşduqda "niyə məni  saxladın?" Peyğəmbərimiz dedi ki, Allah sən kafir olsanda səndəki əxlaq, şücaət və başqa insani keyfiyyətlərinə görə  öldürülməni istəmir. Həmin kafir isə cavabında mən sənin Allahına inanıram dedi. Bu gün işlər insani dəyərlər üzərində qurulmalıdır. Dünən 5-10 il həbs istənilən qardaşlarla görüşmüşən. Onlar bir-birlərini təbrik edirdilər. Bu şərəfli tarixdir. Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür. Qorxu olmayan yerdə sağlam düşüncə olur.”
  

Hakim müşavirə zalından qayıtdıqdan sonra ikinci vəsatəti də  rədd etdi.   

Prokuror və Hacı Tale Bağırov....
Dövlət ittihamcısı sonra üzünü ruhaniyə tutub dedi:  "Tale Bağırov narkotikin sizin olduğunuzu etiraf edirsinizmi?"

 Tale Bağırov: "Xeyr, İstəyirsinizsə,  mənbəsini deyim. Kim qoyub mənim cibimə. Mənbə Zakir Qaralov və Ramil Usubovdur. İki nazirlik bir yerdə mənim barəmdə bəyanat yayıbar. Çağırın gəlsinlər mənimlə bərabər  istintaq cəlb edilsinlər. Çağıra bilməssiniz təbii ki, sizlik deyil." 

Dövlət ittihamcısı: "Sizin yazdığınız və imza atdığınız sənəd var."

 Tale Bağırov: "Mən yazmamışam. Həmin zaman videogörüntülər var, baxın görün mən nələr demişəm.  Özləri qoyub mənim cibimə." 

Şahidlər gəldilər və...
Daha sonra şahidlərin dindirilməsi başladı. İlk olaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini Tərxan adlı şəxs şahid kimi dindirildi:   "Bizə Məştağa-Nardaran ərazisində narkotik saxlayanlar barədə məlumat daxil oldu. Biz əməliyyata başladıq, deyilən sahə şosesində “313 “ nömrəli, "kia" markalı avtomaşını saxladıq. Onlar iki nəfər idi, Sabunçu Rayon Cinayət Axtarış Idarəsinə gətirdik. Hüquqi izahat aldıq. Tünd göy rəngli kastyumun sağ cibindən salafana bükülmüş narkotik aşkar edildi. O, narkotik istifadə etmədiyini, Ağsudan tanımadığı birindən  aldığı narkotiki Nardaran-Məştağada əziyyət çəkənlərə verəcəyini bildirdi."   

Dövlət ittihamcısı: 
Tale Bağırovu əvvəlcədən tanıyırsınız?

Şahid-rəis müavini:   
- Xeyr

Dövlət ittihamcısı: 
- Şəxsi ədavətiniz olub?


Şahid-rəis müavini:
 - Xeyr

Dövlət ittihamcısı:
- Ona təyziq etmisiniz?

Şahid-rəis müavini:
-  Xeyr, O özü izahatında etiraf edib.   

Vəkil:  
- Raport yazılı olub, yoxa şifahi ? 

Şahid-rəis müavini:
 - Çoxdan olduğuna görə dəqiq yadımda deyil, yazılı olub yəqinki.          

Vəkil:
- Raport kitabda qeydə alınıb? Alınmayıbsa niyə?   

Şahid-rəis müavini:
O, bizim işimiz deyil.  

Vəkil:
- Siz neçə ildir işləyirsiniz?   -         

Şahid-rəis müavini:
-  3-4 ildir     

Tale Bağırov şahidə:
- Bu qədər adam var burda, and içki yalan deyirsənsə şərəfsizsən...

  İkinci şahid  Samir Həsənov dindirilir. O Sabunçu Rayon Cinayət Axtarış Idarəsinin işçisidir. Samir Həsənovda əməliyyat barədə təqribən birinci şahidin dediklərini danışdı. Dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırdı.  Narkotikin Tale Bağırovun kastyumunun sağ cibində olduğunu bildirdi.   


Tale Bağırov şahidə üzünü tutaraq deyir:  
- Ordada demişdim, sənin rəftarların fərqlənirdi. Məsləhətim, bu cinayətkarlardan uzaqlaş. Qoşulma. 

Ekspert...
Daha sonra  3-cü şahid kimi cinayət axtarış şöbəsinin eksperti Yadulla adlı şəxsin dedikləri digər şahidlərin dedikləriylə eyni oldu.  Məhkəmə zamanı 2 hal şahidi də dindirildi.   

Hal şahidləri...
Ruslan Həşimov :İzahatda yazdıqları təsdiqlədiyini, həmin gün qardaşının şəxsiyyət vəsiqəsi barədə maraqlanmaq üçün pasportstola getdiyini, oradan hal şahidi kimi dəvət olunduğunu bildirdi. O Tale Bağırovun üzərindən  telefon, saat və kastyumunun sağ cibindən salafana bükülmüş narkotik çıxardığına şahid olduğunu dedi. 

Digər hal şahidi Bəxtiyar Eyvazov dindirildi. O,  pensiya almaq üçün yolnan gedərkən 2 polis tərəfindən hal şahidi kimi dəvət edildiyini və gördüklərini danışacağını söylədi. Mən daxil olanda telefon stolun üstündə idi. Narkotik vasitənin Tale Bağırovun kastyumunun sağ cibindən çıxardığını bildirdi. 

Tale Bağırov: Sənin gördüklərin bunlardır, başqa bir şey bilmirsənki?
- Xeyr bilmirəm

Tale Bağırov: 
 - Cənab hakim nəzərə alın, onun izahatında yazılan Ağsudan alınması kimi ifadələr özünün deyil, gördüyünüz kimi o özüdə təsdiqləyir. 

Halşahidi mənim dediklərim yadındadırmı?
- Xeyli vaxt keçib xatırlamıram. 

Tale Bağırov: 
- Mən onlara deyirdim ki, cibimə özünüz qoymusunuz. Sonrada çıxardıbsınız. Mənə işgəncə edənlər rəis Ədalət və müavini Əbülfət idi.

Vəkilin ifşası...
Vəkil Anar Qasımlı: 
"Rəsmi ittihama ve protokollara əsasən narkotik vasitə Hacının şalvarının cibindən tapılıb. Şahidlərin və halşahidlərinin hamısının ifadələri isə narkotikin onun kostyumunun cibində olduğu idi. Müvəkkilimiz işinə xitam verilməsi barədə vəsatət qaldırıram. Çünki ona qarşı sürülən iddia şalvarının cibində olması idi, bu isə təstiqlənmədi. Faktiki sübuta yetirilmədi."

Dövlət ittihamçısı isə işin mahiyyətinin eyni olduğunu, texniki səhv getdiyini deyərək etiraz etdi.   

Daha sonra dövlət ittihamçısı çıxış edərək, Tale Bağırova 3 il həbs istədi. 

Vəkillər çıxış üçün vaxt başqa gün istəmədiklərini, bunda məna görmədiklərini bildirdilər.   

Onlar məhkəmənin ədalətsiz aparıldığını, vəsatətlərin təmin edilmədiyini, istintaqın burda tədqiq edilmədiyini, narkotikin üzərində əl izinin olmadığını  misal gətirdilər.   

Vəkil Anar Qasımlı:
" İnsan Allahın şah əsəridir. Tale Bağırovu keçmiş məhkəməsindən tanıyıram. O şərəfli kişidir. Onun bu maddəylə ittihamı absurddur. Burda insan taleyi həll olunur. Qərar verəndə ədalətli  olun, bir gün qiyamətdə bunların əvəzinin olacağını unutmayın."
   
Tarixə düşən nəsihət...
Tale Bağırov üzünü hakimə tutaraq:  “Hakimlik müqəddəs peşədir. Əhəmiyyətlidir. Əsl hakim Allahdır. Sizin özünüz üçün deyirəm, qərar verəndə düşünün. Sizin bir addımınız əbədi bədbəxtçiliyinizə səbəb ola bilər. Qərar verəndə övladlarınızı düşünün. Mən qarğış etməyəcəm. Lakin neçə-neçə ana bacıların əlləri duadadır indi, onların bəddualarını düşünün. Demirəm mənə bəraət ver. Sənlik deyil, sifarişdir. Sən sadəcə mənim işimdən imtina et. Bu qədər insan gəlir məhkəmələrə,  bu vicdan məsələsidir. Siz deyənməzsiniz mənlik deyil. Axirətinizi düşünün. Mənə fərqi yoxdur zindan ya azadlıq. Qorxumuz yalnız Allahdandır."

  Daha sonra dövlət ittihamçısı çıxış edərək, Tale Bağırova 3 il iş istədi. 

Hakim Samir Əliyev müşavirə zalına yollandı.   

Hacı Tale: "Bizim məktəbimiz var"
Tale Bağırov sonra yenə danışdı: "Həzrəti Museyi Kazimə (ə) sual edirlər. Sizmi üstünsünüz zindan həyatında yoxsa Həzrəti Yusif (ə)? İmam cavab verir ki, Mən, çünki Hzərəti Yusif zindandan çıxmaq üçün xəbər göndərdi. Lakin mən heç bir xəbər göndərmədim. İmamımız bizə zindanı başa salır. Bizim məktəbimiz var. İmam Əli(ə) Müaviyəylə döyüşü zamanı gəlib deyirlər ki, Müaviyə öldü. İmam buyurur ki, o ölməyib, məndən sonra hakimiyyətə gələcək. İmama deyirlərki "onda biz niyə döyüşürük". İmam buyurur ki, bu bizim vəzifəmizdir, zalımla mübarizə aparmaq vəzifəmizdir. Bizdə vəzifəmizi bilək. Vəzifə dalıyca gedək. Niyə susursan, niyə qorxursan. Sənin arxanda Allah var. Bu aylar ərzində Allahın nişanələrini aşkar görmüşəm. Sizdə indi görürsünüz Allah bunları necə rüsvay edir. Hamımız bir gün öləcəyik. Lakin imtahandayıq. Allah bizim dilimizdədi yoxsa qəlbimizdə. Namaz qılmaqla iş bitmir. İmam Huseyni (ə) Kərbəlada şəhid edən yezid qoşunundakılarda namaz qılan idi. İman əhlinin heç nədən qorxusu olmamalıdır. Mən dua etmişəm İlahi, nə zamansa bu zalımlara baş əyəcəm həmin gün al mənim canımı.” 

  Hakim Samir Əliyev  müşavirə zalından qayıdaraq məhkəmə çıxarışını elan etdi. O, mübariz ruhani hacı Tale Bağırovun təqsirləndirilən maddəylə azadlıqdan 2 il müddətinə məhrum edilməsinə hökm verdi.   Həmçinin cəza müddətinin saxlanıldığı gündən hesablanaraq ciddi cəza çəkmə müəssisəsində keçirməsinə hökm verdi.      

Qeyd edək ki, bu reportaj İslamazeri.az tərəfindən hazırlanıb və bundan istifadə edilməsinə ancaq istinadla icazə verilir.
2291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi