Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2014

Əliyev qadınlarla döyüşdə

Balaca qadının böyüklüyü qarşısında kiçilmək

Biz taleyimizdən yalnız ona görə narazı deyilik ki, ədalətsiz cəmiyyətdə yaşayırıq. Həm də ona görə narazıyıq ki, həqiqi diktaturadan da məhrumuq. Bəli, bizim idarəçiliyində yaşadığımız rejimin tarixə bəlli olan mübarizə metodu yoxdur. Nə də hansısa diktatura rejiminin tam təkrarını görə bilirik. Bu rejimin mübarizə metodu əxlaqsızlıq üzərində qurulub. Fransız mütəfəkkiri Monten deyirdi ki, ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. Bu fikri gücləndirərək demək olar ki, əxlaqsızlıq ədalətsizlikdən qidalanır.

Hakimiyyət niyə aqressivdi?

Əslində son həbslər səbəbsiz deyil və hakimiyyətin dalana dirənməsindən xəbər verir. Heç kimə sirr deyil ki, mövcud hakimiyyət bütün dövrlərdə Rusiyanın çətiri altına sığınıb. Rusiya da bacardığı qədər hakimiyyəti himayə edib. İndi isə, vəziyyət dəyişib və himayədarın özü himayəyə möhtc qalıb. Artıq İlham Əliyevə bugünə qədər loyal münasibət bəsləyən Avropa Şurası prinsipiallıq göstərir, beynəlxalq tribunalardan Azərbaycan hakimiyyəti kəskin tənqid olunur, Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa görə ABŞ konqresmenləri töhmət alır və digər bu kimi hallar müşahidə olunur. Qarşıda isə parlament seçkiləri, olimpiya oyunları və digər mötəbər tədbirlər var. Belə bir vəziyyətdə ölkə daxilində etirazçı təbəqənin aktivliyi hakimiyyəti qorxuya salıb. Ona görə də hakimiyyət 2015-ci ilə gedən yolda bütün maneələri aradan qaldırmaq istəyir. Yəni, artıq dünya qarşısında manevr imkanları tükənib və yeganə ümid daxildəki səsləri kəsməyə qalıb.

Düşmən qadınının namusu

Babalarımız danışırdılar ki, qabaqlar bir-biri ilə qan düşməni olan kişilər də bir –birinin namusuna öz namusları kimi yanaşırmışlar. Hətta, bir kişi uzaq səfərə çıxanda öz ailəsini düşmən olduğu birinə əmanət edirmiş. Çünki, düşmən olduğu adamın düşmənçiliyi kişi kimi aparacağından və ailəsinin namusunu qoruyacağından əmin imiş. Yəni, kişilər qadından qisas almağı, qadını düşmən siyahısına salmağı özlərinə ayıb biliblər.

Bir sözlə bir kişinin ağlına da gəlməzmiş ki, düşmənin yatağına kamera quraşdırsın, qadının üstünə şər atsın, qolu zorlu əlaltılarla qadını küçədə sürüsün, qadından zorla ifadə alsın və.s.

İndi elə bir vəziyyət yaranıb ki, kişilər qadınla duelə çıxmağı özünə sığışdıra bilir. Həm də vəzifəsi, pulu, ordusu, topu-tüfəngi olan kişilər. Çox təəssüf ki, qadınlarla düşmən əsiri kimi davranmaq “ənənə”si yaşadığımız ölkədə yaranıb. Əsrin əvvəlində kişilərin utanc saydığı əməl, əsrin sonunda dövlət siyasətinə çevrilib

Qəddafinin, Mübarəkin və digərlərinin bəxti necə gətirdi?

Biz, Qəddafinin, Mübarəkin, Bin Əlinin və digər diktatorların acı taleyini gördük. Koma vəziyyətində olan da, kanalizasiyada gizlənən də, ölkədən qaçarkən yaxalanan da, boynuna ip salınan da oldu. Amma nəticə onu göstərir ki, bu adamların bəxti gətirib. Çünki, onlar tarixə qadınla savaşanlar və qadından qorxanlar kimi düşmədilər. Həqiqətən də qadın düşməni kimi xatırlanmaqdansa, güllələnmək daha yaxşı sonluqdur. Biz indi Azərbycanda qadınlarla xüsusi müharibənin şahidi oluruq. Həbsxanada 130 siyasi məhbus var, hakimiyyət isə bayırdakı qadınların həyatını zindana çevirib.

Xədicə İsmayıl, Kəmalə Bənənyarlı, Gültəkin Hacıbəyli, Leyla Yunus niyə belə qorxuludur? Yaxud, bu adamlarla mübarizə niyə mərd şəkildə aparılmır? Bir qadının yataq otağına kamera yerləşdirmək qədər, bir qadını övladı ilə şantaj etmək qədər, bir qadını vətənə xəyanətdə suçlayacaq qədər “cəsarət” li olmaqdırmı mübarizə?

Əslində qadınlara müharibə elan etmək Qəddafilərin, Mübarəklərin tarixdəki yerini yaxşılaşdırmağa xidmət edir. Görünür, hakimiyyət pislər siyahısında “ən pis” olmağa iddia etməklə analoqsuzluq seriyasını davam etdirmək istəyir.

Balaca qadına qarşı böyük planlar

Hüquq müdafiəçisi Leyla Yunusun həbsi bir daha göstərdi ki, hakimiyyət bu mübariz qadınlara sadəcə nifrət etmir, həm də bu qadınlar qarşısında tir-tir əsir. Leyla Yunusu gah vətənə xəyanətə, gah vergidən yayınmaqda, gah xaricdən maliyyələşməkdə ittiham etdilər. Sonda isə, məlum oldu ki, Leyla Yunus bu dünyaya gəlməkdə və hüquq müdafiəçisi olmaqda ittiham edilir. Əslində Leyla Yunus haqqında deyilən cinayətləri etmiş olsaydı belə, bu da Azərbaycan hakimiyyətinin özünüifşası olardı. Təsəvvür edin bu balaca qadın 30 ildən artıq Azərbaycanda yaşayıb, bu qədər qanunsuz əməlləri törədib və şanlı hakimiyyətimiz buna əngəl ola bilməyib. Bəs, hanı bu dövlətin qüdrəti ki, istənilən adam dövlət sirrini sata bilir, istənilən adam bu ölkədə yaşaya-yaşaya vətənə xəyanət edir?

Ancaq reallıq budur ki, bu balaca qadın daha 90 gün hakimiyyət üzərində qələbə qazana bildi. Və hakimiyyət onu da etiraf etdi ki, bu balaca qadın da rəqiblər siyahısındadır.

İndi bu balaca qadının qarşısında yekə kişilər “liliput” kimi görünür. Görünür, əsas məsələ hündür olmaq deyil, hündürlüyə tullana bilməkdir. Qadını duelə çağırmaq isə, hər iki halda onun qələbəsinə imza atmaqdır.

İlham/azadlıq
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber