Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2014

Ağdamın millət vəkili: "Mənim cəbhəyə getməyə vaxtım yoxdur"

“Əgər deputatların hamısı gedib cəbhə bölgəsində olsalar, o zaman Milli Məclis necə fəaliyyət göstərər?”

Son günlər cəbhə bölgəsində baş verən hadisələrə həmin bölgələrdən seçilən millət vəkillərinin münasibəti mətbuatda və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Tovuz rayonunun deputatı Qənirə Paşayevanın ilk gündən sözügedən rayona səfər etməsi, şəhid ailələrinə baş çəkərək onların dərdinə şərik olması, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalında yaralılarla görüşərək onlara dəstək nümayiş etdirməsi nə qədər bəyənilsə də, onun Ağdam rayonundan olan həmkarı Bəxtiyar Sadıqovun hadisələrə biganəliyi mediada qınaq obyekti olub.

Onun Ağdam rayonuna getməməsi, yaralılara, şəhid ailələrinə dəstək göstərməməsi sosial şəbələrdə müzakirə olunub, millət vəkilinin əleyhinə fikirlər səslənib.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov musavat.com-a açıqlamasında mediada gedən bu müzakirələrə münasibətini bildirib. Səslənən iradları qəbul etməyən millət vəkili qeyd edib ki, redaktor və Milli Məclisin üzvü kimi öz vəzifələrinin icrası ilə məşğuldur: “Hərbiçilərin öz vəzifəsi var, deputatın da vəzifəsi. Mənim isə eyni zamanda gündəlik “Azərbaycan” qəzetini buraxmaqla bağlı üzərimə düşən funksiya var. Mən işimi necə planlaşdırıram, nə vaxt haraya gedirəm, harada oluram, bu mənim öz iş qrafikimdir. Başqaları bunu necə qiymətləndirir, hansı qərəzli prizmadan yanaşır, hansı savadsızlıqla yanaşır bu da onların problemidir”.

Millət vəkili qeyd edib ki, Milli Məclis ali qanunverici orqandır və onun öz vəzifələri var: “Əgər deputatların hamısı gedib cəbhə bölgəsində olsalar, o zaman Milli Məclis necə fəaliyyət göstərər? Məgər deputatın vəzifəsidirmi hər dəfə atəşkəs pozulanda cəbhə bölgəsinə getsin, sorğu-sual eləsin, hadisə necə baş verdiyini araşdırsın? Tamam başqa-başqa strukturlardır. Biz ali qanunverici orqanıq. Müdafiə Nazirliyi isə icra strukturuna daxildir. Hərənin öz vəzifəsi var”.
Bəxtiyar Sadıqov şəhid xəbərlərindən üzüldüyünü ifadə edərək vaxtının məhdud olduğunu bildirib: “Şəhidlərimizə Allah rəhmət eləsin. Hamısı bizim balamızdır. Hamısı bu xalqın itkidir. Ancaq hərəsi bir rayondan, hərəsi bir bölgədəndir. Əgər kimsə hesab edir ki, mənim bir-bir bu rayonları gəzib hamıya başsağlığı verməyə vaxtım var səhv edir, mənim o qədər vaxtım yoxdur. Gündəlik rəsmi dövlət qəzetinin baş redaktoruyam. Bu hadisələrlə də bağlı mənim üzərimə müəyyən vəzifə qoyulub və onun icrası ilə məşğulam”.

Bəxtiyar Sadıqov onu da bildirib ki, yaxın günlərdə Ağdam bölgəsinə səfər etməyi nəzərdə tutmur./musavat/
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...