Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

“Ümumi maraqlar naminə birləşməyimiz vacibdir”

Azərbaycan atəşkəs dövründə bir gün ərzində son illərin ən böyük itkisini verdi. Cəbhə xəttində silahların susmaması və ictimaiyyət arasında gərginliyin azalmaması ölkənin ictimai təşkilatlarında, eləcə də siyasi partiyalarda böyük narahatlığa səbəb olub. Ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri məsələyə öz münasibətini bildirirlər.
İslaminsesi.az saytı cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafovdan müsahibə götürüb. Onun fikirlərini sizə təqdim edirik.

-Azərbaycan ordusunun itkiləri ilə bağlı ictimaiyyətə vaxtında və operativ məlumat verilməməsi, televiziya kanallarında əyləncəli verilişlərin dayandırılmaması əhali arasında çaşqınlığa və hiddətə səbəb olub. Sizcə hakimiyyət mənsublarının bu laqeydliyi nə ilə bağlıdır?
-Hadisələrlə bağlı biz də böyük narahatlıq keçiririk. Əlbəttə cəbhədən dəqiq məlumatların verilməməsi, gözləmə mövqeyinin tutulması hakimiyyətin qeyri- səmimiliyinin, xalqa etimadsızlığının göstəricisidir. Biz müsahibələrimizdə dəfələrlə qeyd etmişik ki, hakim dairələr, xüsusən prezident, xalqla səmimi olmalı, insanlara etimad göstərməlidir. Belə vaxtlarda cəmiyyətin bütün təbəqələrinin mövqeyi yekdil və birmənalı olmalıdır.

-Biz Ukraynadan nümunə götürüb torpaqların azad olunması üçün ələ keçmiş bu fürsətdən yararlanmadıq. Sizin, danışıqlar yolu ilə torpaqlarımızın qaytarılacağına dair optimist fikirlərə münasibətiniz?
-Ümumiyyətlə, işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması, danışıqların süni şəkildə uzadılması bizə yox, düşmənə sərfəlidir. Vaxt bizim əleyhimizə işləyir. Ölkədə Qarabağı tanımayan yeni bir nəsil yetişir. İslam Partiyasının hər zaman mövqeyi bu olub ki, bu qədər qanlar bahasına itirilmiş torpaqlar belə rahatlıqla azad olunmayacaq. İşğal olunmuş ərazilərimiz yalnız müharibə yolu ilə qaytarıla bilər.

Hətta ATƏT-in Minsk qrupu Azərbaycanda işə başlayanda onun yarıtmaz fəaliyyətini tənqid atəşinə tutan ilk qurum məhz İslam Partiyası olub. Müharibə yolu ilə alınan torpaqlar yalnız müharibə yolu ilə də qayıda bilər.

Biz bütün məsələlərimizi, yaxşı olardı ki, vasitəçilər olmadan, özümüz həll edək. Hakimiyyət xalqa etimad göstərməli, onun gücünə inanmalıdır. Bu, az qüvvə deyil. Qurani-Kərimdə də buyurulub ki, insanlar vəhdət halında birləşərsə, Allahın ipindən yapışarsa, bu toplumun qüvvəti qat-qat artar. Vətən uğrunda, ümumi maraq uğrunda hamımızın birləşməsi olduqca zəruridir.
Allah Qurani-Kərimin "Ənfal" surəsinin 65-ci ayəsində buyurur: “Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!”.

Ayələr var ki, dəfələrlə böyük dəstələrin kiçik dəstələrə qalib gəldiyini göstərir. Əsas xalqın birliyi, vəhdətidir. Sosial şəbəkələrdə şəhidlərin sayının mətbuatda verilmiş rəqəmlərdən daha çox olduğu barədə şaiyələr dolaşır. Bu da xalqı narahat edir. Belə gündə xalqı informasiya qitlığına məruz qoyanda, bu boşluğun yerini mütləq şaiyələr tutacaq.

-Bu gün təkcə Qarabağda deyil, dünyanın bir çox qaynar nöqtələrində nahaq qanlar tökülür, günahsız insanlar, xüsusilə uşaqlar qətlə yetirilir. Azərbaycan xalqı ilə eyni taleyi bölüşən Fələstində də silahlar susmaq bilmir. Bu baxımdan, hər gün yüzlərlə şəhid verən Qəzza ilə işğal olunmuş Qarabağ arasında paralellər aparmaq mümkündürmü?
-Təbii, miqyasca bu gün Qəzzada daha böyük həcmdə faciələr yaşansa da, mahiyyət etibarı ilə eyni işğal və təcavüzdən söhbət gedir. Biz Qüds günü ilə əlaqədar aksiya keçirmişdik. Sionist rejim heç nədən çəkinmədən, cəzasız qalacağına əmin olaraq dəfələrlə bu məzlum xalqın qanını töküb. Biz Qüds günü bütün bu vəhşiliklərə öz etirazımızı bildirdik. Əgər biz vaxtında müsəlmanlara edilən haqsızlıqlara, qətllərə etinasızlıq göstərməsəydik, günahsız axıdılan hər bir müsəlmanın qanına görə hesab sorsaydıq, qəsbkarlar bu qədər azğınlaşa bilməzdilər, bu gün də belə acınacaqlı durumda olmazdıq.

Biz görürük ki, qətllərə cəmiyyətin müxtəlif təbəqələri tərəfindən etiraz edənlər, müxalifət-iqtidar olmasından asılı olmayaraq, bu qətliamlara qarşı çıxanlar var. Amma bu, çox azdır. Mən deyərdim ki, şəhidlərin sayını azaltmaq cəhdləri düzgün deyil. Mən bir statusda oxudum ki, əgər 13 nəfər şəhid olubsa, bu sayı 2-yə vurun, çünki onların anaları da öldü.

Əslində ümumi milli matəm elan olunmalı idi. Paytaxtda bu gün müharibə şəraitində olmağımız hiss olunmur. Biz hətta, digər ölkələrdə olduğu kimi, Qəzza şəhidlərinə də matəm elan etməliydik. Bununla biz fələstinlilərlə birgə öz dərdimizi bir daha dünyaya çatdırmış olardıq. Biz torpaqları işğal olunan ölkəyə oxşamırıq. Telekanallarda yalnız əyləncə proqramları və şoular yayımlanır, vətənpərvərliyi tərənnüm edən verilişlər təqdim olunmur. Bu, yolverilməz və qəbulolunmaz haldır.

Mən öz adımdan və partiya adından narahatlıq ifadə edərək vəziyyətin dəyişdirilməsini tələb edirəm. Ölkənin bütün vicdanlı və vətənsevər insanları kimi, biz də hər an şəhidlərimizin qanını almağa, torpaqlarımızı azad etməyə hazırıq. Bu bizim həm ilahi vəzifəmiz, həm də milli-mənəvi borcumuzdur!
1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP