Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

Sulutəpədə 3 aydır su yoxdur

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin sakinləri içməli suyu maşınlardan pulla alır.

Üç aydır ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinə suyun gəlməməsi buradakı yaşıllıqları soldurduğu kimi, sakinləri də çıxılmaz vəziyyətə salıb. Sakinlər deyirlər ki, su pulunu vaxtlı-vaxtında ödəmələrinə baxmayaraq onlara normal su xidməti göstərilmir.

“Gəldim ki, uşağım mənə qulluq eləsin, gördüm ki, bunun heç suyu yoxdur" - deyə şikayətçi Nənəxanım Balakişiyeva bildirir.

Sakinlərdən birinin etdiyi su sifarişi düz qapısına qədər gəlmişdi. Maşınla su almaq da hər sakinin imkanına uyğun deyil. Elə ona görə də şikayətçilər bu problemin tez həll olmasını istəyirlər.

Sakinlərdən onu da öyrənirik ki, 6 il bundan əvvəl küçəyə çəkilən su xətləri də elə burada yaşayanların maddi hesabına başa gəlib. Problemlə bağlı üz tutduğumuz Binəqədi Rayon Sukanal İdarəsində də bunu təsdiqlədilər. İdarənin baş mühəndisi Samir İsmayılov müsahibə vermək istəməsə də, bildirdi ki, fərdi qaydada çəkilən o borular “Azərsu”nun balansında deyil və Dövlət Proqramına əsasən həmin ünvana yeni paylayıcı su şəbəkəsinin çəkilməsi nəzərdə tutulur. İşlər artıq Çiçək qəsəbəsindən start götürüb. Qaldı həmin ünvana suyun gəlməməsinə, baş mühəndis problemin ancaq fərdi şəkildə ola biləcəyini əsas gətirərək, həmin şəxslərin məsələni araşdarmaq üçün idarəyə müraciət etmələrini məsləhət gördü./ans/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber