Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

20 illik müharibə ritorikasının sonu

Nə qədər müxtəlif cür yozulsa da, müharibənin Azərbaycan cəmiyyətində nə qədər həssas, eyni zamanda təhlükəli bir mövzu olduğunu hamımız öz gözlərimizlə gördük. İctimaiyyətin gücü ölkə telekanallarındakı çal-çağırı kəsməyə belə yetmədi desəm, yəqin ki, yanılmaram. Bu proses(?) bir neçə gün çəkdi.

Yalnız şəhidlərin dəfn olunmasından bir neçə gün, daha dəqiq desək, 3 gün sonra ölkə telekanalları vətənpərvərlik mövzusunda bədii filmlərin nümayişnə və əlbəttə ki, AXCP başda olmaqla müxalifətə qarayaxma kampaniyasına start verdi.

Dünyanın ən bahalı kurortlarında dincələn iqtidar rəsmilərindən hələ də xəbər yoxdur. Onların əksəriyyəti heç olmasa oradan münasibət və başsağlığı verməyi belə ağıllarından belə keçirmədilər.

Iqtidar növbəti dəfə milli birliyə nail olmaq şansını əldən verdi. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, yeri gəlmişkən, əksər media orqanları və ən əsası ölkə telekanallarına dövlət nəzarətini həyata keçirən Əli Həsənovun müsahibəsini oxuyarkən heyrətə gəlməmək mümkün deyildi. Ən adi rasional məntiq və düşüncəyə zidd açıqlamaların bu sahəyə cavabdeh olan dövlət rəsmisindən gəlməsi, əlbəttə, təəssüf doğurmaya bilməz. Əli Həsənov gözəl bilir ki, Qarabağ və işğalçı Ermənistan məsələsində müxalifətin mövqeyi qəti və birmənalıdır - torpaqlar azad edilməlidir və bu istiqamətdə iqtidarla əməkdaşlıq tamamilə mümkündür. Müxalifət, daha dəqiq desək, AXCP bunu dəfələrlə sübut edib. Bizim iradlarımız yalnız günahsız əsgər ölümləri və orduda baş verən neqativ hallarla bağlı olub.

Qeyd etmək yerinə düşərdi ki, keçmiş müdafiə naziri Səfər Əbiyev vəzifəsindən kənarlaşdırılana qədər “Azadlıq” qəzeti və bu sətirlərin müəllifinə qarşı məhkəmə prosesində idi. Sonradan oliqarx olduğu bəlli olan nazir sübut etməyə çalışırdı ki, orduda hər şey qaydasındadır və heç bir yeyinti-filan da yoxdur.

Əli Həsənov bir az diqqətli olsa görər ki, həmin vaxt Səfər Əbiyevin şəninə tərif dolu yazılar yazan, bizə qarşı əsassız böhtanlar yağdıranlar, bu gün eyni “ayin”ləri yerinə yetirirlər.

Nəhayət, dövlət rəsmiləri və onlara qulluq edən qələm sahibləri anlamalıdırlar ki, ön cəbhədə xidmət edənlər bu millətin ən sadə təbəqəsindən çıxanlardır. Dəfn mərasimlərindən çəkilən foto və videolardan əsgər ataların əllərindəki qabarları, yaşlarına uyğun olmayan qocalmış sifət cizgilərini sezməmək mümkün deyil. Şəhid olan əsgərlərimizin qohum-əqrəbasının içində buraxın iri ranqlı məmuru, heç adi bir JEK müdiri də yoxdur.

Bu nə deməkdir? Bu o deməkdir ki, iqtidar Qarabağ məsələsindən, cəbhədə zaman-zaman yaranan gərginliklərdən sui-istifadə edərək müxalifətə qarşı əsassız, absurd böhtan kampaniyalarından əl çəkməlidir. Biz Vətəni sizdən(!) az sevmirik. Öz övladlarımızın təmas xəttində qulluq etməsindən də qürur duyuruq. Zəhmət çəkib könüllülər çağırışı edin, o zaman bunun əyani şahidi olacaqsınız. O zaman kimin patriot, kimin isə psevdopatriot olduğu bəlli olacaq. Yeri gəlmişkən, dünyada çox ağlasığmaz, qəribə hadisələr baş verir. Və bir gün “Putinsiz” dünya birliyi Azərbaycana və Ermənistana “gedin probleminizi özünüz həll edin” deyə bilər.

Silaha sarılan ilk növbədə bu Vətəni canı qədər sevən sadə xalq olacaq. O insanlar ki, siz onların evlərini buldozerin ağzına vermisiniz, o insanlar ki, siz onların yaxınlarını müxtəlif yollarla şərləyib tutdurmusunuz, nəhayət o insanlar ki, sizə rüşvət verməkdən nə halı qalıb, nə taqəti. Onlar heç nəyə baxmayıb Vətənin müdafiəsinə qalxacaq. Bir sözlə, müharibəni xalq aparacaq, siz yenə öladlarınızı Bakıdakı sanatoriya tipli(!) hərbi hissələrə yerləşdirəcəksiniz, ya da “komsavat” etdirəcəksiniz. Heç olmasa, bütün bunları etmək üçün, indidən, günü bu gündən sadə xalqla davranışlarınızda bir az insaflı olun.

Bir gün müharibənin olacağını dilə gətirən iqtidar, buna hazır olmalı, ilk növbədə düşməndən əvvəl əlinə silah verəcəyi yüz minlərlə vətəndaşından arxayın olmalıdır. Müharibə aparmaq, inkişaf haqqında ağızdolusu danışmaq demək deyil. Burada qələbə də məğlubiyyət də hiss olunur, necə deyərlər, “cidanı çuvalda gizlətmək” mümkün olmur.

Ən əsası isə, uğursuzluğu da qərargahı olmayan, birinci Qarabağ savaşında on minlərlə şəhid vermiş bir müxalifət partiyasının ayağına yazmaq da mümkün olmayacaq...

Sonda bir daha Vətən uğrunda həlak olan şəhidlərimizə rəhmət diləyirəm!

Xaqani Əliyev/azadlıq
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16,