Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Gülər Əhmədova etiraf edir

Gülər Əhmədova təkzib etdiklərini məhkəmədə etiraf edir

Gülər Əhmədova və onun havadarları vaxtı ilə danmağa çalışdıqları faktları indi özləri təsdiqləyirlər

2012-ci ilin sentyabr ayından etibarən məlum mandat qalmaqalı medianın gündəmindədir. “Yeni Müsavat” olaraq ilk gündən bu mövzunun izinə düşüb, hər gün baş verənləri yazmışıq. Həmin tarixdən etibarən həm sabiq deputat Gülər Əhmədovanı həbsə aparan sürəci, həm istintaq dönəmində yaşananları, həm də mərhum Sevinc Babayeva barəsindəki detalları işıqlandırmışıq.

Maraqlıdır ki, “Yeni Müsavat”ın özəl məlumatları sırasında açıqladıqları hər zaman G.Əhmədova cəbhəsindən, eləcə də istintaqı aparan orqanlar tərəfindən etirazla qarşılanıb. Qəzetimizi qərəzlilikdə, eləcə də fantaziyaları, həqiqətə uyğun olmayan məlumatları yaymaqda ittiham ediblər. 

Amma oktyabrın 21-dən etibarən başlanan G.Əhmədova məhkəməsi qəzetimizin bu günə qədər istintaqla, həbslə, eləcə də sabiq deputatın Qazaxda saxlanması ilə bağlı yazdıqlarının həqiqət olduğunu bir daha təsdiqlədi. Yazını misallarla davam etdirsək, mənzərə daha aydın olar:

1. “Yeni Müsavat” G.Əhmədovanın Gürcüstana müalicə məqsədilə getdiyi gün Qazax sərhədində saxlandığını, onun əşyalarının ələk-vələk edildiyini yazmışdı. Həmin vaxt sabiq deputatda hansısa gizli disklərin olduğu da qeyd edilirdi. Və G.Əhmədova məhkəməsində bunu təsdiqləyərək sərhəddə ona qarşı vəhşilik edildiyini, çemodanlarının yerə tökülərək ələk-vələk edildiyini, həyat yoldaşının, özünün və onları maşınla aparan oğlunun dostunun polis təzyiqi ilə üzləşdiyini bildirdi. 

2. Biz sabiq deputatın həyat yoldaşı Fikrət Əhmədovun istintaqda dindirildiyini və məhkəmədə də şahid qismində ifadə verəcəyini yazmışdıq. Bildirmişdik ki, “dindirilməyə səbəb F.Əhmədovun daha çox İstanbulda qaldığı ”Beynova" hotelində Sevinc Babayeva ilə görüşməsi faktıdır. F.Əhmədov istintaqa ifadəsində səyahət məqsədilə İstanbula getdiyini və orada da köhnə tanış kimi S.Babayeva ilə görüşdüyünü bildirib". Oktyabrın 31-də məhkəmədə ifadə verən F.Əhmədov həqiqətən də iş səyahəti məqsədilə İstanbulda olduğunu, orada S.Babayeva ilə görüşdüyünü, birgə yemək yediklərini, ona dərman aldığını, birgə otelə qədər gəldiklərini bildirdi.  

3. Biz S.Babayevanın oğlu Ayxan Məmmədova istinadən bildirmişdik ki, o və ailə üzvləri G.Əhmədovanın evində olublar və həmin gün anasının dünyasını dəyişdiyini öyrənib. Əməkdaşımızın araşdırmalarında o da üzə çıxmışdı ki, G.Əhmədova məhkəməsində mərhum S.Babayevanın oğlu Ayxan Məmmədovdan da danışmağı planlaşdırır. Sabiq deputatın çıxışında A.Məmmədovun ondan 20 min manata yaxın pul aldığını deyəcəyi barədə xəbər vermişdik. G.Əhmədovanın ifadəsinə görə, pul alarkən bunu anasının müalicəsi üçün xərcləyəcəyini deyən A.Məmmədov həmin vaxt anasının dünyasını dəyişəcəyini bilirmiş. 

Son məhkəmədə G.Əhmədova bunu təsdiqlədi. Üstəlik, qeyd etdi ki, o pulu aldığı gün evinə S.Babayevanın anası, bacısı da gəlibmiş. 

4. “Yeni Müsavat” istintaq materiallarında həmçinin S.Babayevanın İstanbula gəlişi zamanı oradakı vasitəçilərlə danışığa girən T.Əhmədovun da mesajları olduğunu yazmışdı. Həmin mesajlarda T.Əhmədov S.Babayeva haqqında “misafirimiz” deyə bəhs edib və onun qarşılanması, yerləşdirilməsi üçün oradakı bəzi şəxslərlə mesajlaşıb. Sabiq deputatın oğlu da istintaqa ifadəsində bu hərəkətini anasının bir rəfiqəsinin İstanbulda rahat olması üçün etdiyini, sonuncunun ölkədən qaçmasından xəbərsiz olduğunu dediyi üzə çıxmışdı.

Son məhkəmə iclasında şahidlər də təsdiqlədilər ki, iş məqsədilə Bakıya gələn Səlcuq Ağlayan və iş adamları T.Əhmədovla, G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlu ilə görüşüblər. Hətta şahidlərdən biri bildirdi ki,  belə mesajlar olub. 
5. Biz daha öncə qeyd etmişdik ki, Türkiyədə olduğu müddətdə S.Babayeva ilə G.Əhmədova arasında telefon və skayp danışıqları baş tutub. Məhkəmədə bu fakt da səsləndirildi və hətta şahidlərdən biri bildirdi ki, onun telefonu vasitəsilə danışıq-konfranslar təşkil edilib. G.Əhmədova həmin şahidin konfrans iddiasına etiraz etsə də, ümumən S.Babayeva ilə danışdığını inkar etmədi. Bunu da onun səhhəti ilə maraqlanmaqla izah etdi. 

6. Qəzetimizin məlumatlarında vəkil Ə.Talıbovun E.Abdullayevdən narazı tələbələri, onların valideynlərini, eləcə də ABU işçilərini prosesə şahid qismində dəvət edəcəyini qeyd etmişdik. Bundan başqa, sabiq deputatın vəkilinin və özünün  E.Abdullayevin məhkəməyə gətirilməsini tələb edəcəyi barədə yazmışdıq. Bu, elə ilk prosesdə baş verdi. G.Əhmədova məhkəmədən tələb etdi ki, E.Abdullayev prosesə gətirilsin. Şahid qismində isə Tavat Bayramova - ABU-nun sabiq müəlliməsi zərərçəkən kimi ifadə verdi və E.Abdullayevə görə maddi ziyan çəkdiyini bildirdi. 

7. Yazılarımızda qeyd etmişdik ki, sabiq deputatın məhkəmədə E.Abdullayev və S.Babayevanın oğlu Ayxan Məmmədovdan başqa ifşa obyekti olmayacaq. G.Əhmədovanın hakimiyyət əleyhinə hər hansı bəyanat verəcəyinin gözlənilməməsi də yazdığımız məlumatlar sırasında idi. Sabiq deputat bizim bu yazdığımızı da öz çıxışlarında təsdiqlədi. Hakimiyyətə və İlham Əliyevə sadiq olduğunu ilk məhkəmə iclasındaca bəyan etdi, onu üçüncü dəfə prezident seçilməsi münasibətilə anası və özünün təbrik etdiyini bildirdi. 

8. “Yeni Müsavat” yazmışdı ki, G.Əhmədova ilk gündən E.Abdullayevin yaydığı videoların montaj olduğunu iddia edir. Hətta azadlıqda ikən qəzetimizə verdiyi müsahibəsində, eləcə də facebook-dakı statuslarında E.Abdullayevin yeni texnoloji vasitələrlə onun görüntüsünün üzərinə səs yazdırdığını iddia etmişdi. Xatırlayırsızsa, həmin dönəmdə sosial şəbəkədə “indi elə texnologiyalar var ki, hətta məni Cenifer Lopezin səsi ilə oxutdura da bilərlər”, tipli bir status yazmışdı. İstintaqdakı mənbəmiz deyir ki, məhz bunun - E.Abdullayevin videolarının texniki göstəricilərinin, oradakı montaj payının araşdırılması üçün sabiq deputat xeyli səy göstərib. Hətta o, yaxın ətrafına dünyanın harasında olursa-olsun, ona peşəkar haker tapmağı tapşırıb.

G.Əhmədova məhkəmə zamanı prokurorun suallarına cavab olaraq bildirdi ki, Səyyarə Heydərova ilə tanışlığı bu məqsədlə olub. Həmin qadın ona bu videonun qurama olması ilə bağlı araşdırma aparıb, nəticə təqdim edəcəkmiş. Amma son məqamda onun sabiq deputata təqdim etdikləri hansısa ədəbiyyatdan köçürülmələr olduğu üçün işə yaramayıb və bu əməkdaşlıq baş tutmayıb.

9. Yazdıqlarımız sırasında o da vardı ki, bu qalmaqal çıxan ilk gündən G.Əhmədova ciddi şok içərisində olub, psixi durumu bərbad vəziyyətə düşüb. Onunçün hakimiyyətin bu addımı gözlənilməz olub. Bir müddət bu şokun təsirində olan keçmiş deputat növbəti zərbəni isə ilk məhkəmə prosesində alıb. Belə ki, həmin prosesdə G.Əhmədova “Elşad Abdullayevin pulunu qaytarım, məni azad edin”, təklifi ilə çıxış etsə də, onun dediklərinə məhəl qoyulmayıb və həbsi ev dustaqlığı ilə əvəzlənməyib. Bundan ciddi sarsıntı keçirən Gülər xanımın toparlanması uzun müddət çəkib. Həmin ərəfədə ciddi əsəb sarsıntıları keçirən, çökən sabiq deputatın xarici görünüşündə də bu durumun izləri özünü göstərirmiş. 

G.Əhmədova məhkəməsində bildirdi ki, bu qalmaqal çıxandan sonra o, hətta intihara da əl atıb. Bundan başqa, o, ilk məhkəməsində çox yorulduğu, hər şeydən bezdiyi üçün “Mən Elşad Abdullayevdən pul almamışam, amma lazımdırsa, o pulu gətirim, məni azad edin” dediyini etiraf etdi. 

10. S.Babayeva məsələsində isə G.Əhmədovanın əlindəki əsas sübut mərhum rəfiqəsinin ölkəni tərk edərkən ona yazdığı mesajlar olub. S.Babayeva son mesajında ondan halallıq istəyib, onu E.Abdullayev işinə calaşdırdığı üçün üzr istəyib və qayıdandan sonra sabiq rektoru ifşa edəcəyini deyib.

Bu da məhkəmə zamanı təsdiqləndi.

Qəzetimizin daha öncə yazdıqlarını təsdiqləmək üçün sadəcə bu iki yazı linkini nəzərinizə çatdırırıq. Yazıların yazılma tarixinə baxın və nəticəni çıxarın:

http://musavat.com/news/g%C3%BCnd%C9%99m/G%C3%BCl%C9%99r-%C6%8Fhm%C9%99dovan%C4%B1n-h%C9%99bsxana-v%C9%99-istintaq-sirl%C9%99ri-%C9%99limizd%C9%99!_167114.html 
http://musavat.com/news/g%C3%BCnd%C9%99m/Sevinc-Babayeva-dosyesinin-sirl%C9%99ri-%C3%A7%C3%B6z%C3%BCl%C3%BCr_152485.html

Həmin vaxt “Yeni Müsavat”ı tənqid, hətta təhqir edənlər, yalançılıqda suçlayanlar bu yaxın tarixdə yazılanlara nəzər yetirsə pis olmaz.
2443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber