Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2014

“VƏTƏN” bloku xalqı düşmənə qarşı birliyə çağırdı

“Vətən” bloku xalqı düşmənə qarşı birliyə çağırdı
Toplantıda bəyanat qəbul olundu

Ötən gün “Vətən” siyasi partiyalar blokunun toplantısı keçirildi. Tədbiri qurumun icra katibi Mais Güləliyev açaraq ölkədə və beynəlxalq aləmdə baş verən son hadisələr barədə ətraflı məlumat verdi. M.Güləliyev toplantı iştirakçılarının diqqətini Dağlıq Qarabağ-Ermənistan-Azərbaycan münaqişəsinin indiki vəziyyətinə, xüsusən də son günlərdə qoşunların təmas xəttində erməni diversiya-təxribat qrupunun törətdiyi cinayətlərə, düşmənin beynəlxalq konvensiyaları, münaqişə zonasında atəşkəs rejimini kobudcasına pozaraq Milli ordumuzun canlı qüvvəsinə vurduğu itkilərə yönəltdi.

Yığıncaqda çıxış edən AİP siyasi şöbəsinin rəhbəri Akif Heydərli Ermənistanın son günlərdəki addımlarını münaqişə tərəfinin qeyri-konstruktivliyini sübut edən fakt kimi beynəlxalq təşkilatların diqqətinə çatdırmağın zəruriliyinı vurğuladı və ordumuzun gücünün səfərbər olunaraq düşmən tərəfə layiqli cavab verilməsinin, heç bir güzəştə gedilməməsinin vacibliyini irəli sürdü.

Toplantıda söz alan digər natiqlər Müdafiə Nazirliyinin, Ali Baş Komandanın ordumuzun düşmənlə təmas xəttində olmalarını təqdirəlayiq hal kimi qiymətləndirdilər.

Qeyd olundu ki, bu, əsgərlərin döyüş əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək. Çıxış edənlər, eyni zamanda, qarşı tərəfin təxribat xarakterli, həm də kobud və yersiz riskindən istifadə edib ordumuzun döyüş əməliyyatları vasitəsilə düşməni geri oturtmaq imkanlarından yararlanmağı məqsədəuyğun hesab etdilər. Toplantının sonunda işğalçı Ermənistan dövlətinin münaqişədə həmişə qeydi-kostruktiv mövqe nümayiş etdirən addımlarına baxmayaraq beynəlxalq təşkilatların, o cümlədən, ATƏT və BMT kimi qurumların məsələyə ikili standartlarla yanaşaraq işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməməsinə, dünyanın güc mərkəzlərinin problemin həlli yolunda ədalətli mövqe tutmamasına etiraz bildirildi.
Avropa üçün və ümumən bölgə üçün, Ermənistandan fərqli olaraq mühüm strateji əhəmiyyət kəsb edən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dünyanın aparıcı dövlətlərinin xüsusi diqqət ayırmamaları ikili yanaşmanın tərkib hissəsi hesab edilməklə bu halı kəskin pisləyən bəyanat qəbul olundu.

Qeyd edildi ki, bundan sonra Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunması ilə bağlı bütün hüquqlardan istifadə etməli, münaqişənin həllində heç bir əhəmiyyətli addım ata bilməyən ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina edilməsi barədə məsələnin həllinə nail olmalıdır.

Bəyanatda o da bildirildi ki, ölkəmizin ərazi bütövlüyünün qısa müddətdə bərpa olunması ölkədə ümumxalq birliyinə nail olmaqdan, hər bir vətəndaşın bu istiqamətdə şəxsi töhfə vermək səyindən, hakimiyyət-xalq birliyindən və hakimiyyətin bu birliyə aparan möhkəm inamlı siyasi iradəsindən asılıdır. Siyasi sənəddə o da qeyd olundu ki, bu gün Azərbaycanın münaqişədə haqlı və obyektiv mövqeyini bütün dünyada sübut edən siyasi diplomatiya ən yüksək fazaya qaldırılmalı, xüsusən region dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə marağı inamlı şəkildə artırılmalıdır./İslaminsesi/
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.