Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2013

Analoqsuz inkişaf edən ölkənin vətəndaşları niyə xaricə gedir?

Ekspert əsas səbəb kimi işsizliyin fəlakət həddinə çatdığını göstərir; başqa cür düşünənlər də var
Hakimiyyət rəsmilərinin ölkədəki iqtisadi inkişaf barədə bəyanatları, analoqu olmayan dövlət barədə fikirləri çoxaldıqca, xarici ölkələrə çörək dalınca gedənlərin sayı da artmaqdadır. Əhalinin güzəranının gündən-günə yaxşılaşması barədə pafoslu çıxışlara inanmayan vətəndaşlar normal güzəran ardınca bir çox ölkələrə miqrasiya etməkdədir. Ekspertlər isə bu məsələyə baxışları müxtəlifdi.

Deputat Zahid Oruc bildirir ki, miqrasiyanın sosial səbəbləri var: “Ölkə vətəndaşlarının miqrasiyası inkarolunmazdır və dünyada gedən real tədqiqatlar da sübut edir ki, insanların başqa yerə getməsi həyat şəraitini yaxşılaşdırmaq, güzəran qazanmaq, ailəsinin gələcəyini təmin etmək naminədir. Eyni zamanda, həmin araşdırmalar sübut edir ki, bu cür miqrasiyalar ideoloji, eyni zamanda, özünün həyat amalları, baxışları naminə də gerçəkləşir. O üzdən də miqrasiyanı insanların kasıblığı ilə bağlamaq da yanlış olardı. Avropa ölkələrinin statistikasına baxsanız, görəcəksiniz ki, bu cür axınlar var və istənilən Avropa ölkəsində vətəndaşlar bir ölkədən digərinə gedir”.

Deputat ölkədə yaşayış səviyyəsinin yüksək olduğunu bildirərək vətəndaşların xaricə axınının onlarla birbaşa əlaqəsi olmadığını vurğuladı.

Ekspert Ərəstun Oruclu isə qeyd edir ki, Azərbaycanın analoqu olmayan inkişafı, dünyada təkrarsız iqtisadi göstəricilər və digər bu kimi bağlı bəyanatlar etimad doğuran məsələlər deyil: “Ən azı, ona görə ki, Azərbaycandan müxtəlif mənbələrdən verilən məlumatlara əsasən, ildə təxminən orta hesabla 300-500 min nəfər əmək miqrantı ökəni tərk edir. Düzdür, onların hamısına əmək miqrantı demək bir qədər çətindir. Amma ümumilikdə götürəndə, miqrantların böyük bir hissəsi məhz sosial-iqtisadi səbəblərdən ölkəni tərk edir. Çünki siyasi səbəblərdən ölkəni tərk edənlərin sayına baxsaq, görərik ki, onlar yüzlərlədir. Onların sayı minlərə, onminlərə çatmır. Səbəb real durumun əslində təsvir olunduğundan qat-qat fərqli və acınacaqlı olmasıdır. Xüsusilə də bu proses əvvəllər yalnız bölgələrdə, əyalətlərdə, rayonlarda müşahidə olunurdusa, indi artıq bu, gəlib Bakıya da çıxıb. İşsizlik problemi fəlakətli həddədi. Dövlət sektorunda və dövlət sektorundan qaynaqlanan, fəaliyyəti ondan asılı olan özəl sektorda da insanların böyük əksəriyyəti məhz neft sənayesinə və ona yaxın sahələrə bağlı şirkətlərdə, sahələrdə çalışırlar. Məsələn, deyək ki, bp kimi böyük bir şirkətin bütün dünya üzrə işçilərinin sayı 55-65 min civarındadır. Dövlət Neft Şirkətinin əməkdaşlarının sayı iki il əvvəl bundan iki dəfə artıq idi. Təbii ki, burada səmərəlilikdən söhbət getmir. Bir sıra hallarda da həmin o ştat vahidləri süni şəkildə şişirdilmişdi. Şübhəsiz ki, bu da səmərəliliyə təsir göstərir, onu aşağı salırdı. Amma neft hasilatı azaldıqca və neft sənayesinə, hasilatına, emalına yaxın, əlaqəli sahələrdə də işçi qüvvəsinə tələbat azalır. Çünki gəlirlər azalmağa başlayır. Bu səbəbdən də işsizlik durmadan artır. Halbuki hakimiyyət bir milyondan çox iş yerindən danışır. Rəqəmin özü çox təəccüblü rəqəmdir. Bir milyon işçi qüvvəsi, onların ailə üzvləri ilə birlikdə təxminən 3,2- 3,5 milyon insan deməkdir. Yəni belə çıxmırmı ki, bunacan elə ölkə əhalisinin yarısı tamamilə işsiz, yoxsul və səfalətli durumda olub? Amma belə bir səhnə müşahidə olunmayıb. Yoxsulluq var və artmaqda da davam edir. Bütün bu statistik göstəricilərin hamısı saxtadır. Mən sadə bir fakt deyəcəm. Əvvəllər dövlət deyirdilər ki, Azərbaycanda işsizlik həddi 6,5 faizdir, yoxsulluq 5,2 faiz. Artıq bu iki rəqəm tam əsas verir ki, bütün statistik göstəricilərin, işsizliklə, iş yerləri ilə, yoxsulluqla bağlı, həyat səviyyəsi ilə bağlı göstəricilərin saxta olduğuna əmin olasan. Səbəb çox sadədir. Məsələ burasındadır ki, 6,5 faiz işsiz olan yerdə 5,2 faiz yoxsul ola bilməz. Çünki işsizlərin hər biri öz-özlüyündə artıq yoxsuldur. Şəxsən mənim özümün bu barədə yazılarım, fikirlərim oldu. Bundan sonra götürüb rəqəmlərin yerini dəyişdilər. Bu, gülüncdür. Bu cür manipulyasiyalar saxta göstəricilər kimə lazımdır? Kimi aldadırlar? Əslində ölkədə miqrasiya prosesi güclənib. Hətta Rusiyadakı bütün o basqılara, təqiblərə, bu gün tüğyan edən radikal, faşizmə yaxınlaşan millətçiliyə baxmayaraq, oradan Azərbaycana gəlmək istəmirlər. Nədir bunun səbəbi? Həmin işsizlikdir, başqa heç bir şey. Son illərin durumunu araşdırmışıq, Rusiyaya gedən qatarlar, təyyarələr hamısı dolu gedir. Deməli, insanlar getməkdə davam edirlər. Hətta orada baş verən milli, etnik diskrimiyasiyadan, ayrı-seçkilikdən çəkinmirlər. Çünki artıq onların itirəcək heç bir şeyləri yoxdur. Vəziyyət, reallıq budur”.

Milli Məclisin üzvü Əli Məsimli bildirir ki, miqrasiya dünyada gedən problemdir: “O cümlədən də postsovet məkanında xüsusi xarakter daşıyır. Məsələn, tutaq ki, Mərkəzi Asiyadan, Qafqazdan, Ukraynadan Rusiyaya işləməyə gedənlər var. Rusiyadan da vətəndaşlar çıxıb başqa ölkələrə gedir. Bu, insanların istədiyi, arzuladığı səviyyədə işlə təmin olunmaq arzusu ilə bağlıdır. Amma gəlirlərdə fərqlər var. Müəyyən tədqiqatlar da göstərir ki, adamlar Rusiyada qazandığının yarısı qədər budada qazana bilsə, geri qayıdıb məmnuniyyətlə Azərbaycanda işləyə bilərlər. Ona görə də son hadisələrdən sonra inanmıram ki, kütləvi surətdə Azərbaycana miqrantlar qayıtsın. Amma hər halda, ölkəyə qayıdan insanların işlə təmin olunması istiqamətində zəruri addımların atılması vacibdir. Onu da deyim ki, iqtisadiyyatda sabitləşmə olan zaman miqrasiya prosesi səngiyir, ya da əksinə. Azərbaycanda da elədir. Azərbaycanda böhranlı dövrlərdə, sabitləşmədə miqrasiya ilə əvvəlki illərdəkinin arasında fərq var. Amma hər halda, daha çox qazanmağa imkan olan iş yerləri açılmalıdır ki, vətəndaşlar kənd yerlərində belə normal qazana bilsinlər, şəhərə gəlməsinlər. Gələndə də pul qazana bilsin. Bakını da tərk edib başqa yerlərə getməsin”.

Deputat Vahid Əhmədov isə bildirir ki, miqrasiya dünyada qəbul edilmiş bir aktdır: “Qabartmaq lazım deyil ki, miqrasiya edənlər çörək qazana bilmir. Düzdür, müəyyən problemlər var, insanlar müəyyən qədər, misal üçün lazımı əmək haqqı aşağı olanda və sair vaxtlarda miqrasiya edir, başqa ölkələrdə iş tapırlar. Xaricdən də miqrantlar gəlib burda işləyirlər. Əlbəttə, heç kim istəməz ki, ev-eşiyini atıb gedib miqrant olsun. Orada əzab-əziyyətlə bir parça çörək qazansın. İndi elə gətirib ki, bu insanlar, bizim də vətəndaşlarımız Türkiyədə, İranda, Rusiyada və sair ölkələrdə miqrant kimi yaşayırlar, işləyirlər”./müsavat/
2250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08