Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Leyla və Arif Yunuslara dərman verilmir

Xəstəlikdən əziyyət çəkən Leyla və Arif Yunuslara dərman verilmir; işə Qızıl Xaç qarışa bilər

Həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri (SDİ) Leyla Yunusun səhhəti günbəgün pisləşir. Bu barədə əvvəlki saylarımızda da məlumat vermişdik. Şəkər xəstəliyindən əziyyət çəkən hüquq müdafiəçisinin səhhəti həyat yoldaşı Arif Yunusun həbsindən sonra daha da pisləşib. L. Yunusun saxlandığı Bakı İstintaq Təcridxanasının daxili qanunlarına görə, məhbuslara lazım olan ləvazimat və yeməklər yaxın qohumları tərəfindən gətirilməlidir.

Yunusların isə Bakıda yaxın qohumları olmadığına görə, onsuz da ağır olan vəziyyətləri daha da ağırlaşır. Təcridxana daxilində səhiyyə xidmətinin bərbad vəziyyətdə olduğu hər kəsə məlumdur. Bu baxımdan ağır xəstəlikdən əziyyət çəkən Yunusların həyatlarına təhlükələr daha da ciddiləşir. Onların yeganə övladı Dinara Yunus hazırda Hollandiyada yaşayır. O, sosial şəbəkələrdə paylaşdığı statusda da valideynlərinin həyatına olan təhlükələri göstərib. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət edərək, kömək istəyib.

L.Yunusun vəkili Cavad Cavadov yaranan problemlərlə bağlı danışıqlar apardıqlarını bildirdi: “Bu barədə istintaqa artıq müraciət ünvanlamışıq. Bizə elə gəlir ki, bunu anlayışla qəbul edirlər. Söz veriblər ki, qısa müddət ərzində bu məsələni həll edəcəklər. Biz Leyla və Arif Yunusa yemək və başqa ləvazimatları apara biləcək insanların adlarını da onlara təqdim etmişik. Bu şəxslər onların yaxın ailə dostlarıdır. Deyiblər ki, biz çatdıra bilərik. Sadəcə, gərək icazə olsun. İstintaqdan bizə bu barədə təcridxana rəhbərliyinə məktub göndərəcəklərinə dair söz veriblər. Çox çalışırıq ki, bu məsələni həll edək. Çünki bu, həyati bir məsələdir. Həll olunmasa, çox ağır fəsadlar verə bilər”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da yaranmış situasiyadan narahatlığını dilə gətirdi: “Hazırda Leyla xanım və Arif bəy Kürdaxanıda saxlanılır. Ora gedəndə ən azı 4-5 saat növbədə gözləmək lazım gəlir. 3 aydır müalicədəyəm. Təcridxana qanunlarına görə, məhbusa lazımi əşyalar qohumları tərəfindən aparılmalıdır. Çox narahatıq. Avropada yaşayan qızı da valideynlərinin həyatından nigarandır. Xüsusilə dərman və yeməklər aparılmamasından. Təbii ki, icazə versələr, təcridxanaya getməyi düşünürəm. Sadəcə, hər şeyin öz qayda-qanunları var. Qızı ilə bu barədə ətraflı danışmışam. Bu məsələ ilə bağlı o, əlindən gələni edir”.

Onu da qeyd edək ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunusun həbsi ilə bağlı beynəlxalq təşkilatların və Avropa ölkələrinin Azərbaycan hakimiyyətinə çağırışları günü-gündən artır.

Son olaraq Fransa Xarici İşlər Nazirliyi məlumat yayaraq onların həbsindən təəssüfləndiyini bildirib. Fransa XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, Fransa hər zaman müdafiə və insan hüquqlarına hörmətə sədaqətli olub.

Ölkə daxilində də Leyla və Arif Yunusların müdafiəsinə qalxanlar az deyil. Yunuslarla bağlı yaradılan Müdafiə Komitəsinin üzvü, Milli Şuranın sədri Cəmil Həsənli onların məsələsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisində olub. O, ciddi xəstəliklərdən əziyyət çəkən Yunusların vəziyyətinin nəzarətə götürülməsini, onların lazımi dərmanla təmin edilməsini BQXK-dan xahiş edib.

Hazırda Almaniyada yaşayan hüquq müdafiəçisi, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev də Arif Yunusun qanunsuz həbs olunduğunu bildirib: “Arif Yunusun həbsi belə bir qənaət yaradıb ki, hakimiyyət ölkədəki bütün hüquq müdafiəçilərinə seçim imkanı buraxmır, ya zindan, ya mühacirət... Belə vəziyyətdə Azərbaycanda qalmaq və vətəndaş cəmiyyəti sistemində çalışmaq, eyni zamanda obyektiv mövqe nümayiş etdirmək mümkün deyil. Ona görə də xaricdə fəaliyyət göstərmək daha əlverişlidir.
Mən Arif Yunusu çox yaxşı tanıyıram. Bir layihələrdə iştirak etmişik. Müxtəlif ölkələrin təmsil olunduğu tədbirlərdə Azərbaycanı həmişə layiqli təmsil edib".

Xatırladaq ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274( dövlətə xəyanət) ,178 ( dələduzluq), 192 (qanunsuz sahibkarlıq) və 223 (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Həyat yoldaşı Arif Yunus isə avqustun 5-də saxlanılıb. O, 274-cü və 178-ci maddələrlə təqsirləndirilir./musavat/
1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12