Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

"İntiqam Əliyevə cinayətkar deyirsizsə, bəs siz kimsiniz?"

Әli Kərimli tanınmış hüquqşünasin həbsinə münasibət bildirdi

AXCP sədri Әli Kərimli ölkənin tanınmış hüquqşünaslarından İntiqam Әliyevin həbs edilməsinə münasibət bildirib. Әli Kərimli özünün Facebook səhifəsində yazır:

"Xalqımız kimin kim olduğunu yaxşı bilir. Siz ölkədə elə bir prokuror və ya hakim tanıyırsınızmı ki, onun xalq içində İntiqam bəy qədər nüfuzu olsun. Anlamırsınızmı ki, xalqın sevdiyi, özünə nümunə saydığı işıqlı adamları həbs etməklə xalqdan daha da qopursunuz.

Repressiya sırası bu gün İntiqam bəyə çatdı. Onu da quraşdırdıqları cinayət işini bəhanə edib, həbs etdilər.

İntiqam Әliyev Azərbaycanın ən yaxşı hüquqşünaslarından, ziyalılarından biridir. İntiqam bəy Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın mövcud məhkəmə sistemini azı yüz dəfə təkbaşına məğlub edib. Avropa qitəsinin ali hüquq instansiyasında dəfələrlə sübut edib ki, Azərbaycanın məhkəmə sistemi hüququ tapdalayır, ölkədəki repressiya aparatının bir hissəsidir. İntiqam bəy bu ölkənin vicdanı sayılacaq şəxslərdəndir. Ona cinayətkar deyirsinizsə, bəs onda siz kimsiniz?

Siz belə ədalətsiz, absurd həbslərlə xalqımızı qorxudacağınızı düşünürsünüz? Bunu bacarmayacağınızın sübutunu çox gözləmək lazım gəlmədi. İntiqam bəy xeyli müddət idi ki, Leyla xanım Yunus və Rəsul Cəfərovla birlikdə ölkədəki siyasi məhbusların vahid siyahısını hazırlamaqla məşğul idi. Hətta mən ehtimal edirəm ki, adını çəkdiyim hər üç hüquq müdafiəçisinin qısa müddətdə ard-arda həbs olunmasının səbəblərindən biri də bu vahid siyahının qarşısını almaq istəyi idi.

Bu gün ölkənin hüquq müdafiəçiləri, tanınmış vəkilləri, vətəndaş cəmiyyəti fəalları Azərbaycandakı siyasi məhbusların vahid və təfsilatlı siyahısını hazırlayıb ölkə və dünya ictimaiyyətinə təqdim etdi.

Deməli, demokratik düşərgə tükənməyib, tükənməyəcək. Sizlər siyasi məhbuslar siyahısını 2 nəfər hüquq müdafiəçisinin açıqlamasından ehtiyatlanırdınız, qarşısını almağa çalışırdınız, bu gün həmin siyahı 20 nəfərdən artıq hüquq müdafiəçisi və vəkilin imzası ilə ictimaiyyətə təqdim olundu. Belə də davam edəcək. Hər bir tutulan fəalın əvəzinə bir neçə nəfər yeni ictimai-siyasi fəal meydana çıxacaq.

Həqiqəti demək, doğrunun yanında olmaq o qədər gözəl, insani duyğudur ki, onu insanlara tam olaraq qadağan etmək heç bir tirana müəssər olmayıb. Yazmışdım axı, sizin düşündüyünüzdən çoxuq, sizin təsəvvür edə biləcəyinizdən daha iradəliyik. Siz bu repressiyalarla millətimizi yenidən sınağa çəkirsiniz. Millətimiz sizə sübut edəcək ki, biz həqiqətən də demokratik idarəetməyə, daha azad yaşamağa, daha yaxşı hökumətə layiqik, haqq edirik".
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41