Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2014

Maradona jurnalisti döydü

Məşhur futbolçu Dieqo Maradona jurnalisti döyüb.

Argentinanın futbol ulduzu Maradonanın yenə də media nümayəndələrilə münaqişəsi yaranıb.

Hadisə avtomobil magistralında qeydə alınıb. Belə ki, Maradona oğlu ilə teatra yollanan zaman jurnalistlər onun qarşısını kəsərək müsahibə almaq istəyiblər.

Nəticədə Maradona jurnalistlərin qəfil "hücumuna" dözməyərək onlardan birinə sillə vurub.

Qeyd edək ki, Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar "Los Kebollitas" komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.

"Los Kobollitas" onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 12 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Huniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. O, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib: "Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər"./ans/
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<