Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Həkimlər “Ebola”ya görə xəstəxanalardan qaçır

Dəhşətli “Ebola” virusu epidemiyasının yayıldığı Afrika ölkələrindən biri olan Liberiyada həkimlər virusa yoluxmamaq üçün kütləvi şəkildə xəstəxanalardan qaçır.

Xarici KİV-lər xəbər verir ki, “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatı bu barədə bildirib. Təşkilat bəyan edir ki, Liberiyanın səhiyyə sistemi darmadağın olub və “Ebola” virusu epidemiyasının qarşısında acizdir.

“Sərhədsiz həkimlər”in Liberiyadakı koordinatoru Lindis Xurum bildirib ki, bu ölkə hakimiyyəti epidemiyanın miqyası barədə məlumatları azaldır. Onun sözlərinə görə, təşkilatın həkimləri hazırda öz imkanlarının hüdudları xaricində işləməyə məcburdurlar. Lindis Xurum bildirib ki, Liberiyanın paytaxtı Monroviyada beş iri hospital bir həftədir işləmir. Çünki bütün tibb personalı virusun qorxusundan xəstəxanalardan qaçıb. Ölkənin digər regionlarına da tibb personalının xəstəxanaları kütləvi şəkildə tərk etməsi üzündən “Ebola” virusuna yoluxanlara yardım edən tapılmır. “Biz birmənalı şəkildə müşahidə edirik ki, Liberiyanın səhiyyə sistemi necə darmadağın olur” deyə Xurum bildirib.

Məlumata görə Liberiyada nümayişçilər ölkənin iri şosselərindən birini bağlayaraq hakimiyyətin epidemiyaya qarşı yetərli tədbirlər görməməsinə etiraz ediblər.Aksiya iştirakçıları bildiriblər ki, “Ebola” virusundan ölənlərin cəsədləri günlərdir Monroviyanın yaxınlığındakı Vila şəhərində qalıb və hakimiyyət cəsədlərin daşınması üçün heç bir tədbir görmür. Aksiyanı hadisə yerinə göndərilən polis və ordu bölmələri dağıdıb.

Syerra-Leone və Qvineyada da epidemiyanın miqyası böyüməkdədir. Bu ölkələrdə minlərlə adamın virusa yoluxduğu bildirilir. Ölənlərin sayı dəqiq məlum deyil. “Ebola” virusu insandan insana asanlıqla keçir və bu virusa yoluxanların 90 faizi ölür. Virusa qarşı heç bir dərman və effektiv müalicə metodu yoxdur. Virusun Avropa ölkələrində də qeydə alındığına dair faktlar var./virtualaz/
1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber