Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Oğuzda 20 hektar kül oldu

Meşə yanğını ilə mübarizə üçün helikopterlərlə, əllə su daşınıb.

Oğuzda baş vermiş yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün əvvəl Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında yüksək dağlıq ərazidə baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

Qeyd edək ki, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilib. ETSN-in müvafiq qurumlarının əməkdaşları yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edərək dağ çaylarından əl əməyi ilə su daşıyıb, eyni zamanda su çiləmək üçün tutumu 20 litr olan xüsusi bel çantalarından da istifadə edib.

Bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla ümumilikdə 20 hektara yaxın ərazini əhatə edib və nəticədə 8 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Xatırladaq ki, yanğın təhlükəsinin ciddiliyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib və Nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi artiq bir neçə gündür ki ərazidədir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır./ans/
1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı