Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Özünü körpüdən atmaq istəyən adamın tükürpədən dramı

“Polis rəisi dedi ki, arvadın istədiyimi eləməsə…”

Onunla söhbətim özünü Koroğlu metrosuna yaxın körpünün ən yüksək yerindən atması xəbərinin ardınca getdikdən sonra baş tutdu. Hadisə yerinə çatdıqda artıq FHN və DİN əməkdaşlarının birgə səyi nəticəsində “İnsan taleyi” layihəmizin budəfəki qəhrəmanı Yusif Əmirovu intihara cəhddən yayındırmaq mümkün olmuşdu.

Qəhrəmanımızın şikayətlinə biganəlik onu ölümün bir addımlığına qədər gətirmişdi. Yusif millət vəkili Qənirə Paşayevanı görmək istəmişdi, Qənirə xanımla danışdıq, olaydan xəbər tutdu və dərhal hadisə yerinə yollandı. O da atacağı qəti addımdan – intihardan geri çəkildi.

Onunla Sabunçu rayon Polis idarəsində görüşdük.

Acınacaqlı tale

Bəs görəsən onun bu addımı atmasına səbəb nə idi? Ölümün gözünün içinə dik baxan adamla söhbət zamanı məlum oldu ki, o, vaxtı ilə qarşılaşdığı haqsızlıqlarla bu gün də barışmır və hələ də haqqın bərqərar olması üçün müxtəlif instansiyalara müraciət edir…

Onun faciəsi insan oğlunun tablayıb çəkə bilməyəcəyi ağır bir yükdür. Amma Yusif bu yükü çəkib, bu taleyi yaşayıb və yaşayır…

Həyat hekayətinə rahat qulaq asmaq mümkün deyil. Sabunçu rayon Polis idarəsində rəis müavininin otağında üzünü xanım millət vəkilinə tutaraq deyir:

Yusifin günahı nədir?

Bəs, nədir axı Yusif Əmirovu intihara sürükləyən?

Onunla söhbətimdən belə başa düşdüm ki, Yusif Əmirovu haqsız olaraq şərləyib həbs ediblər. O, 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, ona işgəncə verilib, təhqir olunub, aldadılıb, pulları əlindən alınıb. Yana-yana:

- Salman arvadıma zəng edib deyib ki, nədir axı o qara adama ərə getmisən, gəl səni saxlayım. Yoldaşım onu söyüb…

- Kimdir Salman?

- Salman Şərur rayon Polis idarəsinin rəisi idi. Məni də, arvadımı da həbs elədi…

Yusifin hönkürtülü və əsəbi səsi Sabunçu rayon polis rəisinin müavini Əbülfət müəllimin otağını az qala silkələyir. O, qarşılaşdığı və heç kəsin ağlına belə gətirə bilməyəcəyi faciəsini sakit-sakit danışa bilmir…

Yaxşısı budur, başıbəlalı Yusifin həyat hekayətini əvvəldən dinləyək.

- Əslən Dərələyəzliyəm. Şərur rayonunda yaşayan bibim qızıyla evlənmişəm. 3 oğlum, bir qızım var. 1992-ci ildə valideynlərim Bərdə şəhəri, Vaqif küçəsi 77 ünvanında 4 otaqlı evi ortancıl oğlum Əfqana bağışladı. 1996-cı ildə Bakıya köçmək istədik. Həmin evi 7.000 dollara satdıq. Bakıda yaxşı ev almaq üçün yun alverinə girişdim. Bərdədən Şərura yun alıb aparırdım, orada türklərə satırdım. Müvəqqəti qayınanamgildə məskunlaşmışdıq.

Polis rəisi eşqə düşür

Yusif nəql edir ki, kiçik bibisi rayon polis idarəsində xadimə kimi çalışır. Otaqları gecədən keçmiş yığışdırdığına görə bəzən açarlar onda qalırmış və səhər tezdən polislər gəlib onun evindən açarları alırmışlar. Elə onun faciəsinə səbəb də bir dəfə polis rəisinin özünün açar dalıyca gəlməsi olur.

- Şərurun polis rəisi Salman Vəliyev bir gün bibimdən otağının açarını götürmək üçün özü gəlir. Həyətdə yoldaşımı görür və ona vurulur. Mənim yoldaşım yaraşıqlı və gözəldir. Rəis tez-tez evə zəng edib yoldaşımı görüşə çağırır və vədlər verir. Yoldaşım onu söyür. Bu, dəfələrlə təkrar olunur. Rəis ona deyir ki, sən o qara, kasıb adama niyə ərə gedibsən, gəl səni saxlayım.

Bir dəfə də Salman zəng edərkən telefonu Yusif götürür. Salmanı söyür, sən niyə əxlaqsızlıq edirsən, elə etmə ki, şöbəyə gəlib orada sənə ağır sözlər deyim, – deyir.

- Belə demişdim ki, Salman qışqırdı: - Gör sənin başına nə oyun gətirəcəm!!!

Yenə də hıçqırıq. Yenə də yaşanan müsibətlərin yaddan çıxmayan ağrılarını ifadə edən iniltilər otaq boyu “səpələnir”.

- Məni 1997-ci ilin avqust ayında tutdular. İmişlidə idim. Bacımın evində qalırdım və yun alırdım ki, gətirib Şərurda satım. Şərur polisindən 4 nəfər gəldi. Dedilər, sən bir xalça satıbsan türkə. Oğurluq imiş, gedək ifadə ver ki, o xalçanın oğurluq olmasından xəbərin olmayıb. Apardılar Naxçıvana. Orada Salman mənə dedi ki, yadına düşür, sənin başına oyun açacağımı demişdim? İndi vaxtdır.

Arvadın mən deyənləri etsə…

Sonra da dedi ki, bir il bundan qabaq Heydər adında adamı öldürübsən, cinayətdən yayınıbsan. Salmana dedim ki, mən Heydər adlı adam tanımıram, heç onunla rastlaşmamışam da. Amma onu da dedim ki, sən Şərurda Heydərin ölümü ilə bağlı 100 dən çox adam saxlayıb, döyüb pulunu alıbsan, bu haqda hamı danışır. Salman güldü:

- İndi gördün sənə necə tələ qurdum? Mən polkovnikəm, mənim sözümə inanacaqlar. Amma arvadın mən deyənləri etsə, işinə baxarıq. Yoxsa sənin arvadını da gətirib bura salacağıq.

Bir neçə gündən sonra arvadımı da gətirib saldılar içəri. Ona dedilər ki, sən Yusifin üzünə dur. De ki, Heydəri öldürüb. Yoxsa burda nə qədər dustaq var salacağıq üstünə, səni zorlayacaqlar…

Polisdə insaflı Maykl

Məni hər gün döyürdülər. Rəisin otağının arxasında bir yer vardı, salırdılar ora, işgəncə verirdilər. Rəis tamaşaya baxırmış kimi mənim döyülməyimə baxırdı. “Sənin bu günə düşməyinə səbəb arvadının hədsiz gözəl olmasıdır”, – deyirdi. Polisdə Maykl adlı bir it vardı. Mənə işgəncə veriləndə o it dözmürdü, zənciri qırmaq istəyirdi, hürüb onların üstünə cummaq istəyirdi, amma zəncir qoymurdu.

Kişilikdən başqa

12 gündən sonra yoldaşımı buraxdılar. O, stress keçirmişdi, tanınmaz hala salınmışdı. Haqsızlıqlar ona pis təsir etmişdi. O insanlara insan demək mümkün deyildi. O insana bənzərlərdə kişilikdən başqa hər şey vardı.

Prokuror müstəntiqi Ədalət Səfərov adlı bir nəfər idi. O da bizi aldatdı. İşi düz aparmadı. Ona dedim ki, sənin də ailən, uşağın var, görmürsən mənə tələ qurulub? Qayıdıb dedi ki, mən bu məsələdə acizəm. Salman Vəliyev deyib ki, Yusif tutulmasa, vəzifəndən getməlisən. Yoldaşımı da yanına çağırıb, “vəziyyətiniz ağırdır”, – deyib:

- Gərək mən deyənlə razılaşasan və bu işdə sizə yardımçı olam. Yusifə ağır maddə verməliyəm. Tapşırıq belədir. O, ömürlük gedə bilər.

Bu sözlərlə yoldaşımı təşvişdə saxlayıb və sonra ondan üç min dollar pul istəyib. Ədalət Səfərov yoldaşımdan iki min dollar aldıqdan sonra qurama cinayət işimi Şərur məhkəməsinə göndərib. O, pulu alsa da, heç bir köməklik göstərməmişdi…

Məhkəmə

Şərur məhkəməsinin sədri İsfəndiyar mənə dedi:

- Yusif, sənə qurğu qurulub. Arxayın ol, səni tutmayacam. Bu ölüm avtoqəza ilə olub və çoxdan bağlanıb. İndi niyə qaldırılır?

Dedim, siz bilərsiz…

Məhkəmə zalında çox adam vardı. Yalançı şahidlərin heç birini tanımırdım. Ölənin bacısı anasına dedi ki, ana dur, gedək. Bu yazığı günahsız tutub, qardaşımın qanını batırırlar…

Vəkilim qadın idi. Məni müdafiə edirdi. Salman axşam gedib onun evinə:

- Yusifi müdafiə etsən, özünü ölmüş bil. Günah məndən keçdi, səni xəbərdar edirəm, – deyib. Vəkilim qorxusundan işdən imtina etdi…

Bir dəfə də məhkəmənin sədri İsfəndiyar mənə dedi ki, səni bu dəqiqə buraxardım. Amma Salmandan qorxuram. Deyəcək, Yusifdən pul alıb, buraxıb. Ona görə də işi göndərirəm təkrar istintaqa.

Şərurda yenidən məhkəməm oldu. Hakimin adı İsmayıl idi. Mənə dedi ki, sən günahsızsan, səni buraxacağam.

Lakin Salman ölənin anasını qorxudaraq məhkəmədə dedirtdi ki, sizə inanmıram, işi Naxçıvana göndərin…

Prokurorun tövsiyəsi

- Naxçıvanda da mənə işgəncələr verilirdi. Qollarımı, ayaqlarımı bağlayıb zülm edirdilər. Söyür, təhqir edir və yorulmadım çırpırdılar. Hal-hazırda da sol qolum işləmir. Axır ki, tələblərimə görə məni apardılar Naxçıvanın Baş prokuroru Fikrət Qəribovun yanına. Dərdimi danışdım. Mənə olan haqsızlığın haradan qaynaqlandığını dedim. Körpə balalarım var. Qərib adamam. Heydər adlı adamı tanımıram, mənə qarşı düzgün deyillər, – dedim. Fikrət Qəribov mənə diqqətlə qulaq asıb dedi:

- Kişi deyilsən? Bu nə göz yaşıdır? Get 1-2 il yat içəridə. Qorxma, ora əsl kişilərin yeridir. Qarşıdan amnistiya gəlir, səni amnistiyaya saldırıb buraxdıracam.

Mən də ona:

- Əgər elədirsə, onda sən kişi adamsansa, gedək bir yerdə yataq. Axı ora kişilərin yeridir. Prokuror türmə işçilərinə dedi ki, siz bunun dərsini yaxşı verməmisiniz, aparın başa salın. Əvvəllər məni gündə 2 dəfə döyürdülərsə, Fikrətin tapşırığından sonra 3 dəfə döydülər.

Ordubad hakimi

Yusif deyir ki, mənim işimi heç bir məhkəmə boynuna götürmürdü. Axırda ürəkli hakim tapdılar:

- Düzgün insanlar bu işə boyun qoymadı. Axır ki, Ordubad məhkəməsinin hakimi Elman Yəhyayev bu saxta işə hakimlik etməyi boynuna götürdü. Ölən adamın qara rəngli gödəkcəsini kamerama gətirib mənim yatağımın üstünə atıblar ki, götürəndə əlimin izi qalsın.

1998-ci ilin iyun ayının 1-də Ordubad məhkəməsi işə başladı. Ölənin anasını, bacılarını öyrədib məhkəmədə yoldaşımla dalaşdırdılar və yoldaşımı həbs etdilər. İstəmirdilər ki, məhkəmədə şahid qismində çıxış edə bilsin.

Salman Vəliyev qohumlarımı – 20 yaşlı bacanağımı, kiçik baldızımı, onların qonşularını qorxuzaraq üzümə durğuzdu. Mən qəti etiraz etdim. Hakim fasilədə məni otağına gətizdirdi. Mənə dedi ki, sən sakit dayan, qoy onlar yalandan ifadə versinlər. Qoy çəkiliş getsin. Axırda yalan ifadə verdiyinə görə onları tutub, səni və yoldaşını azad edəcəyəm, hökmü mən verirəm. Razılaşmadım.

Koridorda isə Vera xanım adlı məhkəmə işçisi mənə dedi ki, 3.000 dollar ver, ardınca Ali Məhkəməyə gələrəm, işi qaldırıb səni buraxdıraram. Pulu verdik. O qadın da bizə atdı… onlarla əlbir imiş. Mənə 14 il iş verdilər. Vera isə məni aldatdığına görə Ağır Cinayətlərə hakim vəzifəsinə irəli çəkildi… Hal-hazırda da orada işləyir.

Yoldaşımı Ordubadda 3 ay həbsdə saxladıqdan sonra Elman Yəhyayev insafa gəldi. 5.000 dollar alıb buraxdı:

- Şəxsiyyət vəsiqən məndədir. 6 ay Bakıya gedə bilməzsən. Şikayət edə bilməzsən, – deyə, dilindən kağız aldılar…

Şüvalana, oradan da 14 saylı CÇM-ə gətirildim. Yenə də şikayət etdim. Məni prokuror Zakir Dursunov qəbul etdi. Özü dilimdən ifadə yazdı, başqa qələmlə qol çəkdirdi. Yazıbmış ki, hökmdən şikayətim yoxdur. Mən bildikdən sonra yenə şikayət etdim. Türmə rəisi mənə dedi ki, səni heç vaxt buraxmazlar. Gərək onda o qədər adam həbs oluna. Taleyinlə razılaş. Baş prokurorun müavini İsa Nəcəfov sənin işindən 4 il götürüb. Sənə də qol çək. Çəkmədim. Eldar Həsənov da Baş prokuror olanda bu işlə maraqlandı. Prokuror nəzarətçi Baba müəllimi yanıma göndərdi. İfadəmi aldı. 20 gündən sonra məktub gəldi ki, şahid ifadələrinə əsaslanaraq qərara aldıq ki, səni haqlı olaraq həbs ediblər…

“Köhnə dostlarla” yeni görüş…

Yusif həbsdən sonra Bakıda yaşayır. Taksi sürücüsü işləyirmiş. Bir dəfə hava limanında təsadüfən hakim Elman Yəhyayevi görür. Onu sərnişin qismində maşınına mindirir. Yolda tanışlıq verir. Elman deyir ki, məni bağışla. Allah mənə cəza verdi. İşim, var-dövlətim əlimdən getdi. Sənə pislik etmişəm. İndi özüm pis vəziyyətdəyəm. Bakıda kirayədə qalıram.

Yusif ona: – Sən vicdansız adamsan,- deyib.

Sonra Salmanla da qarşılaşıb.

- 2014-cü ilin may ayının 30-da Çobanzadə küçəsində “Sultan” şadlıq sarayının qarşısında dayanmışdım. Bu zaman mənə bir nəfər yaxınlaşdı. “Yusif, həmişə azadlıqda, necəsən? Mənə bir siqaret ver”, – dedi. Tanımadım. Dedim sən kimsən? Dedi, Salman Vəliyevəm, işdən çıxmışam. Mən onu söydüm. Qorxusundan qaçıb “06”-na minib uzaqlaşdı…

Yusif Əmirov hələ də nahaqdan həbs olunduğunun davasını döyür. Görəsən, müsbət cavab ala biləcəkmi?/axar/

1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi