Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

“Hakimiyyət faşist Almaniyası və Stalin Rusiyasındakı təzyiq üsullarından istifadə edir”

Cəmil Həsənli: “Bu dünyada hələ heç kim kütləvi həbslərlə öz istəyinə nail olmayıb”
“Baş verənlər hakimiyyətin özü üçün də müsbət heç nə vəd etmir”


Son günlər müxalif siyasilərə, hüquq müdafiəçiləri və QHT rəhbərlərinə qarşı təzyiq və repressiyaların artması ictimai-siyasi müstəvidə ciddi müzakirələrə səbəb olmaqdadır. Məsələyə münasibət bildirən siyasilərin, ictimai xadimlərin böyük əksəriyyəti hesab edir ki, bu həbslər ümumilikdə cəmiyyətdəki qorxu və xof mühitini gücləndirmək məqsədi güdsə də, hakimiyyətin bununla ciddi mənada nəyəsə nail olması mümkünsüzdür.
Moderator.az-a açıqlama verən Milli Şura sədri, professor Cəmil Həsənli də artan həbslərin həm ölkə daxili, həm də ölkə xaricində hakimiyyətə başucalığı gətirmədiyi qənaətindədir. Hörmətli professorun sözlərinə görə, bu gün hakimiyyət vaxtiylə faşist Almaniyası və Stalin Rusiyasının istifadə etdiyi təzyiq üsullarından yararlanır: “Demokratiya üzərinə total hücumlar ötən əsrin 30-cu illərində daha çox iki ölkədə baş verirdi. Bu ölkələr faşist Almaniyası və Stalin Rusiyası idi. Həmin dövrdə demokratik qüvvələrin üzərinə bu cür total basqılar Almaniyada “hücumçu dəstələr”in, Rusiyada isə dövlət təhlükəsizlik orqanlarının əli ilə həyata keçirilirdi. Bundan sonrakı dövrdə də diktatura və avtoritar dövlətlərdə demokratik təchizatların boğulması müşahidə olundu. Görünür Azərbaycan rəhbərliyi də daha çox bu metodlara üstünlük verir. Kütləvi həbslər həyata keçirir, insanları günahsız yerə həbs edirlər”.
C.Həsənlinin sözlərinə görə, bu həbslərin mahiyyətini başa düşmək üçün həbs edilən şəxslərin kimliyinə, onların hansı məqsəd uğrunda mübarizə apardıqlarına baxmaq yetərlidir:
“Gəlin baxaq görək həbs edilənlər kimlərdir? Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Emin Hüseynli və s. Bunlar o insanlardır ki, o təşkilatların rəhbərləridir ki, siyasi məhbus məsələsində xüsusi mövqe göstərirlər. Bunların razılaşdırdığı siyahıda 97 siyasi məhbus yer alıb. Bir müddət bundan öncə isə Avropa Şurasının tribunasından ölkə başçısı bəyan etmişdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Dünyanın, beynəlxaslq təşkilatların hörmət və etibar etdiyi bu qurumların birgə siyahısında isə siyasi məhbusların mövcudluğu yer alır. Mənə elə gəlir ki, bu, siyasi məhbusların hüquqları uğrunda mübarizə aparan insan hüquqları təşkilatlarının rəhbərlərinin özlərini siyasi məhbus statusina salmaqdır”.
Milli Şura sədri hesab edir ki, hakimiyyətin məlum siyasəti ona yaxşı heç nə vəd etmir:
“Bu həbslərin hakimiyyət üçün müsbət bir nəticəsi olacağına inanmıram. Hələ bu dünyada bu vaxta qədər heç kim kütləvi həbslərlə öz istəyinə nail olmayıbdır. Bu üsuldan vaxtilə Məhəmməd Rza şah da istifadə edirdi və onun hansı aqibətlə üzləşdiyi hər kəsə bəllidir. O da bəllidir ki, Azərbaycan rəhbərliyi Məhəmməd Rza şahdan güclü deyil”.
1379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber