Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Sürücülər “London taksiləri”ndən niyə imtina edir?

«Bakı-Taksi» böhran vəziyyətindən çıxış yolları axtarır

Azərbaycanda fəaliyyət göstərən “London taksiləri”ndə gündəlik planın məbləği qaldırılıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, gündəlik plan, yanacaq xərcləri sürücülərin bənövşəyi taksilərdən imtinası ilə nəticələnir. Məlumata görə, “Bakı-Taksi” MMC yaranmış böhrandan çıxmaq üçün şəhərin müxtəlif yerlərində, ictimai nəqliyyatda elan verməyə başlayıb. Hətta bəzi taksilərdə sürücülərə ehtiyac duyulduğu barədə elanlar da yer alıb. Çünki xeyli taksi şirkətin qarajında istifadəsiz qalıb. Şirkət ziyanla işlədiyindən sürücü axtarışına çıxıblar.

Bakıda fəaliyyət göstərən “London taksiləri”nin sürücüləri də deyilənləri təsdiqləyib.

“Taksi götürəndə bizə dedilər ki, getikcə vəziyyət yaxşılaşacaq. Hətta bir müddət güzəşt də etdilər. Sonra yanacağın pulunu da bizim boynumuza qoydular. Gündəlik planı çatdırmaq olmur. Kim işləyirsə, bu o demək deyil ki, vəziyyəti yaxşıdır. Sadəcə, əlacsızlıqdan bu addımı atırıq”, - deyə adının çəkilməsini istəməyən sürücü bildirib.


Sürücülərlə söhbət zaman məlum oldu ki, onlar müştəri azlığından əziyyət çəkirlər: “Uzaq məsafəyə gedənlər bizim taksilərdən istifadə etmirlər. Əksəriyyəti düşünür ki, uzağa daha çox pul yazır. Ona görə də sərnişinlər şəxsi maşınıyla sürücülük edən taksilərə üstünlük verirlər, qiyməti danışırlar”.

“Vəziyyət elə gətirib ki, gərək bütün günü şəhəri dövrə vurasan. Bir yerdə dayansan, sərnişin tapmaq olmur. Bir yerdə dayanırsan, sərnişin olmur, şəhəri gəzirsən də, yanacaq çatdırmaq olmur. Gündəlik haqq, yanacaq xərclərini nəzərə alaraq, günə 10-15 manat evinə çörək pulu aparanda adam sevinir. Əvvəl yaxşı idi. 21 manat gündəlik plan verirdik. Sonra qiymətlər qalxdı. Deyiblər ki, bir-iki aya vəziyyət düzələcək. Olimpiya oyunlarına qədər ümid edirik ki, hər şey yaxşı olacaq”, - deyə başqa bir “London taksisi”nin sürücüsü gileylənir.

Sürücülərin sözlərinə görə, vəziyyət düzəlməyəcəyi təqdirdə “London taksiləri”ndən imtina edəcəklər: “Adi taksilərdə qazanc daha yaxşı olur. Bizə yaxşı maaş vəd etdilər, inandıq, bura gəldik. Ancaq sonradan aldadıldığımızın şahidi olduq. Gündəlik planı çıxaranda sevinirik. Əgər qiymətlər yenə qalxsa, burada heç kim işləməyəcək. Fikir vermisinizsə, şəhərdə ”London taksiləri"nin sayı azalıb. Heç kim istifadə etmir. Nə qədəri də qarajda qalıb. Dostlarımızın əksəriyyəti ya başqa işlə məşğul olur, ya da kreditə maşın götürüb “taksovatlıq” edirlər. Bir var, gündəlik plan verəsən, bir də var, kreditə maşın götürüb günə 20-25 manat ödəyəsən, 3 ildən sonra avtomobil də sənə qalsın. Hansı daha sərfəlidi? Təbii ki, kreditlə olan maşın. Çünki belədə daha çox qazana bilirsən".

Qeyd edək ki, bir müddət öncə gündəlik planın artmasına etiraz edən bir qrup taksi sürücüsü Nəqliyyat Nazirliyinin qarşısında toplaşıb şikayət etmişdi. Həmin vaxt “Bakı-Taksi” MMC isə bu iddiaları rədd edərək “London taksiləri”nə tələbatın artdığını bildirmişdi.
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24