Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Bakıda Günəş tutulması 7 dəqiqə çəkdi

Noyabrın 3-də növbəti dəfə Günəş tutulması baş verib.

Lent.az-a istinadən bildirir ki, "Hibrid Günəş tutulması" olaraq xarakterizə edilən təbiət hadisəsini Amerika Birləşmiş Ştatları, Avropa və Afrikada görmək mümkün olub. Günəş tutulması dünyanın bəzi bölgələrində qismən görünüb. Bu təbiət hadisəsini isə daha yaxından izləmək Keniyanın şimalında, əsasən Nayrobi sakinlərinə nəsib olub. Təbiət hadisəsini izləmək üçün xeyli sayda turist Nayrobiyə toplaşıb. Sakinlər isə bunun üçün əvvəlcədən xüsusi eynəklər də alıblar. Tutulma hadisəsi bütün Qafqazda günün batmasına az qalmış baş verdiyi üçün ölkəmizdə qısa müddət müşahidə olunub.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə görə, saat 14:06-da başlayan Günəş tutulması saat 19:28-də sona çatıb. Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə edilib. Bakıda isə Günəş tutulmasını noyabrın 3-də qüruba yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olub. Bu zaman Ayın diski Günəşin diskinə toxunub. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayıb. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə edilib.

Xıdır Mikayılovun sözlərinə görə, il ərzində bir neçə dəfə baş verən bu kimi təbiət hadisələri insanlarda bir sıra qorxular yaradır: “Bu proseslərin bioloji olaraq insana heç bir ziyanı yoxdur. Sadəcə olaraq bəziləri psixoloji olaraq qorxu yaşayır”.
2085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber