Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2014

Ac vətəndaş, bahalı kirayə bazarı

Dərslər başlayır, evlərin kirayə haqqı qalxır

Fantastik təhsil haqqı və bahalı kirayə bir çox tələbənin arzusunu gözündə qoyur


Tədris ili yaxınlaşdıqca paytaxtda kirayə evlərin də qiyməti bahalaşır. Tələbə adını qazanan rayonlardan gələn vətəndaşlar artıq Bakıda mənzil axtarışındadı. Bundan sui-istifadə edən ev sahibləri kirayə haqqını qaldırırlar. Ildən-ilə hər şeyin qiyməti qalxdığı kimi təhsil haqlarında da artım müşahidə olunur. Ən yaxşı fakültələr 3000-4000 manatdır. Bir az zəif isə 2000 manat civarındadı. Rayondan Bakıya gələn tələbənin valideyninin bu qədər xərci qarşılamağa maddi imkanı çatmır.

Öncə kirayə haqlarından başlayaq. Daha çox universitet metronun “Elmlər Akademiyası” stansiyası ətrafındadı. Bu ərazilərin bir kilometrliyində - “Inşaatçılar”da kirayə evlər 300 manatdan aşağı deyil. Düzdür, bir az ucuz qiymətə də tapmaq olar, ancaq orada yaşamaq çətinləşir. Ev sahibi boş otaqları tələbələrin ixtiyarına verir. Tədris ili yekunlaşanda, tələbələr Bakıdan getməyə başlayanda kirayə haqları istər-istəməz aşağı düşür. Bu zaman daha çevik tərpənənlər bəlkə də ucuz qiymətə və şəraiti normal olan mənzil əldə edə bilərlər. Ancaq bu hər zaman da uğurla sonuclanmır.

Tələbə öz yoldaşılarıyla birlikdə kirayədə qala bilər. Bu ən yaxşı variantdır. Di gəl, belə olan halda ev sahibləri bunu qəbul etmir. Məsələn, metronun “Elmlər Akademiyası” stansiyası ətrafında kirayə evlərin verilməsiylə bağlı vurulmuş enların əksəriyyətində ya ailəli adamlar axtarılır, ya da qız tələb olunur. Qeyd edilmiş nömrələrin bir neçəsiylə əlaqə saxlayırıq. Niyə elanlarda məhz bu cür istəklərin qeyd edildiyini soruşuruq. Dəstəyi qaldıranların əksəriyyətinin cavabı eyni olur: “Oğlan uşaqları məsuliyyətsiz olur, kommunal xidmət haqlarını vaxtı-vaxtında vermirlər, kirayə haqlarını gecikdirirlər, üstəlik, evi də təmiz saxlamırlar. Ancaq bu cür hallara çox vaxt qızlarda rast gəlmək mümkün deyil”.

Ev alğı-satqı və kirayəsi ilə məşğul olan maklerlər təsdiqləyir ki, son günlər mənzillərin kirayəsində qiymət artım hiss olunur. Onların sözlərinə görə, dərslər başlayandan bir ay sonraya qədər də bahalıq olacaq: “Çünki tələb var. Tələbələr gəlirsə, ev lazımdırsa, mənzil sahibləri qiymətləri qaldıracaq”.

Maklerlər onu da bildirdilər ki, universitetlərə yaxın yerlərdə evlər daha baha olur. “Elmlər Akademiyası”, “Inşaatçılar” tərəfdə iki otaqlı mənzillər 300-400 manat civarındadı: “Iki-üç tələbə birlikdə qalarsa, onlara bu məbləği ödəmək çətinlik törətməz. Kommunal xidmət haqqı da aya ən azı 30-40 manat edir”.

Dərs ilinin başlanmasına 1 ay qaldığı üçün evlərin tapılmasının da çətinləşdiyini deyən maklerlər günə orta hesabla 5-6 mənzilə kirayənişin tapırlar.

Illik minimum xərc: 6 min manat

Çox çətinliklə də olsa oğlan tələbələr də mənzil kirayələyə bilirlər. Indi təhsil haqqını, kirayə pulunu, gündəlik ərzağa olan tələbatı hesablayanda meydana elə bir qiymət çıxır ki, bu orta statistik azərbaycanlının bir neçə illik xərcinə bərabər olur.

Adi bir hesablama aparsaq, bunu əyani sübut edə bilərik. Onu da bəri başdan qeyd edək ki, bizim hesablamamız minimum qiymətlərlədi.

2000 manata təhsil haqqı olan tələbə bir neçə yoldaşıyla kirayə evə ən azı adambaşına 100 manat ödəməlidi. Nəzərə alsaq ki, tədris ili tələbələr üçün 10 aydır, bu, 1000 manat edir. Gündəlik xərcləri - gediş haqqını, yemək və geyim pullarını, dərslik ləvəzimatları da ən pis halda gündəlik 10 manat olarsa, bu, aya 300 manat, 10 aya 3000 manata çıxır. Beləliklə, bir tələbə üçün valideyni 10 aya minumum xərclərlə 6 min manat xərcləməlidir. Bu rəqəm yalnız Avropa ölkələri üçün keçərlidir. Orada vətəndaşlar bu məbləği çox rahatlıqla qarşılaya bilər.

Tələbə adını qazanıb bunu sona qədər qorumaq indiki şəraitdə olduqca çətindir.

Tələbələrin əksəriyyəti ofisiant işləyir

Ona da diqqət yetirmisinizsə, tədris ili başlayandan bir müddət sonra tələbələr iş yerləri axtarırlar. Çünki gündəlik tələbatı qarşılamaq olmur. Əksəriyyəti restoranlarda, şadlıq evlərində ofsiant işləyir. Bəxti gətirən, adamı olan bir az yüngül və rahat işlərlə problemdən çıxış yolu tapırlar.

Indiki zamanda tələbə üçün ən yaxşı iş elə ofsiant olmaqdı. Günə 10-15 manat maaş alırsan, bəzən müştərilər “çay pulu” verir, üstəlik, işdə olduğun müddətdə qida promlemin təmin edilir. Bu yaxşıdır, tələbə özü probleminin böyük hissəsini qarşılaya bilir. Ancaq ofsiant işləməyin, eləcə də başqa sahədə çalışmağın tələbəyə vurduğu zərbə onun yaxşı təhsil ala bilməməsidir. Çünki, əksər iş yerləri tələbələrin universitetlərə getməsinə maneə yaradır. Hətta güzəştli iş yerlərində belə tələbə dərs sona çatan kimi çalışdığı zonaya qayıtmalıdı. Bu isə ona yaxşı təhsil almağa çətinlik yaradır, növbəti günün dərslərinə hazırlaşmağına imkan vermir.

Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan Hikmətin illik təhsil haqqı 2700 manatdır. O, hazırda Bakıdakı şadlıq evlərinin birində ofsiant işləyir. Qazancından narazı deyil, ancaq universitetdə yaxşı oxuya bilmir: “Günə 15-20 manat qazancım olur. 10 manat restoran sahibi zəhmət haqqı kimi ödəyir, 5-10 manat da ”çay pulu" əldə edirəm. Ancaq bütün günü burdayam, həftədə bir-iki dəfə universitetə gedə bilmirəm. Imtahan vaxtları, bir də toy olmayan zamanda dərslərimə hazırlaşıram. Ancaq bir tələbə ilin 5-6 ayını oxumursa, növbəti vaxtlarda onun hazırlaşması heç də yaxşı alınmır. Ya işləməlisən, ya da oxumalısan. Oxusan ac qalacaqsan, işləyəndə də adın sadəcə tələbə olur".

***

Onu da bildirək ki, hər il onlarla tələbə təhsil haqqı çox olduğundan universitetlərdə oxumaqdan imtina edir.

Ramin DEKO/azadlıq
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber