Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Nehrəmli əlil döyüşçü: “Təqaüdüm heç yavan çörəyə də çatmır...”

"Birotaqlı evim nəmişlikdir, insan yaşayacaq şəkildə deyil. Gəlib bir dəfə qapımı açıb deyən yoxdur ki, bu adam ölüb, ya qalır. Mən də Azərbaycan vətəndaşıyam. 1992-1993-cü illərdə döyüş şəraitində, qarın üstündə xidmət etmişəm. İndi sağ qolum işləmir”.

Naxçıvanın Babək rayonu, Nehrəm kənd sakini, II qrup əlil Məhərrəm Mahmudov dövlətdən yardım istəyir. İki uşaq atası olan Nehrəm sakini “Azadlıq”a deyib ki, sağ qolu işləmədiyindən gözünü dikib 147 manat təqaüdə.

O bildirir ki, bu pula nəinki yeni ev tikmək, ailənin yavan çörəyini də çatdıra bilmir: “Ev problemimlə bağlı bir necə dəfə Ali Məclisə, prezidentə məktub yazmışam, gəlib baxan yoxdur. Yaşadığım ev 50 ilin tikilisidir. Nəmişlikdir, yaşamaq olmur. Həyat yoldaşım da mənim kimi əlildir. Belə nəmişlikdə, şəraitsiz evdə yaşamaq ikimizin də səhhətinə ziyandır. Keçmiş döyüşçü kimi dövlətdən yardım istəyirəm. Aldığım təqaüdlə problemi aradan qaldıra bilmirəm. Səhhətimin yaxşılaşması üçün dövlət mənə əl tutmalıdır, müalicəmi boynuna çəkməlidir. Mənə ev tikib versinlər. Mən də normal evdə yaşamaq istəyirəm”.

Məhərrəm Mahmudov deyir ki, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onunla cəmi bircə dəfə maraqlanıblar, o da nəticəsiz qalıb: “Bir dəfə Babək rayon Sosial Təminat Şöbəsindən zəng edib dedilər ki, sən pensiya alırsan, ona görə də sənə kömək edə bilmərik. Dedilər ki, evinə 80 manatdan artıq pul girirsə, yardım düşmür. Üstəlik dedilər ki, yuxarıdan göstəriş olmalıdır. Dövlət vətəndaşa sahib çıxmayacaqsa, nəyə lazımdır? Mən və yoldaşım normal evdə yaşamalıyıq ki, səhhətimiz də düzəlsin. Yoxsa bu nəmişlik bizi ölümə aparır”.

Babək rayon Sosial Təminat Şöbəsindən isə bu şikayətin əksinə olaraq əlillərə davamlı qayğı göstərdiklərini dedilər. Şöbədən bildirdilər ki, şikayətçi onlara yenidən müraciət edərsə, araşdırıb qanun çərçivəsində müvafiq addımlar ata bilərlər.

Rəsmi məlumata görə, ötən il Naxçıvanda 54 nəfər əlilin sosial-məişət şəraitini yaxşılaşdırılması, 28 nəfərin isə müalicəsi üçün maddi köməkli göstərilib. Məlumata görə, 1992-ci ildən bəri 188 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunub. Üstəlik, həmin müddətdən indiyə kimi 349 əlilə minik avtomobili verilib./virtualaz/
990 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10