Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2014

Cəmil Həsənli Arif Yunusun qardaşına cavab verdi

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan Arif Yunusun qardaşı, ABŞ-da yaşayan Ramis Yunus müraciət yayaraq, qardaşımın və onun həyat yoldaşı Leyla Yunusun müdafiə komitəsinə Milli Şuranın sədri Cəmil Həsənlinin rəhbərlik etməsini ist'yib. Cəmil Həsənli "Azadlıq" qəzetinin elektron poçtuna göndərdiyi məktubla Ramis Yunusun çağırışına cavab verib:

"Bu gün mətbuatda Birləşmiş Ştatlarda yaşayan dostumuz Ramis Yunusun açıqlaması ilə tanış oldum. Bu günlər Yunuslar ailəsi üçün ağırdır və Azərbaycan cəmiyyətində, dünyada yaxşı tanınan, etibar edilən, etimad göstərilən hüquq müdafiəçisi Leyla xanım, onun həyat yoldaşı, öz kitabları və yazıları ilə Dağlıq Qarabağ münaqişəsinin tarixinə, bugünkü durumuna aydınlıq gətirən, dünya miqyasında haqlı mövqeyimizi müdafiə edən Arif Yunus repressiya qurbanı olmuş, saxta ittihamlarla həbs edilmişlər. Yəni burda söhbət Azərbaycanın ictimai həyatında, sosial düşüncəsində önəmli rolu olan bir ailənin həbsindən, onların ictimai proseslərdən təcrid edilməsindən gedir. Şübhəsiz ki, baş verənlər ağır hadisələrdir və bütün vasitələrlə haqsızlıqlara düçar olmuş bu ailənin yanında olmalıyıq. Əslində, Azərbaycan cəmiyyətinin Leyla xanıma bir minnətdarlıq borcu var. 30 ilə yaxındır ki, sanbalı cismani varlığından, cəsarəti fiziki gücündən böyük olan bu bəstəboy qadın cəmiyyətin müdafiə gücünün simvoluna çevrilmişdir və indi onu müdafiə etmək hər kəs üçün bir vicdan məsələsidir. Düzünü deyim ki, Ramis bəyin məktubu olmadan da biz bu işi görürük və ictimai əsaslarla edə biləcəyimiz bir şeyləri edirik. Amma bütün hallarda göstərdiyi bu etimada görə Ramis bəyə təşəkkür edirəm. Bununla yanaşı, necə deyrlər, dərd gələndə batmanla gəlir - həbsə alınanlarımız, nahaq şərə tuş gələnlərimiz, repressiya qurbanlarımız çoxdur. Biz Leyla xanımın həbsindən sonra onun ofisində keçirdiyimiz toplantıda məsələni belə qoyduq ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Leyla xanımla yanaşı hakimiyyətin repressiyalarına məruz qalmış bütün vətəndaş cəmiyyəti təmsilçilərini, vicdan məhbuslarını, siyasi mülahizələrlə həbs edilən bütün şəxsləri müdafiə etməyi özümüzə borc bilirik. Şübhəsiz ki, Leyla xanımın qadın olması, cəmiyyət qarşında müstəsna xidmətləri, səhhətindəki problemlər ona daha çox diqqət ayırmağı tələb edir. Biz bunu nəzərə almalıyıq və alırıq da. Amma Leyla xanım nə Rəsul bəyin, İntiqam bəyin, Arif bəyin, Anar bəyin, İlqar bəyin, Tofiq bəyin, Yadigar bəyin, Pərviz bəyin, Qurban bəyin, Tale bəyin, bizim NİDA-çı dostlarımızın və nə də adını çəkmədiyim onlarla siyasi məhbusun müdafiəsini öz müdafiəsindən kənar düşünmürdü. Həbsdən əvvəl bu istiqamətdə onun göstərdiyi fədakarlıqlar gözümüzün qabağındadır və çox sağ olsun İşçi Qrupu ki, siyasi məhbus siyahısı ilə bağlı onun başladığı işi uğurla başa çatdıra bildi. Ona görə elan etdiyimiz kimi, biz bu komitəni repressiya qurbanlarının hamısına aid edirik və Leyla xanım başda olmaqla onları müdafiə istiqamətində qanun daxilində görə biləcəyimiz hər şeyi etməyə qərarlıyıq. İndiyə qədər etdiyimiz müəyyən işlər, atdığımız bir sıra addımlar var və indi mən onun hesabatın vermək fikrində deyiləm. Eyni zamanda biz siyasi məhbus məsələsi üzərində hansısa bir monopoliya qoymaq fikrindən də çox uzağıq. İstər birlikdə olsun, istər ayrılıqda hər kəs bu prosesdə iştirak edə bilər, öz dəstəyini verə bilər. Biz xüsusilə, İşçi Qrupunun böyük fədakarlıqlar hesabına hazırladığı vahid siyahının müdafiə edilməsini vacib hesab edirik. Kimin bu istiqamətdə atdığı faydalı addımlar varsa onu təqdir edir və qiymətləndir, eyni istiqamətdə aparılan işlərdə səylərin birləşdirilməsi, mövqelərin uzlaşdırılmasını da faydalı hesab edirik. Bu məramla da qarşıdakı həftənin əvvəllərində Müdafiə Komitəsinin toplantısını keçirməyi düşünür və arzu edən hər kəsi orada görmək istəyirik. Əgər kiminsə bu istiqamətdə fərqli yanaşması varsa ona da hörmətlə yanaşırıq".
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.