Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

İnsanı sağlam saxlayan beş əsas qida

Sağlam həyat tərzi hər gün istifadə olunması zəruri olan beş qida qrupundan və sudan asılıdır. Sağlam qidalanma ilə bağlı mütləq hər kəsin bir fikri, məlumatı vardır. Ancaq əsas qida qruplarını bilmək sağlam qidalanma ilə bağlı öyrəndiklərimizin doğru və ya yanlış olduğunu aydınlaşdırmağa kömək edəcək. Bəs beş əsas qida qrupları hansılardır?

Meyvə və tərəvəzlər

Meyvə və tərəvəzlər günlük qida ehtiyacımızın üçdə birini təşkil edir. Təzə tərəvəz və meyvənin üstünlük təşkil etdiyi qidalanma tərzi xolesterini və yüksək qan təzyiqini azaltmağa kömək edir, beynimizin gənc qalmasını təmin edir. Mütəxəssislər də bu qida qrupunun faydalarını göz önünə alaraq hər gün mütləq beş porsiya tərəvəz və meyvə istehlak etməyi məsləhət görür.

Çörək, düyü, kartof və makaron

Bu qida qrupu da meyvə və tərəvəz kimi günlük sağlam qidalanma proqramının üçdə birini təşkil edir. Çünki çörək, düyü, kartof və makaron kimi qidalar orqanizmin enerji qaynağı olan qatı karbohidratla zəngindir. Burada önəmli olan qida seçərkən ağ undan hazırlanan qidalardan yox, tam buğdadan hazırlanmış qidalar seçməyə diqqət etməkdir. Çünki tam buğdada olan karbohidratlar xərçəng, diabet və ürək xəstəlikləri riskini azaldır.

Süd və süd məhsulları

Süd və süd məhsullarında yüksək miqdarda doymuş yağ olduğundan həddindən artıq qəbul edilməsi zərərlidir. Amma eyni zamanda, çox önəmli kalsium qaynağı hesab edildiyi üçün sağlam sümük və dişlərə sahib olmaq üçün qədərində istifadə etmək lazımdır. Süd məhsulları seçərkən az yağlı olanlara üstünlük vermək məsləhətdir.

Ət, balıq, yumurta və paxlalılar

Heyvani qidalar və paxlalılar ən önəmli zülal qaynaqlarıdır. Zülal isə bildiyimiz kimi, hüceyrə quruluşunun əsas üzvi maddəsidir. Buna görə də qida ilə aldığımız zülal orqanizmə həm enerji verir, həm də orqanizmin inkişafına yardımçı olur. Bundan başqa, zülal immunitet sistemini qoruyur, maddələr mübadiləsinin surətlə işləməsini təmin edir.

Yağlı və şəkərli qidalar

Pəhriz üçün məsləhət görülməsə də, yağ və şəkərli qidalar vacib enerji qaynağıdır. Ancaq çox az və diqqətli bir şəkildə istifadə olunmalıdır. Mütəxəssislər bu qrupa salat, ət, meyvə kimi sağlam qidaların yanında dad qatmaları baxımından az və kiçik porsiyalarda istifadə olunmasına diqqət çəkirlər.
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber