Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

İsmayıllı məhkəməsi gözlənilməz ifşa ilə başladı

Məhkəmə binası mühasirəyə alındı; jurnalistlər və dustaqların yaxınları zala buraxılmadı

Hadisələrin iştirakçısı polis tutulanların günahsız olduğunu bəyan etdi


Bu ilin yanvarında İsmayıllıda baş vermiş etirazların təşkilində günahlandırılaraq həbs edilən "Respublikaçı Alternativ" (REAL) Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də İsmayıllı sakini olan 16 nəfərin işi üzrə dünən məhkəmənin hazırlıq iclası keçirildi. Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyilə baxılır.
Məhkəmə prosesini izləməyə 200 nəfərdən çox adam gəlmişdi. Onların bir qismi təqsirləndirilən şəxslərin yaxınları idi. Amma prosesə ictimai diqqət də kifayət qədər çoxdur. Bu üzdən məhkəməni izləməyə gələnlər sırasında çoxsaylı jurnalistlər, tanınmış ictimaiyyət nümayəndələri də vardı. Bu sırada AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli, Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, adıçəkilən partiyaların yerli təşkilatlarının üzvləri, hüquq müdafiəsi Arzu Abdullayeva, tanınmış hüquqşünaslar İntiqam Əliyev, Ənnağı Hacıbəyli, keçmiş vicdan məhbusu Vidadi İsgəndərli və digərlərinin adlarını çəkmək olar.
Məhkəmə binası polis əməkdaşları vasitəsilə əhatəyə alınmışdı. Onlar məhkəmə zalının kiçik olduğunu bəhanə gətirərək, yalnız ittiham olunan şəxslərin bir neçə qohumunu içəri buraxdılar. Bu da prosesi narazılığa səbəb oldu. Hüquq müdafiəçiləri və fəallar məhkəmə zalının dəyişdirilməsini, prosesin daha böyük zalda keçirilməsini tələb etsələr də, bunun heç bir nəticəsi olmadı.

Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu müttəhimin ailə üzvü olaraq məhkəmə salonuna keçmək istəsə də, polislər ona da imkan vermədilər. Onlar Nərgiz Yaqubluya zalda yer olmadığını dedilər. Bunu eşidən bir nəfər bayıra çıxıb öz yerini Nərgiz Yaqubluya vermək istədi. Ancaq polislər yenə də "içəridə yer yoxdur" bəhanəsilə Hərgiz Yaqublunu içəri buraxmadılar.
Zalda olan məhbusların yaxınları isə jurnalistlərə xəbər göndərdilər ki, yerlərin tutulması üçün içəri əlavə adamlar gətiriblər. Bununla da məhkəməni izləməyə gələnləri içəri buraxmamaq üçün bəhanə əldə ediblər. Bu məsələ ilə əlaqədar etirazlar olsa da, məhkəməni mühafizə edən polislər heç bir addım atmadılar.
Bundan başqa, prosesi işıqlandırmaq istəyən media nümayəndələrinin də məhkəmə zalına daxil olmasına imkan verilmədi. Şəki polisinin mülki geyimli vəzifəlisi bildirdi ki, jurnalistlərin məhkəməyə buraxılmaması barədə göstərişi məhkəmənin sədri Elxan Süleymanov verib. Bu, azmış kimi, polislər jurnalistlərin məhkəmənin həyətində də işləməsinə maneə yaratdı.
"Musavat.com"un yazdığına görə, İsmayıllı olaylarına görə təqsirləndirilən şəxslərin içəri buraxılmayan yaxınları məhkəmənin binası qarşısında göz yaşı tökür, polislərin sırasında dayanmış bir nəfər mülki geyimli şəxs isə onlara baxaraq gülür, ələ salır, üstəlik, heç kimin içəri buraxılmaması haqda göstərişlər verirmiş.
Məhkəmə zalına daxil olmağın mümkünsüzlüyünü görən təqsirləndirilən şəxslərin yaxınları prosesə zalın pəncərəsindən baxmaq istəsələr də, içəridə olan polis pəncərəni də bağladı. Bu da çöldə yaxınlarını gözləyənlərin hiddətinə səbəb oldu. Məhbuslardan birinin yaxını məhəccərdən içəri atılaraq pəncərəni açdı. Bunu görən 3-4 polis oğlanın üstünə tökülüb onu vurdular. Həyətə toplaşanlar həmin gənci çətinliklə də olsa, polislərin əlindən ala bildilər. Həbsdə olan şəxslərin azyaşlı övladları da atalarını görmək üçün zala buraxılmadılar. Uşaqlar isə həyətdə "ata" deyərək ağlayırdılar.
REAL Hərəkatının icra katibi Natiq Cəfərli "Azadlıq"a açıqlamasında bildirdi ki, bu iş üzrə ilk iclas biabırçı keçdi. Onun sözlərinə görə, prosesi bilərəkdən kiçik zalda keçiriblər: "Yer o qədər kiçik idi ki, hətta dustaqlar belə, dəmir barmaqlıqlar içində olan yerə sığışmamışdılar. Üç nəfərlik qəfəsə 18 nəfəri salmışdılar. Vəkillər prosesdə audio və video çəkilişə imkan verilməsi, jurnalistlərin zala buraxılmasıyla bağlı vəsatət verdilər. Hakim vəsatətlərin heç birini təmin etmədi. İlqar Məmmədovun vəkilləri həm onun, həm də digər təqsirləndirilən şəxslərin azadlığa buraxılması haqda vəsatət verdilər. Hakim bu vəsatətlərə sabah (bu gün-red.) saat 11:00-da baxacaq".
Natiq Cəfərli onu da qeyd etdi ki, iş üzrə zərərçəkmiş qismində tanınan polislərdən biri məhkəmədə söz alaraq, təqsirləndirilən şəxslərin günahsız olduğunu bildirib və onların azadlığa buraxılmasını istəyib: "Zərərçəkmiş qismində tanınan polislərdən biri təqsirləndirilən şəxsləri tanımadığını, onların əleyhinə ifadə vermədiyini, özünün də heç nədən zərər çəkmədiyini bildirdi. Dedi ki, həbs olunanlar dərhal azadlığa buraxılmalıdır, çünki onların günahı yoxdur. Həmin polis cinayət işinin materiallarında onun adından yazılmış ifadədən imtina etdi. Ancaq hakim bunu nəzərə almadı. Bir sözlə, məhkəmədə adi hüquqlar belə, təmin edilmədi. Vəkil Xalid Bağırovun təbirincə desək, Afrikanın ən geridə qalmış ölkəsində belə, bu cür biabırçı məhkəmə prosesi keçirilə bilməzdi".
Xatırladaq ki, İlqar Məmmədov, Tofiq Yaqublu və digərlərinə qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələrilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda, vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
İş üzrə məhkəmənin hazırlıq iclası bu gün davam edəcək.

/azadlıq/

2016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34