Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Həbsxanada kimlər olmalıdır?

Hesablama Palatası həqiqi cinayətkarlar haqqında Milli Məclisə məlumat verib
Yaşadığımız ölkənin adı Azərbaycan olsa da, yaşadıqlarımız göstərir ki, bura absurdlar ölkəsidir. Bu ölkədə ən ləyaqətli insanın “vətən xaini”, ən vicdanlı insanın “ermənipərəst”, ən təmiz insanın “vergidən yayınan” adlandırılması təbii haldır. Əgər siyasi hakimiyyətin qərarı varsa, istənilən adamın evindən tiryək, istənilən adamın cibindən silah tapmaq olar.
Hüquq müdafiəçilərinin çiyninə kimlərin cəzası yüklənib?
Fransız mütəfəkkiri Monteskye deyirdi ki, bir nəfərə qarşı olan haqsızlıq, hamı üçün təhlükəlidir. Uzun illərdi hakimiyyət qondarma ittihamlarla siyasi müxalifəti sıradan çıxarmağa çalışır. Bu illər ərzində onlarla müxalif fəal narkotikadan tutmuş, xuliqanlığa qədər müxtəlif cinayətlərdə ittiham olunub və bu ənənə davam edir. Ölkənin vicdanlı vəkilləri, hüquq müdafiəçiləri isə şərlənərək həbs olunmuş fəalları həmişə müdafiə ediblər. Vəziyyət o həddə çatdı ki, hakimiyyət müdafiə edənləri də həbs etməyə başladı. Leyla Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov, Arif Yunus və digərləri öz işlərinə vicdanla yanaşdıqları, hakimiyyətə yaltaqlıq etmədikləri, həqiqətləri dünyaya çatdırdıqları üçün həbs olundular. Təbii ki, bu adamları narkotika ittihamı ilə həbs etmək olmazdı. Bu şəxsləri cəmiyyətə “vergidən yayınan” kimi təqdim etmək olardı. Həqiqətən də adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.
Əslində Intiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov və digərləri hakimiyyətin mahiyyətindən xəbərdar olduqları və hakimiyyətin onlara qarşı münasibətini bildikləri üçün heç vaxt fəaliyyətlərində nöqsana yol verməzdilər. Təbii ki, ictimai-siyasi proseslərdən xəbərdar olan hər kəs başa düşür ki, bu şəxslərin vergidən yayınması və qanunsuz sahibkarlıqla məşğul olmaları mümkünsüzdür. Əksinə, bu şəxslər ölkədəki qanunsuzluğu, hüquqsuzluğu, saxtakarlığı ifşa etməklə məşğul olublar. Indi hakimiyyət saxtakarlıqla mübarizə aparanları, saxtakarlıqda ittiham etməklə qisas alır.
Bəs, əslində vergidən yayınan, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan kimlərdi? Leyla Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov kimlərin əvəzinə həbsə salınıb?
Bütün bunların cavabı Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti haqqında hesabatda əksini tapıb və bu hesabat Milli Məclisə təqdim olunub. Qeyd edək ki, Azərbaycanda heç bir qurum müstəqil olmadığı üçün, bu hesabatda da real vəziyyət çılpaqlığı ilə göstərilməyib. Amma hesabatda qeyd olunanlar da kifayət qədər ciddi faktlardır.
Vergidən yayınanlar və vəzifədən sui-istifadə edənlər kimlərdir?
Hesablama Palatasının hesabatından da görünür ki, dövlət qurumlarında kifayət qədər vergidən yayınma halları baş verib və bu qanunsuzluqlar rəqəmlərlə ifadə olunub. Məsələn, xaricə işləməkdə ittiham olunan, vergidən yayındığı iddia edilən Leyla Yunusun, Intiqam Əliyevin, Rəsul Cəfərovun təqsiri sübuta yetirilməyib. Amma Xarici Işlər Nazirliyindəki yeyintilər təsdiqini tapıb. “Auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olmuş məlumatda Xarici Işlər Nazirliyi tərəfindən 2013-cü ilin sonuna bütün xəzinə hesabları üzrə kassada saxlanılmış 58109 manat, ezamiyyət xrəclərinin hesablanması zamanı artıq ödənilmiş 3050 manat, yanacaq sərfi normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq xərclənilmiş 4201 manat, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsində artıq ödənilmiş 15284 manat vəsaitin dövlət büdcəsinə qaytarılması və gələcəkdə təkrar olunmaması istiqamətində zəruri tədbirlərin görüldüyü bildirilmişdi”-deyə hesabatda göstərilir.
Yaxud, Diasporla Iş üzrə Dövlət Komitəsi tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə hesabatda bildirilir ki, ezamiyyətlər zamanı artıq ödənilmiş 5239 manat, Novruz bayramı üzrə ziyafətlərə artıq xərclənilmiş 21016 manat, nəzərdə tutulmadığı halda dəvətnamələrə xərclənmiş 5250 manat, eyni adlı xidmətə ödənilmiş 6000 manat və digər qanunsuz xərclər aşkar edilmişdi. Göründüyü kimi, yeyintilər və vergidən yayınmalar vicdanlı QHT rəhbərlərinin deyil, dövlət strukturlarında təmsil olunanların aktivindədir.
Etiraf olunmuş nöqsanlar və günahsızların ittiham olunması
Hesablama Palatasının hesabatından məlum olur ki, təhsil sahəsində də kifayət qədər yeyintilər, artıq xərcləmələr, qanunsuz ştatların saxlanılması halları var. Eyni zamanda Ictimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılan vəsaitin auditi aparılıb: “Şirkət tərəfindən bir sıra xərc istiqamətləri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablama aparılmamışdır. Işçilərə və digər yaradıcı şəxslərə ödənilən qonorardan sosial sığorta haqqı tutulmamış, işçilərə qonorar kimi ödənilən vəsaitdən sosial sığorta haqqı artıq hesablanmışdır. Xarici bəzək işlərinə və elektrik avadanlıqlarına artıq vəsait xərclənmişdir”.
Bundan əlavə, müxtəlif teatrlarda, sənədli film studiyalarında aşkar olunmuş nöqsanlarla bağlı hesabatda geniş məlumatlar əksini tapıb.
Səhiyyə Nazirliyində aparılmış yoxlamalar zamanı da nazirliyin müxtəlif sahələrində ciddi nöqsanlar aşkarlanmış və yeyintilər üzə çıxmışdı. Belə ki, yoxlama zamanı ərzaq məhsulları üzrə çatışmazlıq, büdcədən yayınma və dərman pereparatlarının təminatı üzrə nöqsanlar aşkar edilib. Bu nöqsanlara görə 7 şöbə müdirinə, 8 tibb bacısına töhmət verilib, anbardara xəbərdarlıq edilib.
Hesabatda göstərilən rəqəmlərdən aydın olur ki, müxtəlif xəstəxanalarda 100000 manatlarla ölçülən yeyintilər aşkar olunub.
Kənd təsərrüfatı sahəsində də eyni hal hökm sürür. Tonlarla mineral gübrənin satılması, “Torpaq icarəsi haqqında” qanuna əməl olunmaması, ciddi hüquq pozuntularına yol verildiyi aşkar edilib. Bütün bu nöqsanlar rəqəmlərlə göstərilir və hansı növ gübrənin satıldığı da adı ilə qeyd olunur.
Daha sonra hesabatda icra hakimiyyətlərinin tabeliyində olan “Mənzil və kommunal təsərrüfat” sahələrinin fəaliyyəti haqqında məlumat verilir və ciddi nöqsanların olduğu bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Gənclər və Idman Nazirliyində aparılan yoxlamalar da eyni nöqsanlarla zəngindir.
Yəni rəsmi şəkildə etiraf olunur ki, ölkənin bütün sahələrində qeyri-şəffaflıq hökm sürür, kütləvi şəkildə vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti var.
Ancaq əzəmətli hökumətimizin sifarişi əsasında, hüquq mühafizə orqanları bütün sahələrdə olan vergidən yayınma hallarını Leyla Yunusun, Intiqam Əliyevin, Rəsul Cəfərovun simasında ümumiləşdirməkdə israrlıdır.
Bugün qondarma ittihamlarla həbs olunmuş hüquq müdafiəçilərinin üstünə hücum çəkən millət vəkilləri, Milli Məclisə təqdim olunmuş hesabatla bağlı etiraz bildirməkdə acizdirlər. Əslində, vicdanlı insanların həbsinə haqq qazandıranlar, bugün büdcə cinayətlərinə imza atan adamlardı.
Səhv düşəndə yerimiz
Biz Hesablama Palatasının hesabatından ona görə nümunələr gətirdik ki, hakimiyyətin şəffaflıqda maraqlı olmadığını bir daha sübut edək. Əgər hakimiyyətin məqsədi qeyri-qanuni fəaliyyəti ifşa etmək olsaydı, o zaman Hesablama Palatasının hesabatına əsasən yüzlərlə yüksək vəzifəli şəxs həbs olunmalı idi. Ancaq görünən odur ki, milyonlarla büdcə oğurluğuna imza atanlar “töhmət” və “xəbərdarlıq” cəzasına məhkum olunurlar. Şəffaf və vicdanlı fəaliyyət göstərənlər isə, dərhal həbs olunur.
Bu faktlar onu sübut edir ki, hüquq müdafiəçilərinə qarşı irəli sürülmüş “ağıllı ittiham”lar da ağlabatan deyil. Əksinə, 30 ildən artıq hüquq müdafiəçiliyi edən, Avropa Məhkəməsində dəfələrlə qalib gələn, onlarla hüquqşünas yetirən adamları qeyri-qanuni fəaliyyətdə ittiham etmək, hakimiyyətin hüquqa nifrət etdiyinin göstəricisidir.
Intiqam Əliyev, Leyla Yunus və digərləri vergidən yayınıbsa belə, bununla dövlətə ciddi zərbə dəyməz və bunu sığortalamaq çətin olmaz.
Amma dövlətin bütün strukturlarında “büdcə oğruları” fəaliyyət göstərirsə və fəaliyyətə “yaşıl işıq” yandırılırsa, əsl vətənə xəyanət budur.
Təəssüf ki, Hesablama Palatasının hesabat təqdim etdiyi Milli Məclis də xalqa mandat alverinin hesabatını verməyib.
Yəni yaşadığımız ölkədə hesabatsızlıq hökm sürür. Ona görə də hesabat vermək istəməyənlər, hesabat tələb edənləri “vətən xaini” adlandırmaqdan çəkinmirlər.
Bir sözlə, Intiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Arif Yunus və digərləri onları ittiham edənlərin yerinə həbs cəzası çəkirlər. Indi cinayətkarlar bahalı villalarda, günahsızlar isə zindanda ömür sürür.
Indi yerlər səhv düşə bilər, bu, müvəqqətidir. Həbsxana həyatını haqq edənlər mütləq bu məkanın sakininə çevriləcəklər./azadlıq/
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19