Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

İŞİD-in arxasındakı güc

İraqda və Suriyada qanlı qırğınları ilə məşhurlaşan “İraq-Şam İslam Dövləti” qruplaşması hər gün bir qanlı olayı ilə gündəmə gəlir. Suriyada, İraqda dinc, günahsız insanları gülləboran edən, baş kəsilməsi edamları, indi isə İraqın şimalındakı yezidi kürdlərinin qadınlarını əsir alıb qul kimi satması ilə dünyanı dəhşətə gətirən İŞİD həm də dünyanın ən mübhəm təşkilatı hesab olunur. Bu qurum haqqında faktiki olaraq heç bir dəqiq məlumat yoxdur.

Qeyd edək ki, özünü İslam təşkilatı elan edən, hətta İraq və Suriya ərazisində “İslam xilafəti” yaratdığını elan İŞİD daxilində İraq, Suriya kimi ölkələrlə yanaşı, ərəb ölkələrindən, o cümlədən dünyanın az qala bütün nöqtələrindən gələn savaşçılar toplaşıb.

Analitiklər İŞİD-in təkfirçi cərəyandan güc aldığını, üzvlərinin əsasən məhz təkfirçi, xəvaric düşüncəsində olduğunu qeyd edirlər. Bu səbəbdən faktiki olaraq İŞİD heç bir müsəlman ölkəsi və ya təşkilatı tərəfindən dəstəklənmir. Baxmayaraq ki, bir sıra müsəlman ölkələri və ya qurumlarının, ayrı-ayrı şəxslərin adları bu qruplaşmaya dəstək verənlər siyahısında çəkilir.

Ən maraqlısı odur ki, İŞİD-in arxasında dayan ölkələr sırasında Qərb ölkələrinin, o cümlədən İsrailin adı hallanır. Hətta qruplaşmanın Yaxın Şərqi yenidən parçalamaq, xaos yaratmaq üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO tərəfindən qurulduğu və dəstəkləndiyi iddia olunub. Eyni zamanda İsrail kəşfiyyatının belə bir qruplaşmanı yaratdığı, indi özünü xəlifə elan edən İŞİD rəhbəri Əbubəkr əl-Bağdadinin qruplaşmanın içinə yeridilmiş Şimon Eilot adlı agent olduğu ilə bağlı iddialar da ortaya atılıb. Ancaq hələlik bütün bunlar iddia olaraq qalır. Onları sübut etmək isə faktiki olaraq mümkün deyil.

Yeri gəlmişkən, İŞİD-in S.Ərəbistanı, o cümlədən Qətər və Türkiyə, nəhayət, Suriya hakimiyyəti tərəfindən qurulduğu ilə bağlı fərqli mənbələrin iddiaları da var. Təbii ki, sıralamadan göründüyü kimi, indi məhz biri-birinə rəqib olanlar öz rəqiblərini İŞİD-i yaratmaqda və ya ona dəstək verməkdə ittiham edir.

Yeri gəlmişkən, hazırda ABŞ və qismən Britaniya aviasiyası İraqın şimalında kürd bölgələrinə hücum edən İŞİD yaraqlılarını bombalayır. Britaniyanın baş naziri isə İŞİD-ə qarşı təcili ciddi tədbirlər görülməsi çağırışı edib. Devid Kamerun açıq şəkildə deyib ki, “İslam Dövləti”nin NATO-ya qonşu olmasından narahatdır.

Əslində iki diqqət çəkən məqam ondan ibarətdir ki, hətta Talibana haradasa kimlərsə açıq şəkildə dəstək versələr də, İŞİD-lə bağlı belə deyil. Heç bu təşkilat ona sahib çıxmaq, hətta adının belə onunla çəkilməsini istəmir. Halbuki, İraqda irəliləyərkən bəzi ərəb ölkələrində bu qruplaşmaya rəğbət göstərənlər özlərini büruzə verdilər.

Aydın məsələdir ki, bütün bunların əsas səbəbi İŞİD-in qanlı yöntəmləridir. Bu qruplaşmanın həddən artıq qəddarlığı, amansızlığı, edamlar, dinc insanlara, hətta qadın və qocalara, uşaqlara belə aman verməməsi ona qarşı qorxu qarışıq nifrət yaratdı.
Eyni zamanda “necə oldu da İslam dini daxilində bu cür düşünən minlərlə insan yetişdi və bir araya gələ bildi” sualının cavabını tapmaqdan ötrü İslam tarixinə nəzərə salmaq lazım gəlir. Belə hesab olunur ki, ötən 1400 illik tarixi mərhələ İslam daxilində müəyyən tarixi və ideoloji proseslərin təsiri ilə radikal, təkfirçi, inkarçı cərəyanlar yaranıb.

Bu cərəyanlar əsasən İslam ümmətinin üzləşdiyi problemlərin səbəbini mövcud cərəyanların, ideoloji görüşlərin təhriflərindən doğduğunu iddia edərək son nəticədə həm xaricə, həm də daxildəki “yolunu azmışlara” qarşı ən sərt münasibəti dinin təmizlənməsi, yəni müqəddəs vəzifə kimi görən cərəyanların formalaşmasına səbəb oldu.

Həm sovet-əfqan müharibəsi, daha sonra ABŞ-ın Əfqanıstana, İraqa müdaxiləsi, son illərdə Suriyada, indi isə İraqda baş verən savaşlar bu cür ideologiyaların güc qazanması, özünü təsdiqi üçün mühüm məqam oldu. Çünki insanlar həm yaranmış böhranı öz gözləri ilə gördülər, həm də bunun çıxış yolu kimi “cihad hərəkatı”na şərait yarandı. Bu isə sözügedən cərəyanın ayaq açması, özünə tərəfdar qazanması üçün mühüm amildir. Nəticə isə göz qabağındadır.

KƏNAN/musavat
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07
S