Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

“Nicat Əliyevin həbsi siyasi sifarişdir”

“Eurovision” əleyhinə disk yaymaqda ittiham olunan gənclərə ağır cəza istənilməsi etirazla qarşılandı
Noyabrın 4-də RATİ-nin Mətbuat Mərkəzində İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə azadxeber.net saytının baş redaktoru Nicat Əliyevin hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib.

Qeyd edək ki, N.Əliyev 2012-ci il mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılsa da, sonradan o və onunla birlikdə həbs olunan daha bir neçə dindara qarşı əlavə maddələr irəli sürülüb.

Ötən həftə keçirilən məhkəmə prosesində prokuror N.Əliyevə 10 il həbs cəzası istəyib.
Nicat Əliyevin vəkili Yalçın İmanov müvəkkilinin həbsini din və ifadə azadlığının boğulması kimi dəyərləndirib. Vəkil N.Əliyevə qarşı irəli sürülən ittihamların saxta olduğunu və həbs olunarkən ona ağır işgəncələr verildiyini bildirib: “Həbs edilən şəxslərin günahı budur ki, ”Eurovision" mahnı müsabiqəsi ərəfəsində keçirilməsi nəzərdə tutulan gey-parada aktiv şəkildə öz etirazlarını bildiriblər. Hesab edirəm ki, Nicat Əliyev ifadə azadlığına görə təqib edilən şəxsdir və həbs edilərkən dəhşətli işgəncələrə məruz qalıb. İşgəncələr zamanı onun iki dişi sındırılmaqla yanaşı, qulaq pərdəsi cırılıb. Bunlar azmış kimi, dövlət ittihamçısı ona qarşı ən ağır cəzanın verilməsini istədi. Bizim gözləntilərimiz təxminən 5-6 il idi. Lakin bu cəzanın istənilməsi bizdə xəyal qırıqlığı yaratdı. Nicat Əliyev özünün sərbəst ifadəsində bildirdi ki, 234.1-ci maddəyə ailəsi vasitəsilə şantaj edildikdən sonra imza atmaq məcburiyyətində qalıb".

Vəkil onu da bildirib ki, Nicat Əliyevin yaymaq istədiyi disklər arasında ruhani Abgül Süleymanov və Tale Bağırovun çıxışları da olub: “Ekspertiza rəy verib ki, guya həmin çıxışlarda milli ədavəti qızışdıran nüanslar var. Halbuki həmin çıxışı edən şəxslərə 10-11 il həbs cəzası verildiyi halda, sözügedən diskləri yayan şəxsə də 10 il həbs cəzası istəyirlər. Nicat Əliyevin evindən götürülən və dini ekstremizm olduğu iddia edilən kitab isə insan orqanizminin aclıqla müalicəsinə aiddir. Baş verənlər onu göstərir ki, siyasi hakimiyyətdən asılı olan Azərbaycan məhkəmələri yaşları 25-27 civarında olan gəncləri ağır cəzaya məhkum etmək istəyir”.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu baş verənləri dindarlara qarşı repressiyaların artması kimi qiymətləndirib: “Neçə gündür ən çox verilən suallardan biri budur ki, 10 il necə cəza verilə bilər? Ağır cinayət törədənlər, qəsdən cinayət törədənlər, insan ölümü ilə nəticələnən hallarda heç 10 il cəza istənilmir. Burada aydın görünür ki, xüsusi bir yanaşma var. Düşünürəm ki, seçkidən sonra dini camiəyə verilən mesajların tərkib hissəsidir. Nicat Əliyevin həbsi siyasi qərardır, siyasi sifarişdir. Bu, dini mühiti olan repressiyanın davamıdır. Mən təəssüf edirəm ki, ölkənin demokratik və vətəndaş cəmiyyətlərinin onluq hissəsi bu gün burada görünmür. Mən təəccüblənirəm, ifadə azadlıqları ilə bağlı ciddi bir mövzu ortadadır, ancaq laqeydlik ortadadır. Bu siyasət Azərbaycanın tolerantlıq və multikulturalizm modeli olması barədə fikirləri dağıdır”.

“Turan” agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin tolerantlıq və multikulturalizmlə bağlı siyasətinin yalan olduğunu deyib. Hakimiyyətin bir marağı var - varlanmaq, təqib etmək, zülm etmək. Bu siyasət iflasa uğrayır, ölkədə böhran dərinləşir və bu vəziyyətdən çıxış yolunu repressiyaların güclənməsində görürlər.

İlahiyyatçı alim Emil Rahiloğlu isə hakimiyyətin dini kəsimə qarşı basqılarının artmasına toxunub: “Məhərrəm ayı gələr-gəlməz rəsmi açıqlama verdilər ki, avtomobillərinin üzərinə dini şüarlar yazılan sürücülər cəzalandırılacaq. Bütün problemlər sanki həll edilib, bircə avtomobillərin üzərindən ”Ya Əli", “Ya Hüseyn” şüarlarının yığışdırılması qalıb".
“Siyasi Məhbuslarsız Azərbaycan Alyansı” İctimai Birliyinin üzvü Elşən Həsənov isə məsələ ilə bağlı vətəndaş cəmiyyətlərini fəallığa çağırıb.

KƏNAN/müsavat
2021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27