Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Binəqədi kəndində bir gün

Yolsuzluq, yoxsulluq, kütləvi işsizlik və bir də mağazalardakı “nisyə dəftərləri”...

“Bakı kəndləri” silsiləsindən növbəti reportajımız Bakının ən qədim və böyük yaşayış məskənlərindən sayılan Binəqədi kəndi haqdadır. Adının mənası haqda birmənalı, dəqiq fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin “binədən qədim” olduğu sübuta yetirilib.

Elə kənd camaatı da eyni fikirdədir. “Binəqədi adı da onun qədimliyinin göstəricisidir, yəni binədən qədim” deyirlər. Ancaq Bakının neftlə zəngin Suraxanı, Balaxanı, Ramana və digər kəndlərində olduğu kimi bu gün Binəqədi kəndində də vəziyyət son dərəcə acınacaqlıdır. Burda da qulaqlarımız ancaq şikayət dolu sözlər eşitdi. Sakinlərin əsas problemi isə işsizlik, kanalizasiyanın yoxluğu və yallardakı problemlərlə bağlı idi. 
Kənd sakini Fəxrəddin Əhmədov bizimlə söhbətində kəndin problemləri haqda öz fikirlərini belə ifadə edir: “Birinci problemimiz yoldur. Yayda toz-torpaqdan, qışda isə palçıq əlindən kənd yollarında hərəkət etmək olmur. Uşaqlara ayaqqabı almaqdan yorulmuşuq. Qış aylarında məktəbə gedən uşaqların ayaqqabısı bu yollarda qalır. Heç kim də problemlərlə maraqlanmır - nə bələdiyyə, nə də icra nümayəndəliyi”.
Kəndin yol problemini fotoaparatın yaddaşına köçürmək üçün həmsöhbətimizdən ayrılıb yolumuza davam edirik. Kəndin əsas yolunda uçub-dağılmış asfalt örtüyü qalsa da, aralıq yollarda vəziyyət daha betərdir. Yol kənarlarında qalaqlanan zibilliklər isə sözün həqiqi mənasında göz dağına çevrilib. Bütün bunlar azmış kimi borulardan axan su onsuz da bərbad vəziyyətdə olan yolları daha acınacaqlı vəziyyətə salıb. 
Qarşımıza çıxan digər kənd sakini Emin Əlibəyov kəndin yolsuzluq dərdinin işsizlik problemini də arxada qoyduğunu söyləyir: “Şəhərin elə yerləri var insanlar içməyə su tapmır. Burda isə neçə aydır ki, baxımsızlıq ucbatından içməli su yollara axır. Yağış yağanda palçıqdan kəndə girmək olmur. Qış aylarında isə vəziyyət daha da dözülməz olur”. 
Binəqədidə sovet hakimiyyəti illərində əhalinin əsas məşğuliyyəti əkinçilik və bir də maldarlıq olub. Ancaq son illər sakinlər bu peşədən də uzaqlaşıblar. Çünki bölgələrdən paytaxta axın otlaq sahələrinin zəbt olunması ilə nəticələnib. Sakinlərin sözlərinə görə, hər il Binəqədiyə bölgələrdən onlarla ailə gəlir: “Onların hamısı da gəlib otlaq sahələrini zəbt ediblər. Ona görə də indi heyvanları otarmaq üçün sahələr yoxdur. Gəlmələrin heç biri də bələdiyyəyə vergi ödəmir. Çünki evlərin çoxu ünvansızdır. Sonda dəyən də bizə, yerli kənd sakinlərinə dəyir. Bir tərəfdən onları da qınamaq olmur, əgər bölgələrdə iş olsa, gəlib burda məskunlaşmazlar. Gəlib Bakı kəndlərindən nisbətən ucuz qiymətə torpaq alıb bir-iki otaqlı ev tikib birtəhər yaşayırlar. Kənd camaatı isə işsizlik əlindən kənddə qalmaq istəmir. Bu gün işsizlik də Binəqədinin əsas problemlərindəndir. Cavanlar bekarçılıqdan vaxtlarını çayxanalarda keçirir. Ciblərində də bir qəpik pul yox...”
Binəqədidə əhalinin sosial problemlərini öyrənmək üçün qapı-qapı gəzməyə ehtiyac yoxdur. Elə kənddə fəaliyyət göstərən ərzaq mağazalarına baş çəkib “nisyə dəftər”ləri ilə maraqlanmaq kifayətdir. Ona görə də kənddə olduğumuz müddətdə yolüstü ərzaq mağazalarından birinə girib adıçəkilən “nisyə dəftər”ləri ilə maraqlanırıq. 
Mağaza sahibi Famil (soyadını açıqlamır) bizimlə söhbətində hazırda 1000 manatdan artıq nisyə mal verdiyini söylədi: “Ayın axırını gözləyirəm ki, camaat maaş və pensiyalarını alıb gətirib versin. Bir tərəfdən nisyə mal verməsəm işləyə bilmirəm, digər tərəfdən də verdiyim malın pulunu sonradan ala bilmirəm. Hər dəfə özümə söz verirəm ki, nisyə mal verməyəcəm. Ancaq sonra baxıram ki, belə alınmır. Camaatın imkanı yoxdur. Əgər pulları olsa heç kim utana-utana gəlib nisyə ərzaq almaz”. 
Həmsöhbətimizin sözlərinə görə, “nisyə dəftəri»ndə dünyasını dəyişmiş insanların da adı olur: “Dəfələrlə olub ki, kimsə gəlib nisyə mal alıb, bir müddət sonra eşidirəm ki, həmin adam dünyasını dəyişib. Tez dəftəri açıb onun adını silirəm. Təsəvvür edirsiz?..”
Əlavə şərhə yəqin ki, ehtiyac qalmır. Bura neft ölkəsidir. Bu acınacaqlı mənzərə də tək Binəqədiyə və Bakının digər kəndlərinə deyil, “gündən-günə inkişaf edən, çiçəklənən” Azərbaycanımızın bütün bölgələrinə xasdır. Hakimiyyət beləcə insanları çörəklə imtahana çəkir...(musavat)

  • Binəqədi kəndində bir gün  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir215/img1499269.JPG' target='_blank'>Yüklə</a>
  • Binəqədi kəndində bir gün  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir215/img1499270.JPG' target='_blank'>Yüklə</a>
1766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37
Yeni doğulan kö