Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Alçaqların təntənəsi

Haqqı, düzgünlüyü müdafiəsiz buraxan adam cinayətə şərikdir

“Narkotiki polis rəisləri satdırır. Satdırır ki, siz ”keflənib" göylərdə uçasız, onlar isə yerin altını - nefti, qazı rahatca sümürüb yesinlər. Sizsə bu “keflərin” hesabına günü-gündən məzlumlaşasız, boynu bükük olasınız, avtobusa 20 qəpik verməyin dərdini çəkəsiniz, onlar isə bahalı maşınlarla küçələrdə şütüsün".
Bu fikirlər Hacı Abgül Süleymanova aiddir. O, bu çıxşı, deyəsən, dörd il əvvəl eləmişdi. Nəticə bu oldu ki, Abgül bəyin özünü Ramazan ayında narkotik və başqa cəfəng şeylərlə şərləyib həbsə yolladılar. Özü də nə az, nə çox - 11 illiyə.
Azərbaycanda narkoşərləmənin tüğyan etdiyi vaxtda Abgül Süleymanovun iqtibas etdiyim fikri vəziyyəti çox sadə və dəqiq izah edir. Düzü bilmirəm, vəziyyəti kimə isə izah etməyə gərək qalıbmı? Çətin. Hamı azdan-çoxdan bu faktı bilir. Indi qalır bu fakta münasibət. Bu münasibətə görə azərbaycanlılar üç kateqoriyaya bölünür: ya onu reallığı dərk edib dəyişməyə çalışmalısan, ya əclaflığı, namərdliyi görməzdən gəlməli, özünü korluğa, lallığa vuralısan, ya da şərin vəkili olmalısan.

2-ci, 3-cü kateqoriyadan olanlar

Haqqı, düzgünlüyü müdafiəsiz buraxan adam cinayətə şərikdir. Hüquqda buna öz hərəkətsizliyi ilə cinayətdə iştirak deyilir. Hər ötən gün də göstərir ki, dəvəquşu yanaşması ilə yaşamaq istəyənlər də sığortalı deyillər, avtoritar rejim onları da əzir, özü də lap pis əzir.
3-cü qrupdan olanlar isə yazıqlardı. Varlığını yaltaqlıq, şərə nökərlik etməklə sürənlər, Xəlil Rzanın təbirincə yazsaq, diri ikən ömrünü başa vuranlardı. Belələri bu dünyalarını da itiriblər, o dünyalarını da. Heç vaxt mərdimazarlıqla, zülmkarın qılıncını itiləməklə yaşayan insan rahat ola bilməz. O, sarayda da yaşasa, vicdanı onu rahat buraxmayacaq. Siz insanın fitrətinə inanın, ən əclaf adam belə vicdanından azad ola bilmir. Vicdan orqanizmin ayrılmaz hissəsidir. Onun bəzən insanı düzgün hərəkət etməyə, ədalətli mövqe tutmağa gücü yetmir. Fəqət vicdanın intiqamı həmişə iş başındadı, oyaqdı. O, onu eşitməyən adamı hər gün, hər an cəzalandırır. Nahaq belə söz deməyiblər, hamıdan qaçsan da özündən qaça bilməzsən. O “öz” deyilən şey vicdandı. O, haqq-hesabını yaxşı bilir. Alçaqlıq edən adamın yeyib-içdiyini bir anın iində burnundan irin-qan edib gətirir. Biz bunu görmürük, düzdü. Gördüyümüz alçaqların təntənəsidir. Ancaq bu mənzərə heç kimi çaşdırmamalıdır.

Sən o əclaflıq illərində nə edirdin, dost?

Çünki, Azərbaycan hakimiyyəti nə qədər kaprizli, inadkar olsa da, tarix onlara görə öz qaydalarını dəyişən deyil. Bu dəyişməz qaydalardan biri də budur ki, bütün diktaturalar məhvə məhkumdur, acı sonluq onların labüd sonudur. Onun bir az gec baş verməsi bizləri təntidə bilər, ancaq bu, qaçılmaz finaldı. Həmin gün və ondan sonra yaşananlar 1-ci kateqoriyadan olanlar üçün bitməyən qürur və güc mənbəyidir. Bir düşünün, diktaturadan sonrakı Azərbaycanda siz nə danışacaqsınız, övladlarınızla, yaxınlarınızla və başqaları ilə? Axı onda bir başqa Azərbaycan olacaq, indiki kimi sual verən ağızlar qapanmayacaq, mövqe tələb edənləri həbsə atmayacaqlar, cəmiyyət narkotiklə yuxuya verilməyəcək. Sizdən soruşacaqlar, “sən o əclaf illərdə nə etdin dostum?, hansı cəbhədə yer aldın?, şərlə mübarizəyə hünərin yox idi, cəhənnəmə, susardın, susmadın, xalqın ləqayətli, mübariz oğlanların şərləməyə qalxdın, niyə?”. Xoş o adamın halına ki, belə gələcəkdən uzaqdır.

Firon da körpə oğlanları öldürürdü...

Çoxlarına namərdlik, çuğulluq, mərdimazarlıq üçün stimulu 37-ci il repressiyalarına müstəqil Azərbaycan zamanı layiqincə qiymətləndirilməməsi verir. Eləcə də xalq hərəkatına qarşı xain və düşmən kəsilənlərin başının sonra boş buraxılması bəzilərinin əclaflığını körükləyir. Düşünürlər, belə gəlib, belə də gedər. Vur, çal, çap! Fəqət, dövr o dövr deyil. Bəşəriyyət öz səhvlərindən öyrənir. Azərbaycanlılar da, onların mübariz kəsimi də dərk edir ki, zülm həm də layiq olan cəzanın verilməməsidir. Caninin bağışlanması humanizm deyil, səhlənkarlıqdır, zülmdü. Bu, təhdid və ya qisasçılığa çağırış deyil, bu, gələcəyə elə bu günə də məsuliyyətlə yanaşmağa dəvətdir.
Heç kim dünyanın ancaq bu gündən ibarət olduğunu düşünməsin. Fironluq eşqinə düşənlər, belələrinə nökərçilik edənlər Fironun aqibətini də unutmamalıdırlar. Fironun da yanındakılar xəbərdar eləmişdilər ki, yerinə başqa bir kişi keçəcək. O, bunu önləmək üçün məmləkətdə doğulan bütün oğlan uşaqların öldürürdü. Axı o vaxt Kürdəxanı yox idi. Amma axırı necə oldu?

Yalansız yaşamaq

Odur ki, sözümüz sözdü. Şərə sitayiş haramdı. Var ümid gələcəyə!
Bu gün azərbaycanlı üçün ən asan və ən təsirli görüləsi iş yalanda iştirak etməməkdi. Yalanla savaşmağa imkanın yetmirsə, onun aləti də olma. Bu ki, çox çətin deyil. Əlinizin altında internet varsa, özünüzə bir dəqiqəlik əziyyət verin, axtarın Soljenitsinin “Yalansız yaşamaq” adlı essesini oxuyun. Görəcəksiniz ki, həyatda belə də yaşamaq olur, həm də cana da, ruha da rahat olan formada.

Natiq Güləhmədoğlu/azadlıq
1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51