Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

“Qanıram axı!”

Bakıda pay-piyada dolaşıb kitab satan Qurban Məmmədov adlı gənci tutdular, cərimələyib buraxdılar. Adını da belə qoydular ki, “bizdə səyyar ticarət qadağandı”.

Bizim isə bu hadisədən aldığımız mesaj daha aydındı: Bu ölkədə kitab oxumaq qadağandı, illah da Qurban satan kitabları! Yəni, məddahlıqdan uzaq, insanı düşündürən, “pis nədi, yaxşı nədi”ni aydınlaşdırmağa vəsilə olan kitabları!

Diqqətli oxucular şahidimdir; şüurlu həyatının demək olar ki, hər gününü kitab oxumaqla keçirən adam kimi, kitabın insanı formalaşdıran əsas vasitə olmasına inamsızam. Təki yanılaydım. Fəqət, gözümüzün önündə neçə nəfər kitab oxuyan, ciddi mütaliəsi olanlar şərə təslim oldu, şərin qulluğunda durdu və durmaqdadı. Həm də onlar oxuya-oxuya bu qənaətə gəlmədilər. Insan şəri məntiqlə seçir. Belələri hesab edir ki, şər daha yaxşıdır, şərlə əməkdaşlıq gərəkdir və s.

Ümidvaram, sizə təzə söz demədim, bilirəm, ürəkbulandırıcıdır, amma dünya belələrindən xali deyil. Istəsəniz, siz də yalanın, zülmün, üzədurmağın, evyıxmağın gözəl əməl olduğunu deyən və bunu yaşayanları görə bilərsiniz.

Belələri ilə hələlik işimiz yox; o adamlardan danışmaq istəyirəm ki, xeyrin və şərin hansı tərəfdə olduğunu bilir, xeyrin daha yaxşı olduğunu da təsdiq edir, ancaq gedib durub şərin yanında, onun üçün əl çalır. Dad beləsinin əlindən...

Deməli, kitab insanı xilas eləmir. Özü ağırlıqda kitab oxuyana da saxta hökm verdirmək, ağa qara yazdırmaq, dedirtmək mümkündürsə, bəs hakimiyyətin oxumuşlara, kitaba bağlı olanlara hikkəsi, qəzəbi nədi?

Təklif edirəm ki, bu işin arxasında duran iqtisadi marağı incələyək. Mənə belə gəlir ki, hakimiyyət səngəri dəyişən oxumuşların “otuna-suyuna” daha çox pul xərcləyir və bu, onları qəzəbləndirir. Başqa variantınız varsa, yazın, müzakirə edərik.

Bu yerdə mövzumuzla tam əlaqəli formada, vicdan məhbusu Qurban Məmmədovun bir çıxışını xatırladım. Məqamdı, dünən AXCP Sabirabad şöbəsi yaranışının 25 illiyini qeyd elədi və bu sətirlərin arasında Qurban bəyə təbrik yollayaq. Çünki Qurban bəy AXC-nin Sabirabad şöbəsinin ilk sədri olub. Elə həmin vaxt o, siyasi məhbus həyatı yaşamışdı. Ittiham nə idi, bilirsinizmi? Milli, indiki üçrəngli bayrağı “Raykom”un önündən asması! Belə bir insan indi qondarma maddələrlə həbsdədi. Onun məhkəmədə dediyi bir ibrətlik məsəli təkrar oxuyaq:

“Bu məhkəmələrin belə təşkil edilməsində bir siyasi məqsəd var. Hökumət istəyir ki, siyasiləri millətdən incik salsınlar. Bu cinayət işlərində adı keçən müstəntiq, hal şahidi, prokuror, hakim - hamısı əxlaqdan, ədəbdən milli qeyrətdən kənar adamlardı. Belə şeyləri görəndə istər-istəməz adamın qəlbində bir hiss baş qaldırır ki, mən kimlərin azadlığı, firavan həyatı uğrunda mübarizə aparıram, kül mənim başıma. Bu mənzərə çoxlarını mənən sındırır. Bu, hakimiyyətin düşünülmüş, millətdən iyrəndirmə taktikasıdır. Cavanları başa salmaq lazımdır ki, bu cür ütüklər millətin, xalqın təmsilçisi ola bilməz. Qoy, lap bir milyonumuz belə yaltaq-yultaq, mənəviyyatsız olsun, biz yerdə qalanlar üçün mübarizədəyik. Hətta bir nəfər haqqı pozulan ləyaqətli insanımız varsa, onun naminə mübarizə aparılmalıdır, aparılacaq da”.

Nəsə əlavə etsək, yamaq olacaq. Zəlil günə salınan millətdən, xalqdan inciməyə, iyrənməyə dəyməz. Ona dizi üstə qalxmağa kömək eləmək lazımdı, gerisini o özü bacaracaq.

Və sonda, kitab düşməni kimi görünməmək üçün bir xatirə...

Şirvanda bizim bir möhtərəm cəbhəçimiz vardı - Seyid Mirbalabəy!

Seyid atamın tələbəlik dostu, həm də həkimiydi. Atam da, o da ürək xəstəsi idi, siqaret tüstüsündə bir-birini boğa-boğa sağlamlıqdan başqa çox şeydən danışardılar. Bir dəfə doktorgildəydik. O, kitablara marağımı görüb evin dörd bir yanına səpələnən kitablara işarə edib dedi: “Qardaşoğlu, bu kitablarla evdəkiləri də bezdirmişəm, ağlım kəsəndən oxuyuram. Ancaq bəzən də düşünürəm, hə, noolsun, Mirbalabəy?!

Sonra da tez cavabımı özüm verirəm: başqalarından fərqli olaraq, mən qanıram axı!"

Ruhun şad olsun, doktor!

Doğrudan da bu dünyada qanmadan yaşamaqdan böyük bədbəxtlik yoxdu. Ən azı, qanmaq üçün oxumaq lazımdı!

Natiq Güləhmədoğlu/azadlıq
1269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat