Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2014

Leyla Yunusa kamerada təzyiq edən gəncəli kimdir?

Yaşar İsaqov: “Onun iddiaları tamamilə əsassızdır”; Cavad Cavadov: “Belə şeylə zarafat etmək olmaz...”

Xəbər verdiyimiz kimi, həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus özü kimi həbsə alınmış həyat yoldaşı Arif Yunusa açıq məktub ünvanlayıb. Məktubdakı sentimental məqamlarla yanaşı, hüquq müdafiəçisinin həbsxanadakı dözülməz şəraiti barədə dedikləri də diqqət çəkir.

Məktubdakı məhz həmin məqamları yada salaq: “Əzizim Arif, bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq. Mənim əzizim, məgər sən bilmirsənmi ki, mən hər şeyə dözərəm: həm, dəhşətli fiziki ağrılara (soyuq su məndə ciddi soyuqdəymə də yaradıb), həm kameradakı köhnə stajlı cinayətkarın təzyiqlərinə (yeri gəlmişkən, o, gəncəlidir və yenə də bizim Gəncə bizi məyus etməkdədir), həm də prokurorluqdakıların vizitlərinə. Mən yeməyin olmamasına da dözürəm (bilirəm ki, sənə də bir şey gətirməyə imkan vermirlər, mələfələri dəyişmirlər və dərmanların da yoxdur). Dərmansız və yeməksiz qalmışam”.

Göründüyü kimi, məktubda xeyli ciddi qanun pozuntularından və mənəvi işgəncədən söhbət gedir. Məlum olur ki, türmədə köhnə stajlı qadın məhbuslardan biri L.Yunusa təzyiq göstərir. Bundan başqa, ona dərman və yeməkləri çatdırılmır, həyat yoldaşına da eyni qaydada mənəvi təzyiq edilir.

Biz də bu iddialara cavab almaq, hüquq müdafiəçisinin şikayətlərinin araşdırılıb-araşdırılmadığını öyrənmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Yaşar İsaqov bildirdi ki, L.Yunusun yazdıqları həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Penitensiar xidməti artıq bəyan edib ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda saxlanma şəraiti ilə bağlı problem mövcud deyil: “Təqsirləndirilən şəxs Leyla Yunusun həyat yoldaşına ünvanladığı məktubda saxlanıldığı kamerada su, hava, qida və dərman çatışmazlığı, fiiziki işgəncə və sovqatla bağlı toxunduğu məqamlar tamamilə əsassızdır.

Digər təqsirləndirilən şəxslər kimi Leyla Yunus da ”Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" AR Qanununda nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edir. Təcridxananın bütün kameraları Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axını və içməli su ilə təmin edilir".

L.Yunusun vəkili Cavad Cavadov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhbus qadının ona təzyiqləri ilə bağlı detallarla mediaya yolladığı son məktub vasitəsilə xəbər tutub: “Bu gün onunla görüşdüm. Amma həmin məsələni detalları ilə soruşmağı unutdum. Bilirəm ki, kamerada 6 nəfər qalırlar. Mənə daha öncə bildirmişdi ki, məhbuslardan biri onu ciddi narahat edir, bezdirir. Detalları bildirməmişdi. Növbəti görüşümdə bu məsələni dəqiqliklə öyrənəcəyəm”.

C.Cavadov onu da dedi ki, L.Yunusa hələ də qida və dərman ötürülmür: “Unudurlar ki, Leyla Yunus şəkər xəstəsidir. Onunla belə zarafat edirlər. Belə şeylə zarafat etmək olmaz. Şəkər xəstəsinin dərman və qidasını verməmək onu ölümə aparmaq deməkdir”.
“Yeni Müsavat” isə xatırladır ki, daha öncə məşhur qadın məhbuslardan olan sabiq deputat Gülər Əhmədovanın nümunəsində bu halın tamamilə əksi baş verirdi. Belə ki, sabiq deputatla eyni kamerada saxlanan qadının ona qulluq etməsi, yardımçı olması kimi məlumatlar həmin vaxt mediada yer almışdı. İstisna edilmir ki, L.Yunusun şikayətləndiyi qadın məhbus öyrədilmiş olsun və hüquq müdafiəçisinə mənəvi təzyiq göstərmək üçün sifariş alsın. Hər halda bu, L.Yunusun növbəti məktublarında üzə çıxacaq. /musavat/
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber