Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Məhkəmədə «Gülərgeyt» olayının sirləri açıldı

Sevinc Babayevanın oğlu Gülər Əhmədova ilə bağlı şok açıqlamalar verdi
Ayxan Məmmədov: «Anam görüşdən sonra gəldi dedi ki, Gülər mənə bilet alıb, gedirəm Türkiyəyə»

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, prosesdə şahid ifadələri dinlənilib. 

İlk əvvəl Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib. O bildirib ki, anası S. Babayeva əvvəllər Gülər Əhmədova ilə yaxın rəfiqə olub. “2005-ci ildə Elşad Sbdullayevin deputat seçilməsi ilə bağlı olan pul söhbətindən sonra anamla G.Əhmədovanın münasibətləri pisləşib: “Bir neçə ildən sonra anam dedi ki, Gülər ona zəng edib deyir ki, görüşsünlər. Mən də dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam dedi ki, Elşadla olan pul söhbəti ilə bağlı videonu yaysalar həm mən, həm də Gülər pis vəziyyətdə qalacağıq. Mənə zəng etdi ki, sən də gəl “Domsovet”ə Gülərlə görüşək. Mən getmədim. Anam görüşdən sonra gəldi dedi ki, Gülər mənə bilet alıb, gedirəm Türkiyəyə. Mən getməsinə etiraz etsəm də, anam razılaşmadı”. A.Məmmədov əlavə etdi ki, anası gedən zaman səhhəti yaxşı deyildi.

“Gülər dedi ki, səbrli ol, vəzifəlilərin adını çəkmə”

O bildirdi ki, 2012-ci noyabrın 11-də Türkiyəyə anasının yanına gedib. “Hava limanında məni Gülər Əhmədovanın tanışı olan Səlcuq Ağlayanın oğlu qarşılayaraq anamın yanına apardı. Anama Bakıya getməyi təklif etdim, amma razılaşmadı ki, Gülər icazə vermir. Sonra getdik çörək yeməyə və anam orada Gülər Əhmədova ilə Skaypla danışdı. Söhbət zamanı anam bəzi vəzifəli şəxslərin adını çəkdiyinə görə, Gülər anama dedi ki, ad çəkmə, səbrli ol, mən deyəndə qayıdarsan Bakıya. Qayıdandan prokurorluğa getdim ki, anamı gətirmək istəyirəm, dedilər gəlib ifadə versin, tutmayacağıq. Mən də Gülər xanıma zəng etdim, soruşdum ki, bu nə məsələdir? Ona anamı Azərbaycana gətirmək istədiyimi bildirdim. O isə dedi ki, anan gələn kimi onu həbs edəcəklər. Soruşdum ki, nə üçün? Cavab verdi ki, bir neçə il əvvəl torpaq söhbəti olub. Sonra da mən yenidən Türkiyəyə getmək istədim. Lakin ölkədən çıxmağıma qadağa qoymuşdular”.

“Səlcuq qorxduğu üçün pulu götürmədi”

Daha sonra A.Məmmədov dövlət ittihamçısının suallarını cavablandırdı. O, bildirib ki, G.Əhmədova anasına Türkiyədə onu maddi cəhətdən təmin edəcəyi barədə söz verib: “Mən Türkiyədə olanda anamın sənədləri özündə idi. Lakin anam həmin sənədlərdən istifadə edərək xəstəxanalarda yoxlamadan keçə bilmədiyini deyirdi. “Səlcuq mənə zəng edib dedi ki, anan xəstəxanadadır, vəziyyəti pisdir, 16 min dollar götür, gəl. Mən də nənəmi götürüb, Gülər xanımgilə getdim. Orda olanda Səlcuq mənə “Başın sağ olsun, anan rəhmətə getdi” məzmunlu mesaj yazdı. Sən demə iki gün əvvəl ölübmüş, mənə sonra deyiblər. Mən də oradan çıxıb, prokurorluğa getdim. Bundan sonra Gülər Əhmədova nənəmə 20 min dollar verib. Həmin pul Səlcuq Ağlayana çatmalı idi. Lakin Səlcuq qorxduğu üçün pulu götürmədi. Həmin pul anamın yas mərasiminə xərcləndi”. A. Məmmədov daha sonra dedi ki, anası S. Ağlayanı G. Əhmədova vasitəsilə tanıyıb: “Anamı Türkiyədə Gülər xanım saxlayırdı”.

Sevinc Babayevanın ölümü ilə bağlı cinayət işi rədd edilib

Prosesin bu məqamında G. Əhmədovanın vəkili Əfsər Talıbov Ayxana müraciət edərək, anasının ölümündə G. Əhmədovanın günahlandırmasının səbəbini soruşdu. Dövlət ittihamçısı Eldar Həmzəyev isə elan etdi ki, S. Babayevanın ölümü ilə bağlı cinayət işi istintaq orqanı tərəfindən rədd edilib. Onun xəstəlikdən ölməsi müəyyənləşib. Vəkil sual verən zaman A.Məmmədov onun səsinin tonuna irad bildirərək, qışqırmamasını tələb etdi. 

Daha sonra A. Məmmədov G. Əhmədovanın suallarını cavablandırdı. O bildirib ki, 2005-ci ildən sonra anasının G. Əhmədovaya münasibəti pis olub: “Çünki anamın çörəyinə bais oldun. Elşadla aralarını vurdun. Bundan sonra anam bədbəxt oldu, hər şey əlindən çıxdı. Ona kimi anam universitetə tələbələr düzəldib pul qazanırdı”.

“Oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram”

A. Məmmədov onu da dedi ki, anası Türkiyədə olanda ona Azərbaycana qayıdacağı halda G. Əhmədova ilə birgə həbs olunacağını deyib: “Anam sizə inanırdı. Onu Türkiyəyə siz göndərmişdiniz, siz də məsuliyyət daşıyırdınız. Siz anama demişdiniz ki, ikinizi də tutacaqlar, ona görə də anam məcbur olub Türkiyəyə getdi. Başqa nə edə bilərdi ki? Mən hər şeyi bilirəm”. G. Əhmədova isə ona cavab olaraq bildirdi kİ. S. Babayeva ilə söhbət edəndə Ayxan onların yanında olmayıb. “Sən bizim nə danışdığımızı, ananın nə danışdığını bilmirsən. Oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram. Sənin ananın qolunda “Allahu-əkbər” yazılan döymə vardı. Onu xatırlayırsan?” Ayxan isə ona “Xatırlayıram, amma nə ilə bağlı olduğunu bilmirəm”.
Bu vaxt G. Əhmədova hakimdən Ayxanın ona yaxınlaşmasını, həmin döymənin mənasını onun qulağına demək istədiyini söylədi. Hakim isə buna icazə verməyib, məsələyə aidiyyəti olmadığını bildirdi.
Gülər Əhmədova Ayxana suallar verərək, Sevinc Babayevanın Bakıda yeni tikilidə evləri, “AudiQ7”, «Hummer», «Mercedes», «Prado», «Lexus» və s. bahalı avtomobilləri nə vaxt aldığını soruşdu. Ayxan cavabında bütün bunları 2005-ci ildən sonra alındığını və sonradan hamısının satıldığını dedi.

“”Təvəkkül” Universitetinin tələbəsiyəm”

Hakimlərin sualına cavab olaraq A. Məmmədov bildirdi ki, anası E. Abdullayevdən deputat seçilməsi üçün iki dəfə pul alıb və G. Əhmədovaya verib. Hakim ondan təhsilini soruşdu. A.Məmmədov bildirdi ki, “Təvəkkül” Universitetinin tələbəsi olub. Hakim “bəlkə “Təfəkkür” universiteti demək istəyirsən? İş ondadır ki, sənin istintaqa ifadəndə də müstəntiq təhsilinlə bağlı elə sənin dediyin kimi “Təvəkkül” universiteti yazıb. 
A.Məmmədovun məhkəməyə dedikləri ilə istintaqdakı ifadəsi ziddiyyət təşkil etdiyi üçün onun istintaqa ifadəsi səsləndirilib. O istintaqa bildirib ki, anası Türkiyəyə gedəndə G. Əhmədovanın əlaqə nömrəsini ona verib və harada olacağını zəng edib ondan soruşmasını istəyib: “Həmin gecə məlum videolar yayıldı. Mən videoya baxandan sonra Gülər Əhmədovaya zəng edib, onu sorğu-suala tutdum. Gülər Əhmədova videonun saxta olduğunu, anamın müalicə alıb qayıdacağını bildirdi“.
Ayxan ifadəsində onu da deyib ki, Anası evlərini və bahalı maşınlarını satmasının səbəbi Azərbaycan Beynəlxalq Universitetinə qəbul etdirdiyi tələbələr diplom ala bilmədikləri üçün pullarını tələb etmələri ilə bağlı olub.

«Sevinc Babayeva ilə yaxın münasibətim olub»

Daha sonra prosesdə Vidadi Qədirov ifadə verdi. O bildirdi ki, Sevinc Babayeva ilə yaxın münasibətləri olub. Hakimin «necə yaxın münasibət?» sualına şahid belə cavab verdi: “Kişi qadın münasibətləri necə olursa, elə”. O bildirib ki, 1998-ci ildən 2004-cü ilədək Sevinclə birlikdə yaşayıb. “Ayxan nənəsigillə yaşayırdı. 2004-cü ildən biz dostcasına ayrılmışıq. Bundan sonra Sevinc Babayeva ilə telefonla danışığımız olub, hansısa çətinliyə düşəndə, xüsusilə oğlu ilə bağlı problem olanda mənə zəng edirdi. Oğlunun məktəb xərclərini mən çəkmişəm, əsgərliyə mən yola salmışam”.
Şahid qeyd etdi ki, Elşad Abdullayev məlum videonu yayanda S. Babayevaya zəng etsə də telefonu bağlı olub. “Ona görə də onun oğlu Ayxan Məmmədovla əlaqə saxladım. Ayxan bildirdi ki, anası Türkiyəyə gedib. Ayxanın vasitəsi ilə Sevinc Babayeva ilə əlaqə saxladım. Həmin vaxt Sevinc mənə dedi ki, mənə kömək edə bilərsən? Mən də soruşdum ki, sənə nə kömək edə bilərəm? Gəl, Bakıya prokurorluqda izahatını alacaqlar, sənə heç kim heç nə etməyəcək. Amma o, Azərbaycana gəlmədi".

“Sevinc hər zaman da deyirdi ki, sağ olsun Elşad”

V.Qədirov daha sonra qeyd etdi ki, ikinci dəfə S. Babayeva özü ona zəng edib: "Sevinc dedi ki, məni burdan çıxar. Amma mən ona dedim ki, gəl Azərbaycana, heç bir problem olmayacaq. Dedi ki, Azərbayacan gəlməyə qorxuram. Gəlsəm, həbs ediləcəm” - deyən şahid vurğuladı ki, Sevincin danışığından belə anlaşılıb ki, qeyri-leqal yolla Azərbaycana qayıtmaq istəyirmiş. 
Qədirov daha sonra qeyd etdi ki, S. Babayevanın maddi imkanı 2005-ci ildən sonar daha yaxşı olub. “Əvəllər birlikdə yaşayarkən mən ona maddi köməklik göstərirdim. Pal-paltar, zinət əşyaları, hətta VAZ 21 099 markalı avtomobil də almışdım. Amma 2005-ci ildən sonra imkanları artdı, şəhərdə yeni tikililərdə evlər, bahalı avtomobillər aldı, hər zaman da deyirdi ki, sağ olsun Elşad”.

“Müstəntiq dedi ki, xaricdə olunan ekspertizanı tanımayacağıq”

Şahid qismində ifadə verən Səyyarə Heydərova isə bildirib ki, Gülər Əhmədovanın oğlanları Toğrul və Orxanı tanıyır. O bildirdi ki, Elşad Abdullayevin yaydığı videomaterialların montaj olunduğu barədə mətbuata açıqlama verib. Şahid bildirib ki, bununla bağlı rusiyalı ekspertlə danışıb, ekspert də videoların montaj olduğunu açıqlayıb. Lakin sonradan Gülər Əhmədova rəyi almaqdan imtina edib.
Gülər Əhmədova isə bildirdi ki, istintaq zamanı müstəntiq ona bildirib ki, Azərbaycandan kənarda edilən ekspertizaya xərc çəkməyinə dəyməz, onu tanımayacağıq . “Bu səbəbdən də mən həmin rəyi almaqdan imtina etdim, amma gördüyü işlərə görə Səyyarəyə təşəkkür edirəm” - Əhmədova bildirdi.

“Sevincin Gülər Əhmədova ilə danışdığını bilmirdim”

Daha sonra şahid qismində Namiq Muradov və Nazim İsmayılov ifadə verdilər. Onlar Türkiyədə Sabiha Gökçən Hava Limanında Sevinc Babayevanı gördüklərini bildirdilər. Onların sözlərinə görə S. Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib: “Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlardan istifadə etmək istədi. Biz də kömək etdik”. Namiq Muradov bildirdi ki, Sevinc onların telefonu ilə Bakıda bir xanımla əlaqə saxlayıb və ona Gülər deyə müraciət etdiyini eşidib. “Ancaq onun danışdığınını məhz Gülər Əhmədova olduğunu bilmirdim” - deyə şahid qeyd etdi. Nazim İsmayılov isə ümumiyyətlə Sevincin kiminlə danışdığını bilmədiyini vurğuladı. 

“Sevinc Babayevaya bileti mən almışam”

Şahid Rüfət Hüseynov ifadəsində G. Əhmədovanın oğlu Toğrul Əhmədovla dost olduğunu deyib. “Toğrul mənə zəng edib dedi ki, anası xəstədir, Gürcüstana gedəcəklər. Məndən onları aparmağı xahiş elədi. Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar. Fikrət Əhmədova, Gülər Əhmədovaya dərman içməyə belə imkan vermədilər. Sonradan bizi ayrı-ayrı maşınlarda Bakıya gətirdilər.

R. Hüseynov dedi ki, S. Babayevanın Türkiyəyə gediş biletini də o alıb: “Əvvəldən onunla tanışlığımız vardı. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim”. Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə elan olundu. İfadədə R. Hüseynov S. Babayevaya bileti T. Əhmədovun göstərişi əsasında aldığını deyib. Ancaq şahid məhkəmədə bunu təsdiq etməyib və bildirib ki, müstəntiq ifadəsini təhrif edərək yazıb. Bununla bağlı məhkəməyə yazılı müraciət etdiyini qeyd etdi.
Digər şahidlər məhkəməyə gəlmədiklərinə görə, proses 7 noyabr saat 10.30-a təyin edilib./bizimyol/
1989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber