Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2014

İnqilabi dəyişiklik zərurəti və Əliyev rejiminin aqoniyası

Repressiyaların indiki mərhələsinin əsas səbəbləri barədə bir neçə söz

Ümumiyyətlə, ölkədə cəmiyyətin fəal zümrəsi olan bloqerlərə, hüquq müdafiəçilərinə, vəkillərə, jurnalistlərə qarşı rejimin təqibləri Azərbaycan üçün yenilik deyil. Hətta Əliyev rejiminin sələfi olan SSRI dövrünü yaşayanlar da cəmiyyətə qarşı repressiyaları o zamanlardan xatırlayırlar.

SSRI-nin çöküşündən sonra isə bir çox xalqlar yeni həyat, yeni sivil cəmiyyət quruculuğuna başladılar, gələcək nəsillər haqqında daha aydın planlar düşündülər və tətbiq etməkdədirlər. Amma təəssüf ki, biz, azərbaycanlılar olaraq, bu yeni quruculuq planlarından uzaqda qalan və sovetizmdən imtina edə bilməyən sovet xalqlarının arasındayıq. Buna görə də, indi, müstəqil dövlətin vətəndaşları olaraq Sovet repressiyalarını görməyən vətəndaşlarımızı həmin repressiyalarla, həmin dəhşətlərlə tanış etməkdəyik.

Əliyev sülaləsinin 45 il ərzində Azərbaycan xalqından çırpışdırdıqları haqqında danışmaq istəmirəm, bu barədə çox yazılır və deyilir.
Amma bu sülalə oğurluqları arasında ən dəhşətlisi budur ki, bu rejim bizim xalqımızın, gəncliyin, milyonlarla insanın həyatını oğurlamaqdadır.
Yəqin ki, hər kəsə tanış olan bir situasiyanı misal çəkəcəyəm. Dünyaya uşaq gətirməkdə olan anaların qarşısında bəzən belə bir seçim olur: ya uşağın həyatı, ya da ananın. Buna bənzər bütün hallarda qərar vermək iqtidarında olan analar körpənin həyatını seçirlər. Bu seçimin başlıca məntiqi- yeni bir həyatın başlanmasına verilən dəyərdir.

Əliyev rejimi özünü xilas etmək naminə həyatları məhv etməkdədir, yeniliyi öldürməkdədir. Və yalnız bu deyil. Onlar insanların həyatı üzərində sərəncam verməyə aludə olublar və bu pis vərdiş Azərbaycan xalqının fəlakətlərini gündən-günə artırmaqdadır.

***

Amma rejimin son aqoniyasına qayıtmaq istəyirəm. Bunlar on illər boyunca susdurmaq istəyirlər, məhv edirlər, qovurlar, həbsxanalarda çürüdürlər... amma alınmır. Insanlar müqavimət göstərməkdədir. Müqavimət də, müqavimət potensialı da tükənmir. Insanlar etiraz edirlər. Əliyev rejimi üçün daha təhlükəli situasiyalar yaradırlar. Onlar ələ keçirdikləri, qəsb etdikləri hakimiyyətdə özlərini heç zaman rahat hiss edə bilmirlər. Cəmiyyətdə daha çox nifrət və daha çox qisasçılıq hissi alovlanmaqdadır. Onlar bu qisas hissindən qorxurlar. Bu qorxu da onları daha aqressiv edir və yeni iştaha ilə yeni repressiya dalğaları ilə xalqın qarşısına çıxırlar.

Diktatorların hamısında repressiyaların əsas motivi bu duyğu olub: onlar qisasdan qorxublar! Son repressiya dalğasının da bir səbəbi, həm də daimi səbəbi budur.

***

Indiki repressiya şiddətinin bəzi başqa detalları üzərində də dayanmaq istərdim. Ola bilsin, kimlərsə bunu subyektiv də dəyərləndirə bilər. Amma hər halda, bu səbəbələr barədə hər kəs öz fikirlərini bölüşə bilər...

Ilk sırada, yəqin ki, Ukrayna hadisələrinin xofu dayanır. Ukraynada rejimin dəyişməsindən sonra baş verən proseslər ilk zamanlarda yapçıları, sanki dəmir məntiqlə silahlandırırdı. Amma Ukrayna ordusunun Şərqdəki qələbələri genişləndikcə postsovet ölkələrindəki diktatura rejimlərini (Rusiya daxil olmaqla) yuxusu qaçmaqdadır. Azərbaycanda da daha əminliklə qorxmağa başlayıblar ki, bu dəyişikliklər dalğası onları da haqlayacaq.

***

Ikinci və çox ciddi səbəblərdən biri Ilham Əliyevin AŞ PA-da Nazirlər kabinetinə rəhbərlik edən ölkə prezidenti kimi deputatlar qarşısında çıxışı zamanı yaranan situasiyadır. Yəqin hər kəs o situasiyanı bir daha gözlərinin önündə canlandıra bilər. Bir qrup azərbaycanlı mühacir ölkədəki insan haqları pozuntularına etiraz əlaməti olaraq toplantı zalında nümayişkaranə şəkildə ağızlarını skoçlayıb bütün Avropa deputatlarının diqqətini Ilham Əliyevin çıxışına deyil, özlərinə yönəltdilər.
Bu aksiya Azərbaycan diktaturasının şərəfinə toxunmuşdu. Axı, bu diktaturanın lideri başqa şəraitə öyrəncəlidir. O danışacaq, hamı ya susacaq, ya da əl çalacaq, onun zəkasına məftunluq ifadə edən yaltaq baxışların altında məst olacaq.

Amma indi onun sözünü kəsirlər və diqqəti ondan qoparıb orada, yuxarıda etiraz edən Azərbaycanlı gənclərə yönəldirlər.
Amma axı, bütün bu illər ərzində orada başqa mənzərələr olurdu. Kürü və başqa məziyyətlərlə, pulla, rüşvətlə ələ alınana neçə-neçə sıyıq gözlü deputatlar vardı. Onlar diktatorun özünün və təmsilçilərinin çıxışlarını yağ kimi ötürürdülər. Bu dəfə, həm də çox əhəmiyyətli bir mərhələdə, diktator özünü bütün Avropanın fatehi zənn edərək Napaleonu da bir az o tərəfə itələmək istədiyi zamanda, ona fərqli situasiyanı göstərir və çıxışına yenidən başlamağa məcbur edirlər.
O bundan qəzəbləndi və ölkəsinə qayıdan kimi cəmiyyətə divan tutmağa başladı.
Bax, bu ikinci detal repressiyaların çox ciddi səbəblərindən biridir.

***

Amma cəmiyyət ani olaraq özünü taqətdən düşmüş saya bilər. Bu, heç bir halda diktaturanın Azərbaycan xalqını məğlub etdiyi anlamına gələ bilməz. Millətin böyük potensialı 45 illik deyil, hətta 100 illik diktaturanın da kürəyini yerə qoya biləcək qədər qüdrətlidir. Buna kimsənin şübhəsi ola bilməz!

İsa Sadıqov /azadlıq
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber